Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 1-ci müavini Ramiz Şabanov tutduğu vəzifədən azad olunub.
Ramiz Şabanov bu ilin sentyabrında Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən azad olunan polis polkovniki Faiq Şabanovun qardaşıdır. YAP-ın Tərtər şöbəsinin sədri olan Ramiz Şabanovun işdən azad edilməsinin səbəbi kimi 44 günlük Vətən müharibəsi günlərində rayonda əhalinin evlərinə, təsərrüfatlarına dəymiş ziyanın doğru-dürüst müəyyən edilməməsi ilə bağlı olduğu deyilir. Bildirilir ki, İcra Hakimiyyətinin Aparat rəhbəri kimi Ramiz Şabanovun səriştəsizliyi, işini düzgün qurmaması müharibə günlərində düşmən mərmi və raketlərinin partlaması nəticəsində dağılmış, zərər görmüş evlərin sahiblərində ciddi narazılıq yaradıb. Ölkə rəhbərliyinə bununla bağlı çoxsaylı müraciətlər və şikayətlər göndərilib. Nəticədə Ramiz Şabanov tutduğu vəzifədən çıxarılıb.
Yerli qaynağımız qeyd edir ki, yaxın günlərdə başçının sosial iqtisadi məsələlər üzrə müavini Abbas Cavadovun, ərazi idarəetmə orqanları ilə iş şöbəsini müdiri Fizuli Əliyevin və memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimovun də tutduqları vəzifədən azad ediləcəkləri gözlənilir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi günlərində düşmən Tərtər şəhərini və ətraf yayıyış məntəqələrini intensiv artilleriya atəşinə tutub. Ümumilikdə rayonun ərazisinə 13 min 136 mərmi düşüb. Nəticədə 118 ev təmamilə dağılıb, 646 fərdi evə, 64 çoxmərtəbəli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tam dağılıb, 50-nə isə ziyan dəyib. Bu müddət ərzində erməni təxribatları nəticəsində Tərtərdə 19 sosial obyektə, 8 istehsal obyektinə, 44 ticarət mərkəzi və 18 inzibati binaya ziyan dəyib.
Musavat.com