“ Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir . Heydər Əliyev Ulu öndər Heydər Əliyevin büyük dühasının, dəmir siyasi iradəsinin, dövlətçilik qüdrətinin sayəsində Azərbaycan xalqı XX əsrin 90 – cı illərinin əvvələrində dövlət müstəqilliyini yenidən qazana bildi və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etmək imkanları əldə etdi. Ona görə də Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqiliyi ideyasının yaradıcısı,müstəqil dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəri idi. Tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi. Tanrı ona hər bir üstünlüyü bəxş etmişdi. Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərlik etməsi xalqın tələbi və çağırışları ilə baş tutub. 1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik baş alıb gedirdi.
Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı yerlərində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi ölkəni hər an tərk etməyə hazır idilər. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Bir birinin ardınca ərazilərimizi itirirdik. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Bir sözlə xalqın vəziyyəti dözülməz həddə çatmışdır.
Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, tarixi düşmənlərimizin qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Yenicə yaranmış müstəqin dövlətimizin hər an yox olmaq üzrə idi. Bütün bu baş verənlərdən əziyyət çəkən xalqımız idi. Məhz ona görə də, Heydər Əliyevin müstəqil Azərbaycanın lideri kimi yenidən idarəçiliyi ələ alması daha çətin, məsul və riskli bir dövrə təsadüf etdi. 1993-cü ildə Onun hakimiyyətə gəlişi ölkəmiz üçün dönüş nöqtəsi oldu. Heydər Əliyevə xalq tərəfindən göstərilən inam, etimad imkan verdi ki, ölkə bu ağır vəziyyətdən qutarsın. Ən əsas onu qeyd etmək lazımdır ki, 1993-cü il oktyabrın 3-də və 1998-ci il oktyabrın 11-də Azərbaycan Prezidenti seçilən Heydər Əliyevin son nəfəsinə kimi əsas amalı əvvəlki hakimiyyətin qoyub getdiyi çox çətin bir problemi – Dağlıq Qarabağ münaqişəsini həll etmək olub. Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etməsi ermənilərin kabusuna çevrildi. Ümummilli lider Heydər Əliyevin 1993-cü il noyabrın 2-də Azərbaycan dövlət televiziyası və radiosu ilə xalqa müraciətindən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını başlandı. Bu müraciət ictimaiyyətin ayrı-ayrı zümrələri tərəfindən dəstəkləndi, vətəndaşlar, eləcə də ayrı-ayrı təşkilat və müəssisələr ictimai müdafiə prosesinə fəal şəkildə qoşuldular, ordudan yayınma hallarının, cəbhədə geriləmələrin qarşısı alındı. Hərbi uğursuzluqlarla üzləşdiyini və daha irəliləyə bilmədiyini görən təcavüzkar Ermənistanın rəhbərliyi 1994-cü ilin mayında danışıqlar masası arxasında oturmağa, cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan Bişkek protokolunu imzalamağa məcbur oldu. Ümummilli lider fəaliyyəti dövründə hər zaman Qarabağ məsələsinə həssaslıqla yanaşmış, BMT-dən tutmuş, müxtəlif beynəlxalq təşkilatların ali kürsülərində, dünya liderləri ilə görüşlərdə bu istiqamətdə görülən işlərin effektiv nəticə verməsi üçün səylərin artırılmasını tələb etmişdi. Buna dair yüzlərlə çıxışlar, görüşlərdə səslənən fikir və bəyanatlar var ki, bütün bunlar sənədləşdirilərək tarixin arxivlərində gələcək nəsillər üçün saxlanılır. Bir sözlə Heydər Əliyevin fəaliyyətinin əsas hissəsi məhz Dağlıq Qarabağ problemin həllinə yönəlmişdi.
Təsadüfi deyil ki, münaqişənin həllini də möhtərəm Prezidentimizə ən mühüm vəsiyyəti kimi həvalə etmişdi. Cənab İlham Əliyev ilk dəfə Prezident kimi and içərək vəzifəsinin səlahiyyətlərinə başladığı andan münaqişənin həllinə start verdi. Həm siyasi-diplomatik vasitələrlə, həm hüquqi əsaslarla, həm də Silahlı Qüvvələrimizi möhkəmləndirməklə. Nəticəsi də 44 günlük Vətən savaşı və bütün sahələr üzrə yeni reallıqlar oldu. Savaşın hər anında xalqımızın böyük şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, şəhidlərimizin müqəddəs qanı əks olunub. Cənab İlham Əliyevin böyük liderliyinin, misilsiz dövləti fəaliyyətinin nəticəsi olan bu Qələbə, eyni zamanda Ulu Öndərin işıqlı ideyalarının təntənəsi və şah əsəri olan tarixin ən qüdrətli Azərbaycanının, xalqımızın parlaq nailiyyəti, əsrlər sonra qazanılan, əsrlərboyu yaşayacaq tarixi reallıqdır. Müqəddəs ruhların şad olduğu ölkədə isə hər kəs başını dik tutub qürurla gəzə bilər. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırıldı.
Ramilə Seyidova,
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının sədr müavini