İcra hakimiyyəti Qarabağ qazisinin səsləndirdiyi fikirlərə cavab verdi

Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II dərəcəli Qarabağ müharibəsi əlili, YAP-ın üzvü Oktay Cəfərov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun cəzalandırılması üçün ölkə Prezidenti, Ali Baş komandan İlham Əliyevə ünvanladığı müraciətə icra hakimiyyətindən rəsmi açıqlama gəlib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin “Kanal32″yə göndərdiyi açıqlamanı olduğu kimi təqdim edirik:

Hörmətli redaksiya!

Sentyabrı ayının 12-də Sizin informasiya saytında “Qarabağ əlili İcra başçısının cəzalandırılması üçün Prezident İlham Əliyevə müraciət etdi” başlığı altında Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Mingəçevir filialının sədri, II qrup Qarabağ əlili Cəfərov Oqtay İsa oğlunun Prezidentə müraciətində göstərdiyi “şəhər İcra Hakimiyyəti başçısının  Qarabağ Müharibəsi iştirakçılarına, qazilərinə və şəhid ailələrinə  ögey və qaba münasibəti barədə” fikrinə cavab olaraq bildiririk ki, mütəmadi olaraq şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəhid ailələri və qazilərə həmişə diqqət və qayğı göstərilir, onların müraciətləri zamanı şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları  və  şəhid ailələri ilə işin təşkili şöbəsi tərəfindən qəbul olunur və lazım gəldikdə şəhər İcra Hakimiyyəti başçısının qəbuluna aparılır və onlara müvafiq köməkliklər göstərilir.

Bildiririk ki, Vətən müharibəsi zamanı şəhərdə  51 nəfər şəhid olmuşdur. Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şəhidlərin dəfni təşkil edilmiş, şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına onların qəbirlərinin üstü götürülmüş, ətrafı abadlaşdırılmış, bundan əlavə şəhərdə qeydiyyatda olan  50 şəhidin hər birinin ailəsinə 1000 (min) manat vəsait köməklik edilmişdir.

Şəhər İcra Hakimiyyətinin büdcədənkənar vəsaiti hesabına Müstəqillik günü və  31 dekabr Həmrəylik günü ilə əlaqədar Birinci Qarabağ Müharibəsi əlilləri və şəhid ailələrinə 200 (iki yüz) manat, eyni zamanda Vətən müharibəsində həlak olan şəhid ailələrinə  və 43 nəfər qazilərə isə Yeni il bayramı ilə əlaqədar 200 (iki yüz) manat vəsait ödənilmişdir. Bununla bərabər iki şəhid anası Həsənova Nəhayətin və ağır yaralı olan qazilərdən Quliyev İlqarın və Muradov Orxanın  yaşadıqları mənzilə istilik sistemi çəkilmişdir. Milli Qəhrəman Malik Əsədovun qızının evi təmir edilmiş, Qarabağ Müharibəsi əlili İlham Məmmədovun evinə istilik sistemi çəkilmişdir. Şəhid ailəsi Orucov Əmirin evində təmir işləri aparılmış, qazi Tural Seyfullayevin yaşadığı yataqxanada ona hamam otağı düzəldilmişdir. Dövlət və Milli bayramları ərəfəsində Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların ailələrinə ərzaq yardımı edilmiş, bəzi şirkətlərə isə həmin ailələrə ərzaq yardımı verilməsi üçün siyahı təqdim etmişdir. Bu günə qədər iki şəhid ailəsi uşaq bağçasında işlə təmin edilmiş, beş nəfər şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlarda işə götürülmüşdür.  On nəfər qazinin sənədləri  “5+ Supermarkrt”in yeni açılacaq filialında işə götürülməsi üçün market rəhbərliyinə təqdim edilmişdir.  Gələcəkdə də bu kateqoriyadan olan insanların birinci növbədə işlə təmin edilməsi üçün tədbirlər həyata keçirilir.

Ötən müddət ərzində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailələrinin müraciətlərinə uyğun olaraq yaşadıqları ünvanlarda 25 şəhid bulağı tikintisinə və 23 xatirə lövhəsi asılmasına şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən icazə verilmişdir.

Eyni zamanda müraciətlərinə uyğun olaraq Vətən müharibəsində həlak olan şəhidlər ailələri və əlillik dərəcəsi müəyyən edilmiş qazilərdən 23 nəfəri şəhər İcra Hakimiyyətində mənzil növbəliyinə götürülmüşdür.

Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən bütün şəhid ailələri və qazilərin problemləri diqqətdə saxlanılır.

 

 Mingəçevir şəhər İcra Hakimiyyəti  başçısı aparatının Vətən müharibəsi

iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi