MDU-da Misir Mərdanovla görüş keçirilib-FOTOLAR

MDU-da “Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Kanal32.az xəbər verir ki,2023-cü ilin noyabrın 14-də Mingəçevir Dövlət Universitetinin (MDU) “Heydər Əliyev İli” çərçivəsində reallaşdırdığı “Heydər Əliyev xatirələrdə” adlı layihə ilə bağlı növbəti görüş keçirilib. Görüşün qonağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov olub. Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Əvvəlcə, Ümummilli Liderin MDU-nun inzibati binasındakı büstü ziyarət edilib və önünə gül dəstələri düzülüb. Tədbir Ulu Öndərin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra MDU-nun rektoru Şahin Bayramov çıxış edərək Ulu Öndərin zəngin irsinin təbliğinə töhfə məqsədilə universitet tərəfindən reallaşdırılan sözügedən layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Görüş iştirakçılarını salamlayan professor Misir Mərdanov xalqımızın böyük oğlu, xilaskarı, müasir Azərbaycan dövlətinin memarı, əbədiyaşar lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə universitetin ərsəyə gətirdiyi bu layihəni təqdirəlayiq hal kimi dəyərləndirib və əməyi olanlara minnətdarlığını bildirib. Vurğulayıb ki, Ulu Öndərlə eyni zamanı paylaşmaq, belə dahi bir şəxsiyyəti həyatda görmək, Ümummilli Liderin hökumət komandasının üzvü kimi onunla birbaşa ünsiyyətdə olmaq və bu böyük dövlət adamının tapşırıqlarını yerinə yetirmək olduqca xoş, şərəfli və məsuliyyətli qismət payıdır. Buna görə özünü xoşbəxt insan hesab etdiyini bildirən M.Mərdanov gənclik illərində, təhsil sektorunda müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə dahi şəxsiyyətlə bağlı xatirələrindən bəhs edib.

Sonra, qonaq görüş iştirakçılarının suallarını cavablandırıb və müəllifi olduğu “Heydər Əliyev: xalqa həsr olunmuşömür” adlı kitabını qonaqlara, həmçinin, MDU-nun kitabxana fonduna hədiyyə edib. Sonda xatirə şəkilləri çəkdirilib. Qeyd edək ki, MDU-nun həyata keçirdiyi “Heydər Əliyev xatirələrdə” layihəsi çərçivəsində cari ilin 18 may tarixində elm və təhsil nazirinin müavini Firudin Qurbanovla, 23 iyun tarixində isə professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, “91-lər”dən biri Şahlar Əsgərovla görüş keçirilib.

   

Esmira Hidayətova,

Mingəçevir