Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb-FOTO

Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu günlərdə işıq üzü görmüş “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı Prezident kitabxanasının saytında yer alıb.

QHT.az xəbər verir ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, rəyçi ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix ü.f.d Leyla Calalova, redaktorlar Cəsarət Hüseynzadə və Möhübbət Məmmədovdur.

Kitabda tədqiqatçı-hüquqşünas Səməd Vəkilov “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabda sonuncu etnik təmizlənmənin başlanması fonunda Qarabağın Ermənistana birləşdirilməsi “hərakatının” ideoloqları və eyni zamanda bu hadisələr zəminində təşkil edilmiş Sumqayıt təxribatı, Quqark faciəsi, Hamamlı (Spitak) zəlzələsi və digər hadisələr tarix və hüquq kontekstində araşdırılmış, həmçinin Qərbi Azərbaycanın müxtəlif bölgələrindən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Çalxanqala kəndinə köçürülən əhali barəsində də geniş məlumatlar əksini tapmışdır.

Kitabın ayr-ayrı bölmələrində sonuncu etnik təmizləməyə zəmin hazırlayan Sumqayıt təxribatı haqqında geniş araşdırma aparılmış həmin hadisələrin qurbanı olmuş Əhməd İmani oğlu Əhmədov haqqında araşdırma yazısı öz əksini tapmışdır. Kitabda Şəxsi həyat həqiqətlərinin xarakterik cizgiləri və ictimai məzmunu adlı bölmədə Qərbi Azərbaycan ərazisində zorakılıqla qovulmuş Azərbaycan Türkləri haqqında yüzdən çox bioqrafik məlumatlar və onların həyat həqiqətlərini əks etdirən informasiyalar toplanmışdır. Bu bölmədə adıçəkilən şəxslərin həyat həqiqətlərinin ictimai məzmunu haqqında ayrıca yazı verilməsi çox əhəmiyyətlidir.

Sonuncu etnik təmizləmə fonunda Azərbaycan hökümətinin qəbul etdiyi qərarların xronikası və təhlil adlı bölmədə həmin dövrdə qəbul edilmiş yüzlərlə sənəd incələnmiş bu sənədlərin bir qrupu isə kitaba daxil edilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilov Vartanlı kəndində törədilən sülh və insanlıq əlehinə olan cinayətlərin hüquqi aspektləri adlı bölmədə baş vermiş soyqırım cinayətinin beynəlxalq hüquqi aspektlərini araşdırmış, beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsinin məhz soyqırım cinayəti olması qənaətinə gəlmişdir. “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına uyğun olaraq, Vartanlı soyqırımının araşdırılması çox önəmli faktor olmaqla kitabın elmi dəyərini artırır. Metodoloji baxımından araşdırma zamanı tətbiq olunmuş müqaisəli təhlil metodu doğru seçilmişdir. Tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Etnik Təmizlənmənin Sonuncu Mərhələsi (1987-1991). Çalxanqalaya köç” adlı kitabı ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.