Heydər Əliyevin 24 il əvvəl “Azadlıq” radiosuna MÜSAHİBƏSİ-“Çıxşımı kəsdilər və məni…””

Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyev 90-cı illərin sonlarında “Azadlıq” radiosunun rus redaksiyasına müsahibə verib. 1999-cu ilin sentyabrında alınmış bu müsahibədə maraqlı məqamlar çoxdur. Heydər Əliyev SSRİ Siyasi Bürosundan, Sovet İttifaqının suqutunun səbəblərindən, Mixail Qorbaçovla olan münasibətlərindən, Azərbaycandan danışır…

Kanal32.az Azpost.info-ya istinadla həmin müsahibəni oxucularına təqdim edir:

“Bu çıxışım SSRİ-də və xaricdə bomba kimi partladı”

– Heydər Əliyeviç, siz müsahibələrinizin birində siyasətçi ilə aktyorun fəaliyyətini müqayisə edərkən demisiz: “Əsl rəhbər aktyor ola bilməz. Aktyor hər dəfə rol oynayır, siyasətçi isə bunu edə bilməz. Hətta kütlə qarşısında çıxışlarında belə, o, rol oynamamalıdır: sözlər roldan deyil, gərək ağıldan, könüldən gəlsin”. İcazə verin bir qeyd edim: siyasəti çox vaxt teatrla müqayisə edirlər. Amma sizin bu fikirlərinizi oxuduqda mən düşünürəm – şüurumuz inkişaf edir, inanc və məslək, onun qavranılması bəzən həyatın təsiri ilə dəyişir. Odur ki, SSRİ-nin son dövrlərində baş vermiş hadisələrin, yeni siyasi reallıq olan müstəqil Azərbaycanın  yaranmasının sizə necə təsir etdiyini, və düşüncələrinzdə hansı dəyişikliklər yaratdığı barədə danışmağınızı xahiş edirəm.

– Yaxşı ki, siz mənim bu sözlərimi xatırlatdınız. Bunu nə vaxt dediyimi unutmuşam, amma həqiqətən bu sözləri söyləmişəm. Mənim inamımın dəyişib-dəyişməməsinə gəlincə, ola bilsin, bu barədə tam şəkildə hardasa danışmamışam. Ona görə ki, xatirələrimi yazmaq, fikirlərmi qeyd etmək  üçün heç vaxt vaxtım olmayıb…İndi belə alınıb ki, məndən tez-tez soruşurlar. Görüşlərdə əgər imkan düşdükdə mən əvvəl o qədər də əhəmiyyət vermədiyim bu məsələlər barədə çox şeyləri xatırlayıram. Əgər inam barədə danışsaq, mən prinsipcə, əqidəli kommunist olmuşam.

Yadıma gəlir, SSRİ laxlamağa başlayanda kommunist partiyasına, Sovet İttifaqına gecə-gündüz xidmət etmiş bəzi adamlar tənqid etməyə başladılar: “Ay mən çoxdan belə idim, əvvəldən tənqidi baxırdım, amma heç nə edə bilmirdim-filan…” Mən belə adamlara hörmət eləmirəm. İkili həyat sürən insan hörmətə layiq deyil.

Bizim kommunist partiyasının yüksək eşalonundan olan insanları tanıyıram. Mən tam əqidəli kommunist idim və hesab edirdim ki, elədiyim hər bir iş xalqın, dövlətin, cəmiyyətin xeyri naminə edilir. Biz axı bu dövlətdə, bu quruluşda, ideologiyada doğulub böyümüşdük. Odur ki, kimsə nəsə deyə bilər, amma bu, doğru deyil, bu insanlar sadəcə maskalanıblar.

Kommunist ideologiyası öz-özlüyündə həmişə çox cazibədar olub. Bərabərlik, ədalət, insanların mənəvi cəhətdən zəngin cəmiyyətdə yaşamaq prinsipləri… Ona görə, bunlar məndə heç vaxt şübhə doğrumayıb.

Amma mən istər DTK-da işlədiyim, istər birinci katib olduğum zaman həmişə cəmiyyətə, həyatımıza ayıq və obeyktiv yanaşmanın tərəfdarı olmuşam: bəzəməmək, öz çatışmamazlıqlarımızı görmək…

O quruluşun, ideologiyanın ən böyük bədbəxtliyi onda idi ki, hər şey ideal, gözəl, yaxşı şəkildə təqdim olunurdu. Başa düşürsünüzmü?Real və düşünülmüş fəaliyyət göstərən DTK bir çox məsələlər barədə dövləti məlumatlandırarkən hardasa fəaliyyəti dövlətə müxalifət xarakteri daşıyırdı. Dövlət orqanları cəmiyyətdəki fəsadları, çatışmazlıqları ört-basdır edirdilərsə, DTK, mən şəxsən özümdən deyə bilərəm ki, bu barədə açıq danışrdıq.

Mən Azərbaycanda DTK-nın sədri işləyirdim. Burada birinci katib vardı, mən sonralar onu əvəz etdim. Onun yanına gələrək çox xoşagəlməz işlərin baş verdiyini deyirdim. Bunu ona hörmət edərək deyirdim, istəyirdim ki, bunlar olmasın. Amma çox vaxt görürdüm ki, o, bunu qəbul etmir, əsəbiləşir və hirslənir. Mən bunu təkcə DTK-da işlədiyimə görə yox, xarakterimə, əqidəmə görə edirdim: yaxşıya yaxşı, pisə-pis demək. Gizlətmək, aldatmaq  olmaz…

1969-cu ildə mən Azərbaycan Kommunist Partiyasının birinci katibi olduqdan bir ay sonra cəmiyyətimizdəki bütün əyriliklər, çatışmazlıqlarla bağlı açıq məruzə ilə çıxış etdim: bizdə korrupsiya, rüşvət var, vəzifəli şəxslər imtiyazlardan sui-istifadə edirlər, bərabərhüquqluluq prinsipi pozulur. Kommunist ideologiyasının təbliğ olunan prinsiplərinin əksinə, reallıqda hər şey tərsinə idi. Bunun daşıyıcıları isə sadə insanlar deyil, vəzifəli şəxslər, kommunist rəhbərlər, nazirlər və başqaları idi.

Əgər siz “Azadlıq” radiosunun 69-70-ci illər arxivinə baxsanız görərsiniz ki, bu çıxışım SSRİ-də və xaricdə bomba kimi partladı. Bütün qəzetlər yazmağa başladı: “Əliyev soyadlı biri gəlib…”. Düzdür, əsas vurğu o idi ki, “çekist” gəlib, indi hər şeyi dağıdacaq, hamını tutub basacaq…

Məsələ tutmaqda deyil. Mən, məsələn, birinci 20 gündə belə metod tətbiq elədim. Məni şəxsən tanımırdılar. Fotolarım heç yerdə yox idi. Taksiyə oturub baxırdım ki, sürücü necə xidmət göstərir. Görürdüm ki, pis işləyir, onu saxladırdım. Və ya gəlirdim mağazaya: “Ət neçəyədir?”, “Birinci növ hardadır?”, “ikinci, üçüncü növ hanı?”soruşurdum. Görürdüm, bütün əti birinci növ kimi satırlar.

Anbara düşürdüm, görürdüm ki, ət burdadır, amma satmırlar. Ət defisit idi, amma bu əti piştaxtanın altından satırdıar. Beləliklə, 20 gün ərzində mən 40 nəfəri şəxsən tutdum.

Ola bilsin, metoda bir qədər də özbaşınalıq kimi baxıla bilər. Amma nə etməli idim? Mən milisə, prokurorluğa tapşırırdım – “hər şey qaydasındadır, hər şey normaldır” cavab verirdilər. Ancaq axı xalq narazılıq edirdi. Bu narazılığı mən hələ DTK-da işləyəndə, öz ətrafımdakıların məlumatlarından bilirdim.

O zaman hətta mənim fotoşəkillərimi çap edib bütün taksi sürücülərinə, mağazalara, anbar rəhbərlərinə paylamışdılar. Mənə “Mixaylo” ləqəbini vermişdilər… “Mixaylo şəhərdədir” deyirdilər. Bir müddət sonra hamı məni artıq tanıdı. Amma bu mərhələdə bu metod mənə kömək etdi.

Bir neçə aydan sonra ilk dəfə mənə Brejnev zəng vurdu. Mən təbii ki, çox sevindim. Baş katibdən zəng o zaman hadisə sayılırdı. Mən bilirdim ki, Brejnev o zaman Krımda dincəlir.

“İşlər necədir?” – deyə soruşdu. Mən gördüyüm işlər barədə ona məruzə elədim. O isə deyir: “Qulaq as, sən orda nədir belə çox dərinə gedirsən? Bu nədir belə? Mənə xarici radioların məlumatlarını verirlər. Sən orda nə edirsən? Bizim quruluşu dağıdırsan?”

Mən deyirəm: “Yox, Leonid İliç”. 40 dəqiqə danışmalı oldum. Amma o, prinsipcə etiraz edə bilməzdi, çünki mən cəmiyyətin çatışmamazlıqları barədə açıq danışrıdm. “Bax ha, orda!” dedi…

Biz Qorbaçovun “aşkarlıq” və “yenidənqurma”sı  barədə danışırıq. Bu aşkarlığı mən 69-cu ildə başlamışdım. Niyə? Ona görə ki, mən öz dövlət quruluşumun əqidəli tərəfdarı idim, bununla yanaşı quruluşun bütün mənfi hissələrini də görürdüm. İstəyirdim ki, bu düzəlsin. Bu uzun əhvalatdır…

İndi 69-dan 86-ya keçim. Partiyanın 26-cı qurultayı gedir. “Aşkarlıq”, “yenidənqurma” və s. Siyasi Büronun üzvləri xarici jurnalistlər üçün mətbuat konfransı düzənlmək qərarına gəldilər. Büro üzvlərindən biri mənə dedi: “Siz gedn”. Mən də getdim. Mətbuat mərkəzi ağzına qədər dolu idi. Mənə olan maraq çox böyük idi. Nə yazırdılar o zaman?  Bir qadın vardı – Samolis. O zaman bir yazı yazmışdı, böyük rezonans yaratmışdı. Mən konfransda ondan da sərt danışdım. Səhəri gün bütün bunları TV-də göstərəndə Qorbaçov və başqaları “bu qədər çox kəskin lazım deyildi…” dedilər.

Bir əqidəli kommunist olaraq mən bu çatışmamazlıqları görürdüm. Həm də görürdüm ki, bunlar düzəlmir və tədricən quruluşu məhvə aparır. Yeri gəlmişkən, bu məsələni çox az adam bilir: Brejenvdən sonra seçilən mərhum Yuri Andropov islahatlar mövqeyində idi. Kimsə əgər hesab edirsə o, sərt xətt tərəfdarı idi, yanılır. O, həqiqətən, intizamı möhkəmlətmək istəyirdi. Ökədə islahatların aparılmasını istəyirdi. Andropov quruluşun əleyhinə deyildi, amma başa düşürdü ki, bu sistemdə ciddi islahat aparılmalıdır. O, məni Moskvaya işləməyə dəvət edəndə islahatlar layihəsinin hazırlanması üçün bir neçə komissiya yaratdı. Onların çoxunda mən ya üzv, ya da sədr idim.

Sonra – Qorbaçovun yenidənqurmasının nəticə vermədiyini görəndə belə qərara gəldim ki, dövlətin daxili əsaslarını dəyişdirmək lazımdır. Amma, əlbəttə ki, güclü təkanlar da vardı. İlk növbədə hiss etdim ki, Qorbaçov SSRİ-də milli məsələdə çox mənf mövqe tutur. O milli respublikalarda ruslaşdırma siyasəti aparmağa başladı. Bu isə narazlıq yaratdı.

Mən ona dəfələrə dedim: “Qazaxstandakı 86-cı il dekabr hadisələrinə baxın”. Bu, SSRİ Kommunist Partiyasına qarşı ilk qığılıcım idi. Amma biz Qorbaçovu xəbərdar eləmişdik ki, bunu eləməsin. Orada birinci katib qazax Kunayev idi. 22 il işləmişdi, qocalmışdı. İşləyə bilmirdi. Başqa bir adamla dəyişdirmək olardı. Qorbaçov isə özünün köhnə dostunu, rusu ora təyin etdi. Elə o vaxt da birinci qiyam oldu.

Şimali Qafqazda bugünkü hadisələrin əsası elə o zaman qoyuldu. Mən bu məsələ ilə bağlı Qorbaçovla elə hey toqquşurdum. Sonra  istefaya getdim. İstefada olduğum zaman mənim imkanım oldu ki, nəticəyə gəlim. Mən hiss etdim ki, biz bu ideologiyadan əl çəkməliyik. 90-cı ilin yanvarında Azərbaycan xalqına qarşı hərbi təcavüz ediləndə  mən son qərarımı verdim, çıxış etdim və partiyadan getdim.

“Qorbaçov SSRİ-ni möhkəmləndirməyə cəhd edirdi”

– SSRİ-nin suqutunda, beynəlxalq kommunist hərəkatının iflasında şəxsi faktorun rolu necə olub? Sizin 80-lərdə birgə işlədiyiniz bu və digər siyasətçinin səhvləri oldumu? Onlar bu suqutu sürətləndirdilər, yoxsa prosesi ləngitdilər?  Ümumiyyətlə, belə proseslərdə rəhbərlik zamanı “şəxsi faktor” nə deməkdir?

– Bilirsinizmi, SSRİ-nin rəhbərlərindən heç kim Sovet İttifaqının dağılmasını istəmirdi. İndi Qərbdə Qorbaçov SSRİ-ni “dağıtdığına” görə çox qiymətli bir adam kimi qəbul olunur. Qətiyyən doğru deyil! Qorbaçov SSRİ-ni möhkəmləndirməyə cəhd edirdi. Müxtəlif islahatlar aparmaqla SSRİ-ni saxlamağa çalışrdı. Amma o, başa düşmürdü ki, bu, artıq mümkün deyil.

SSRİ-nin dağılma prosesi başlayanda mən Naxçıvanda yaşayırdım. 1991-ci ilin martında SSRİ-ni saxlamaq barədə referendum keçirildi. Mən əmin idim ki, bu mənasızdır. Odur ki, SSRİ-nin mövcudluğu əleyhinə açıq çıxış elədim. Azərbaycan xalqını referenduma getməməyə çağırdım. Dedim ki, müstəqilliyə nail olmaq lazımdır. Şəxsi faktor o planda ola bilr ki, hansısa adamlar SSRİ-ni saxlamağa cəhd edərkən bununla prosesi sürətləndirdilər. Belədə heç kim daxildən bunu edə bilməzdi.

“Siyasi Büroda ağıllı adam çox az idi”

– Heydər Əliyeviç, siz indicə şəxsi fikirlərinzdə dəyişiklərin səbəbləri barədə çox əhatəli və maraqlı şəkildə danışdınız. Bu, içində olduğunuz sovet dövlətinin rəhbərlərinin dairəsi  üçün nə qədər xaraketrik idi?  Yoxsa siz orada, üzr istəyirəm, “ağ qarğa” idiniz?

– Yox, “ağ qarğa” deyildim. Sizə deyim ki, bizdə Siyasi Büroda belə sistem vardı: heç kim heç kimlə ürəyini aça bilməzdi. Mən 5 il Moskvada Nazirlər Soveti sədrinin birinci müavini işlədim, Siyasi Büronun üzvü oldum, amma heç kimlə açıq şəkildə danışa bilmədim. Digərlərinin də belə olduğunu görürdüm. Belədə rəsmi şəkildə Siyasi Büronun iclasına gəlirdilər, nəsə danışırdılar. Amma öz dərin fikirlərini ifadə etmək mümkün deyildi.

– Niyə? Qorxurdular?

– Mən Moskvaya gələndə çox şeyləri bilmirdim. 1976-cı ildən Siyasi Büro üzvlüyünə namizəd olsam da, gəldiyim gündən oradakı atmosferi belə təsəvvür etmirdim. Çox sərt atmosfer vardı. Orada 5 il işlədim. Bir dostum, iş yoldaşım olmadı. Orada mühafizəkarlar, dəhşətli mühafizəkarlar vardı. Onlar heç nə başa düşmürdülər.

Yeri gəlmişkən, deyim ki, Siyasi Büroda ağıllı adam çox az idi. Biz respublikada olanda sadəcə onlara baxırdıq. Amma sən axı onları yaxından tanımırsan. Hətta respublkada işləyən zaman Siyasi Büronun bir az sənə yaxın olan üzvü ilə danışıb çıxandan sonra öz-özümə deyirdim: “Ay Allah, bu, necə primitiv adamdır!” Onun yanına iş üçün girirsən, o isə boş-boş danışır, danışır… Sən razlıq edirsən ki, Siyasi Büronun üzvü səni qəbul edib. O isə deyir ki, onu, başqasını, üçüncüsünü qəbul edib. Bunda isə heç nə yoxdur. Ona görə, siyasi anlayışın dərəcəsi o qədər də yüksək deyildi. Sonra bilirsiz ki, mən 14 il Azərbaycanda birinci katib işləmişəm. Mən vəzifədən gedəndən sonra burada da məni yetişdirdiyim, tərbiyə verdiyim adamların hamısı mənə qarşı çıxdılar…

“Çıxşımı kəsdilər, fitə basdılar məni…”

– Heç olmasa burada sizin dostlarınız var?

– Başa düşürsünüzmü, mənim iş üzrə dostlarım vardı, amma elə bununla da biz ayrıldıq. Məsələn, burada Mərkəzi Komitənin büro üzvləri vardı, bu stolun ətrafında oturub müzakirə edirdik. Amma mən istefaya gedən kimi onların hamısı məni yaddan çıxartdı. İkinci, partiyadan çıxmağım barədə bəyanatımdan 10 gün sonra mənimlə bağlı Mərkəzi Komitə komissiya yaratdı.  Mə nə etməli idim? Güldüm, dedim, qoy araşdırsınlar. Ən yüksək partiya cəzası üzvlükdən çıxarmaqdısa mən özüm partiyadan çıxmışdım. Bundan yuxarı mənə nə edəcəklər?  Bura qayıtdım, 90-cı illərdə Ali Sovetin sessiyasında çıxış elədim. Mənim rəhbərliyim altında çalışmış şəxslər çıxşımı kəsdilər, fitə basdılar məni… Həyatım çox ağır olub. Siz deyirsiniz “sağ çıxmış” yeganə şəxsəm.. Tək deyiləm – Şverdnadze var. Qonşum…

– Bəs sizi 1987-ci ildə Qorbaçov niyə təqib edirdi?

– Bu barədə sənədli film var, baxın ona. Yakovlevin dediklərinə. Ona sual verdilər: “Niyə Əliyevi uzaqlaşdırdı?” Mənə bunu demək bir az təvazökarlqdan uzaq olar, amma deyərəm: o, bir neçə dəfə dedi ki, Əliyev güclü adam idi. Qorbaçov isə güclü şəxsin yanında olmasını istəmirdi. Stolumun üstündə Qorbaçovun köməkçisi olmuş Çernyayevin gündəlikləri var. Orda yazır ki, 1988-ci ildə o biri köməkçi – Şahnazarovla Qorbaçovun yanına gedib 64 yaşını təbrik etdik. O zaman Qarabağ hadisələri başlanmışdı. Maraqlanmağa başlayıblar. Qorbaçov şikayət edir ki, Azərbaycan belə, Ermənistan elə… “Bəs Əliyev necədir?” soruşur. O isə cavab verir: “Qazırıq, tökürük, Rəşidovun işindən də güclü olacaq”… Mən bilirdim ki, 90-cı ildə, sovet ordusunun Bakıya girməsini pisləyəndən sonra mənim həbsim hazırlanır. Yakovlevə məruzə edirlər ki, işdə heç bir cinayət tərkibi tapa bilmirlər. Nə etməli?

Mən Moskvadan çıxdım. Məni buraxmırdılar. Xəstə adamı vətəninə buraxmırdılar. 3 dəfə bilet aldım, sonra zənglər… Liqaçov, Kryuçkov digərləri zəng vururlar: “Heydər Əliyeviç, məsləhət bilmirik, istəmirik Azərbaycana gedəsiniz. Çünki sizin gedişiniz vəziyyəti kəskinləşdirəcək”. Mən deyirəm: “Qulaq asın, mən xəstə adamam, infarkt keçirmişəm, heç cür özümə gələ bilmirəm, getmək istəyirəm, havamı dəyişmək istəyirəm. Hansısa sanatoriyaya getmək imkanım yoxdur. Moskavada evdə oturub boğuluram”. Mən demək olar ki, qeyri-leqal oradan uçdum. 87-90-cı illərdə Moskvada yaşadım. 90-cı ildə yayda Bakıya gəldim. Burada mənə yaşamağa icazə vermədilər. 3 gündən sonra məni öldürəcəkləri ilə hədələdilər. Mən Naxçıvana uçdum. Orada 3 il blokada şəraitində yaşadım.

– Həmkarlarınız hələ 1987-ci ildə sizi “səhhətinə görə” yola salmışdılar. İndi siz ağır əməliyyat keçirmisiniz. Hazırda özünüzü necə hiss edirsiniz?

– Bu suala bir az geniş cavab vermək istəyirəm. 87-ci ilin mayında qəfildən Kremldəki kabinetimdə özümü pis hiss etdim. Məni xəstəxanaya apardılar, iynə vurdular. İki gün huşsuz halda oldum. Sonra mənə dedilər ki, ciddi infarkt keçirmişəm, uşaqlarıma da demişdilər ki, yaşamaq şansım çox azdır.

Sonra Qorbaçov öz adamlarını yanıma göndərməyə başladı. Məndən xəstə halda daha işləyə bilməyəcəyim barədə bəyanat verməyimi istəyirdilər. Məni xəstaxanada ola-ola işdən çıxarmaq istəyirdilər. Belə insanlıq olar?

Məni Siyasi Bürodan iyrəndirən nə qədər belə şeyləri deyə bilərəm. 1976-ci ildə Siyasi Büroya namizəd seçiləndə bunu özüm üçün xoşbəxtlik sayırdım, amma sonra iyrəndim.

Siyasi Büro deyirsiniz… İki ay yarım xəstəxanada yatdım, Büronun bir nəfər üzvü belə zəng vurub əhvalımı soruşmadı.

ABŞ-da, Vaşinqtonda işlərimi qurtarıb qayıtmaq istəyəndə birdən özümü yaxşı hiss etmədim. Mənə dedilər ki, əməliyyat lazımdır. Buna razılıq verəndə Amerika administrasiyası prosesə tam nəzarət etdi. Əməliyyatdan əvvəl mənə dövlət katibi Olbrayt zəng vurdu. Ürək-dirək verdi. Dedi ki, onun dostları arasında bu əməliyyatı keçirənlər var, indi çox rahat yaşayırlar. Əməliyyatın səhərisi günü mən prezident Klintondan məktub aldım, sonra Olbrayt zəng vurdu, daha sonra Klinton….

Mən bunu müqayisə üçün dedim. Moskvada 2 ay yarım xəstə yatdım. Heç kim yoxdur: qohumlar yox, dostlar yox. Ancaq uşaqlarım yanımda idi. Bir nəfər mənə zəng vurmadı… Bu da sənin Siyasi Büron…

Bilirsiz, bütün bunlar zərrə-zərrə yığıldı. 90-cı ildə yanvarında çıxışıma görə başıma nələr gətirmədilər? İkinci gün də nümayəndəliyə gədlim. Üçüncü gün qayıdanda DTK-dan olan sürücüm dedi: “Heydər Əliyeviç, tez burdan getmək lazımdır, binanı mühasirəyə alıblar, sizə nəsə etmək istəyirlər…”

Ona görə, mənim həyatım çox çətin olub. 3 il Moskvada mən ev həbsində oldum. Düzdür, mənə küçəyə çıxmağı qadağan eləməmişdilər. Mən hərdən küçəyə çıxırdım, evin ətrafında gəzirdim. Hamı məni tanıyırdı. Burdan vətənə uçdum, Bakıda yaşamağıma imkan vermədilər. Naxçıvana uçdum. Görünür, tale belə imiş…

“Təcrübəm böyükdür, kim nə qədər istəyir o qədər götürə bilər”

– Sonuncu sualım: Siz bu əsri yaşamış bir insan olaraq ölkənizi növbəti əsrə doğru aparırsınız. O əsrdə siyasətçilərin, azərbaycanlıların yeni nəsli gələcək. Mən bu yaxınlarda oxudum ki, sizə Kembric Beynəlxalq bioqrafiya Mərkəzi tərəfindən “20-ci əsrin görkəmli xadimi” adı verilib. Siz –  20-ci əsrin görkəmli siyasi xadimi siyasi təcrübənizdən gələcək əsrin insanlarına nəyi ötürməyi mühüm hesab edirsiniz?

– Bu, böyük sualdır. Buna qısa cavab vermək olmaz. Mənim yeganə bir arzum var – Azərbaycanı bu ağır vəziyyətdən, ilk növbədə müharibədən, ikincisi, Ermənistanla münaqişdən çıxarmaq, Qafqazda sülhə nail olmaqdır. Bu, mənim həyatımın məqsədidir. Buna nail olmalıyam. İkincisi, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Ölkədə kimin rəhbər olmasından asılı olmayaraq bu müstəqillik bir daha nədənsə zərər çəkməsin. Bir azərbaycanlı kimi Azərbaycanın müstəqilliyi mənim ali məqsədim və ən yaxşı arzumdur.

Təcrübəm böyükdür, kim nə qədər istəyir, o qədər götürə bilər. Əgər istəsələr…

Müsahibəni azərbaycancaya çevirdi:

Xaqani SƏFƏROĞLU