İctimai birlik şəhid anaları və qazilərin Şuşaya səfərini təşkil edib-FOTO

İllərlə həsrətində olduğumuz, şəhidlik zirvəsinə ucalmış övladlarımızın canı və qanı bahasına düşmən caynağından qurtulmuş Şuşaya qədəm qoymaq hər birimizin arzusudur.

Amma bu istəyin gerçəkləşməsində ən çox haqqı olanlar əzəl torpaqlarımızı işğaldan azad etmək naminə müqəddəs şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin doğmaları, şəhid anaları, ailə üzvləri, Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizdir. Onlar haqq və ədalətin bərpası uğrunda qanlı savaşda Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun rəşadəti ilə xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyan Zəfər yoluna qədəm qoyub uzun illər düşmən tapdağı altında inildəyən, bu gün isə dünyaya yenidən göz açan Şuşanı ziyarət etməklə həm təsəlli tapır, həm də şəhid ruhunu şad etmiş olurlar.

Sentyabrın 8-də “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə şəhid anaları, qazilər və Birliyin himayəsində olan ahıllardan ibarət bir qrup Şuşa şəhərinə səfər edib. Administrasiyanın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyevin bilavasitə iştirakı ilə baş tutmuş səfər çərçivəsində taleyinə Vətəndən ayrılıq acısı və Vətənə qovuşma sevinci yazılmış bu qədim şəhərin yaxınlığında yerləşən, Qarabağ xanlığı dövründən əcdadlarımızın milli bayramları, el şənliklərini qeyd etdikləri məşhur Cıdır düzü, böyük şairimiz Molla Pənah Vaqifin bərpa olunmuş məqbərəsi, Vətən müharibəsində Zəfər rəmzinə çevrilmiş Şuşa Qalası, böyük sənətkar Bülbülün ev-muzeyi ziyarət edilib. Səfər iştirakçıları müharibə günlərində qızğın döyüşlərin getdiyi əraziləri addımbaaddım gəzib, ölkə Prezidentinin rəhbərliyi və birbaşa nəzarəti altında həyata keçirilən, bu qədim şəhərə yeni nəfəs verən, onun təkrarolunmaz gözəlliyini və qürurverici məğrurluğunu qaytaran genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanış olublar.

Doğrusu, oğul itkisi kimi böyük bir dərdə düçar olmuş, ağlamaqdan gözlərinin nurunu itirmiş şəhid analarının Şuşa səfərinə hazırlıq mərhələsində çox narahat idim. Düşünürdüm ki, onların ürək ağrısından bükülmüş qamətlərinin, bədbinlik yaşadan göz yaşlarının bir daha şahidi olacaq, onları bir daha kövrəldəcəyəm…

Gözləntilərim özünü doğrultmadı: övladlarının şəkillərini bağrına basıb Şuşa torpağına qədəm qoyan şəhid analarının nikbinliyini, baxışlarında yaşanan qürur və fəxarət hissini, məğrur və qətiyyətli addımlarını sözlə ifadə etmək çətindir.

Geri dönəndə şəhid analarından birinin minnətdarlıq hissi ilə söylədiyi bircə kəlməni heç zaman unuda bilmərəm: “Şəhid oğlumla Şuşada olmaq – arzum idi. Arzuma çatdım…”

 

Ruhiyyə Məmmədova,

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri 

Kanal32.az