Sevinc ana gənc yaşında həyat yoldaşını avtomobil qəzasında itirdikdən sonra min bir əziyyətlə iki övladını təkbaşına böyüdüb. Oğulları Əli və İslam hərbi xidmətlərini başa vursa da, Vətənə bağlılıqları, hərb sənətinə olan vurğunluqları onları yenidən hərbiçi paltarı geyinməyə sövq edir. MAXE ( müddətdən artıq xidmət edən hərbi quuluqçu) olaraq Vətən naminə yaşayırlar igid qardaşlar! Əli 2011-2015-ci illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə fakültəsində təhsil alıb. 2015-2016-cı illərdə Azərbaycan Ordusunun nümayəndəsi kimi sülhməramlı kontingentin tərkibində Əfqanıstanda xidmət edib. 2017-ci ildən MAXE kimi öz istəyi ilə sərhəd bölgəsində xidmətə yollanıb.
Kiçik çavuş Əli Əhmədov Vətən müharibəsində mərdliklə döyüşüb. Səngər yoldaşının dediyinə görə, o, bir neçə dəfə yaralansa da, hərbi hospitala aparılmağına etiraz edərək döyüşə davam edib. Əli müharibənin ilk günündə Tərtər istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub. İslam uşaq yaşlarından idmana böyük maraq göstərib. Avarçəkmə, kikboksinqlə məşğul olub. Lakin Vətənə olan sevgisinə görə qardaşı kimi hərbiçi peşəsini seçib. Əsgərlikdən qayıtdıqdan sonra MAXE kimi Yevlax rayonundakı “N” saylı hərbi hissədə xidmətə başlayıb. O, yoldaşları arasında mehriban xasiyyəti, ürəyiaçıqlığı ilə seçilib. Bir sıra medal və sertifikatlarla təltif olunub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə sidq ürəklə, cəsarətlə yollanıb İslam: eynən qardaşı Əli kimi… Müharibənin ilk günü Suqovuşanın azadlığı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Şəhid qardaşlar Mingəçevir şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Sevinc ananı ziyarətimiz zamanı göz yaşı içində qeyd etdi ki, Əlinin toyuna hazırlaşırmışlar: “İslam subay idi, Əliyə nişan aparmışdıq. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”. Hər iki qardaşın çalışaraq tikdikləri bu ev hazırda Mingəçevir şəhərində qəhrəman qardaşların ev muzeyinə dönüb.
Qəhrəmanlıqlarıyla adlarını Azərbaycan tarixinə əbədi həkk etdirən şəhid qardaşlarımızın anası Sevinc ananı ziyarətə yol -inşaat mühəndisi, hər zaman şəhid ailələrinin və aztəminatlı insanların yanında olan Hacı Abbas Xıdırovla birlikdə getmişdik. Söhbətimiz əsnasında saçı dağların qarı, üzü ulu günəşin nuru olan Sevinc ana bizim haradan olduğumuzu soruşdu. “Kəlbəcərliyik” deyəndə sanki göynərtisi təzələndi. Bilsəydim, başqa bir bölgəmizin adını çəkərdim… Bir az ağladıqdan sonra birtəhər özünü toparlayan Sevinc ana kövrək səslə dedi: “Əlinin nişanlısı da kəlbəcərli idi”.
Fəxrisən doğmanın, yadın,
Qürurla çəkilir adın.
Vətəndir iki övladın,
Mətin dayan, Sevinc ana!
Demə taleyi acısan,
Bu Zəfərin əlacısan.
El- obanın baş tacısan,
Mətin dayan, Sevinc ana!
Vermədin ömrü boşa sən,
Kəlbəcər, Laçın, Şuşasan.
Azərbaycanla qoşasan,
Mətin dayan, Sevinc ana!
Səni ağır dərd ucaltdı,
Əliylə İslam qocaltdı.
Ocağın Kəbəyə çatdı,
Mətin dayan, Sevinc ana!
Çıxmaz yaddan dərdi- sərin,
Vətən boydadı dəyərin.
Tarix yazdı igidlərin,
Mətin dayan, Sevinc ana!
Samir Mustafayev.,
19.06.2024