İƏT ölkələri Milli Xəbər Agentlikləri Birliyinin saytında Azərbaycan Ordusunun keçirdiyi “Qisas”əməliyyatı haqqında xəbər yayımlanıb
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Ordusunun keçirdiyi “Qisas” əməliyyatı haqqında AZƏRTAC-ın xəbəri yayımlanıb.
Ərəb və ingilis dillərində yayımlanan xəbərdə qeyd olunub ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsindəki Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.
Xəbərdə diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür. Eyni zamanda, əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Sonda vurğulanıb ki, Azərbaycanın Müdafiə Nazirliyi ölkə Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq.