İctimai Birliyin layihəsi başa çatdı-Yeni saytın isə təqdimatı oldu-FOTOLAR

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsini uğurla başa çatdırıb.

Kanal32.az xəbər verir ki, əsas məqsədi xüsusi qabiliyyətə malik məktəblilərin istedadlarının davamlı inkişafına dəstək göstərilməsi, onların cəmiyyətə tanıdılması, intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması olan layihənin yekun tədbiri paytaxtın T. Məmmədov adına 239 nömrəli tam orta məktəbində keçirilib.

Millət vəkilləri, təhsil işçiləri, QHT rəhbərləri və media nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri giriş sözü ilə açan “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə layihə çərçivəsində yaradılan “Chevik.az” saytının əhəmiyyətini vurğulamaqla görülmüş işlər barədə geniş məlumat verib.

Layihə rəhbəri, “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva layihənin məqsəd və vəzifələrindən söz açıb, onun pedaqoji ictimaiyyət tərəfindən maraqla qarşlandığını bildirib. Təhsilalanların bilavasitə iştirakı ilə və QHT-nin nəzarəti altında fəaliyyət göstərəcək saytda “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı”, “Vakansiyalar” kimi rubrikaların yer alacağı, bu rubrikaların məhz yeniyetmə və gənclərin yaradıcı əməyinin məhsulu olacağı qeyd edilib.

QHT sədri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi istedada malik 20 məktəblini yeni yaradılan saytın yaradıcı heyətinə təqdim etməklə layihənin gerçəkləşməsində yaxından köməklik göstərdiyini, bu gənclərlə tanışlıq məqsədiə qısametrajlı video- rolik hazırlandığını diqqətə çatdırıb.

Millət vəkilləri – Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri Etibar Əliyev və Müşfiq Məmmədli çıxış edərək, layihə çərçivəsində həyata keçirilmiş tədbirlərin əhəmiyyətini qeyd ediblər, yeni saytın məktəblilərin asudə vaxtının səmərəli təşkilinə töhfə verəcəyinə, sosial şəbəkələrdən istifadə zamanı yeniyetmə və gənclərdə ünsiyyət mədəniyyətinin, faydalı məlumatların əldə edilməsi bacarığının formalaşmasına xidmət göstərəcəyinə, həmçinin elmi biliklərin təhsilalanların özləri tərəfindən təbliğinə şərait yaranacağına ümid bəslədiklərini bildiriblər.

Tədbirdə çıxış edən “JAVANCHİP” MMC-nin durektoru Mahmud Mahmudov və şirkətin biznes departamentinin rəhbəri Abdulla Atayev saytın texniki imkanları barədə ətraflı məlumat veriblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Sevinc Əzimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yanında İctimai Şuranın üzvü, hüquqşünas Fariz Əkbərov, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, ilahiyyatçı Rahim İsmayılov, “Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyin sədri Fatimə Hacıbəyli, “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyin sədri, psixoloq Ruhiyyə Məmmədova, Milli Dəyərlər üzrə Maarifləndirmə İctimai Birliyin sədri, şairə Gülşən Behbud, “XeberAl.az” saytının rəhbəri, jurnalist Mirismayıl Xələfli, sığorta mütəxəssisi Şahin İsmayılov uğurla başa çatmış layihə və nəticədə ərsəyə gəlmiş yeni sayt barədə fikirlərini bölüşüb, “Chevik.az”-ın yeniyetmə və gənclərin sosiallaşmasına və maariflənməsinə, onların yaradıcı məşğulluğunun təmin edilməsinə xidmət göstərəcəyinə, sayt rubrikalarını idarə etməklə özünütəsdiq imkanlarını genişləndirəcəklərinə əmin olduqlarını bildiriblər və yeni saytın yaradıcı kollektivinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Tədbir iştirakçılarına “Chevik.az” saytının görüntüləri və layihə iştirakçıları olan xüsusi istedada malk məktəblilərin tanıtım video-roliki nümayiş edilib.

Tədbirin sonunda layihə rəhbəri Könül Quliyeva layihənin icrasına yardımçı olmuş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, yekun təqdimatın keçirilməsinə şərait yaratmış T. Məmmədov adına 239 nömrəli tam orta məktəbin direktoru Sədaqət Əzimovaya, layihənin gedişini mətbuat səhifələrində və sosial mediada geniş işıqlandırmış jurnalistlərə, eləcə də yekun tədbir iştirakçılarına minnətdarlığını bildirib, səslənmiş fikirlərin, məsləhət və tövsiyələrin saytın səmərəli fəaliyyəti üçün faydalı olduğunu qeyd edib.

Fotolar:

/qht.az/