Herostratı unutmaq mümkünmü ?…-FOTOLAR

Mingəçevir Dövlət Dram Teatrının tamaşası haqqında düşünərkən…

“Herostratı  unudun!” – adı  çəkilən  bu  tragikomediyada  Qriqori  Qori tərəfindən  yazılan  e.ə.  356-cı  ildə  qədim  Efesda  baş  verən  real  hadisəyə – Artemida   məbədinin   Herostrat   adlı  bir  bazar  alverçisi  tərəfindən  yandırılması hadisəsi  haqqında  danışılır.  Məhz  bu  əməli  ilə  Herostrat  öz  adının  tarixdə  qalması  məqsədilə   şöhrətə  sahib  olmaq  üçün  bu  qanlı  məbədin  yandırılması  kimi   radikal   bir   hərəkətə   əl   atır.  Əsərdə  bu   hadisə   yalnız   fiziki   akt   kimi  deyil  həmçinin  insanın  daxili  ehtirasları, ambisiyaları, cəmiyyətlə  olan  münasibəti,  etika   və   məsuliyyət  kimi  məsələlərin  mərkəzində   xüsusi  olaraq  qeyd  edilməkdədir. Tragikomiya – dram  və  satira  elementləri  ilə  yanaşı  həm  ciddi  məzmun  (cinayət, məsuliyyət, ədalət)  həm  də  ironik,  satirik  duyğularla təqdim  olunmaqdadır.

Mingəçevir  Dövlət  Dram  Teatrının  səhnəsində  maraqla  izlədiyim “Herostratı  unudun!”  tragikomediyası  da  məhz  müəllif  ideyasına  uyğun  olaraq süjet  xətti  saxlanılmaqla  burada  Herostratın  ambisiyası  və  planı –  ad-san qazanmaq  ümidi, məbədə  qarşı  hərəkət – məbədin  yandırılması, cəmiyyətin, hakimiyyətin  reaksiyası – edam  istəkləri, qorxular, qərarvermə, məhkəmə, həbs, siyasi-etik  konfliktlər  xüsusilə  faciə  və  nəticə – həm  şəxs  üçün,  həm  cəmiyyət üçün  ağır  nəticələrin  tam  olaraq  göstərilməsi  maraqla  izlənilməkdədir.

Qeyd  etməliyəm  ki,  səhnə  quruluşu  Azərbaycan  Dövlət  Akademik  Rus Dram  Teatrının  rejissoru  Emin  Mirabdullayevə  məxsusdur.  Quruluşçu  rejissor məhz   mövzu,  motiv  həmçinin  ideyaya  sadiq  qalaraq  şöhrət  və  yaddaş  ehtiyacını  səhnə  traktofkasında  obrazların  dili  ilə  tam  olaraq  açıb  göstərməyə  müvəffəq  ola  bilmişdir.  Həmçinin   rejissor  etika  və  vicdan  konflikti  kimi  cinayət,  məsuliyyət, cəmiyyət  eləcə  də  fərdlər  arasında  əlaqə,  forma  quruluşlarını  da  maraqlı  detallarla  təqdim  edə  bilir. Tarixin  yaddaşı  və  unudulmaq  fikrinin  də  daha  geniş  bir  farmatda  təqdimi  rejissor  yozumunda  daha  dəqiq  ştrixlərlə  göstərilməklə  burada  tarixi  yaddaş  ictimai  qavrayış  eləcə  də   hakimiyyətin yaddaş  üzərində  rolu  geniş  şəkildə  müzakirə  obyektinə  çevrilə  bilir. Həmçinin  rejissor  maraqlı  səhnə  yozumunda  hakimiyyətin  cəmiyyəti  idarə  etmə  üsulları, qorxu  və  nəzarət,  xəbərdarlıq  və  cəzalar,  insanların   necə   manipulyasiya  edilməsi  kimi  motivləri  də  hökumət  və  güc  münasibətləri  zəminində  hər  bir  obrazın  ifası  ilə  uğurla təqdim  edə  bilir. Əsər  şəxsi  həmçinin  ictimai  qatlara  bölünməklə  bir  neçə  pərdə  və  səhnə, hadisələrin  mərhələli  inkişafı  eləcə  də   şəxsiyyətin  daxili  düşüncələri ilə cəmiyyətin reaksiyaları paralel uğurlu səhnə quruluşunda maraqla izlənilməkdədir. Müəllif  ideyasından  irəli  gələrək  rejissor yozumunda əsərin ideyası universal və aktual olmaqla şöhrət arzusu, yaddaş ehtiyacı, cəmiyyətin reaksiyası məsələləri hər zaman insanları düşündürməklə dramaturji  gərginlik  hadisələrin  inkişafı, kulminasiya  nöqtələri,  etik  konfliktlərlə səhnədə  cərəyan  edən  hadisələr  eləcə  də  vizual  simvollar,  dekorativ  üsullar böyük  maraq  doğurmaqdadır.

Qeyd  etmək  lazımdır  ki,  təqdim  edilən  səhnə  quruluşunda  hər  obraz yalnız öz funksiyasını yerinə yetirmir, həm də simvol olaraq pyesin mətni və tamaşaçının  şüuruna  təsir  edə  bilir. Belə  ki, əsərin  obrazları  vasitəsilə  müxtəlif sosial-təbii,  əxlaqi  və  psixoloji  təbəqələr  göstərilməkdədir.

Əsərin  mərkəzində  duran  Herostrat  obrazı  tarixi  şəxsiyyətə  əsaslanır. Antik dövrlərdə Efes şəhərində yaşayan bu şəxs dünyada ad qazanmaq üçün Artemida  məbədini  yandırmış  və  bununla  tarixə  “şərəf”  deyil,  rüsvayçılıq simvolu  kimi  düşmüşdür. Dramaturq Qorin isə bu tarixi faktı müasir fəlsəfi kontekstdə  işləyərək  insanın  şöhrət  hərisliyini,  mənəvi  boşluğunu  və  cəmiyyətin dəyərlər  sistemini  satirik  şəkildə  ifşa  etməkdədir.  Aktyor  Turqut  Məsimlinin ifa  etdiyi  Herostrat  obrazı  əsərin  baş  qəhrəmanı  olaraq  sadə  bazar  alverçisidir, amma  ad-san,  şöhrət  arzusu,  yaddaşda  qalmaq  istəyi  onu  radikal  addım  atmağa sövq  edir.  Onun  xarakterində  daxili  böhranlar, etika  dilemması  var:  şöhrət uğrunda cinayət etmək, öz ehtiraslarını ödəmək, amma nəticədə özünün də, cəmiyyətin  də  məruz  qalacağı  faciəni  bilmədən  yaşamaq  məcburiyyətini  təqdim etməkdədir. Aktyorun ifasında Herostrat obrazı təkcə bir fərd deyil, həm də cəmiyyətin  simvoludur.  Turqut  Məsimli  öz  maraqlı  ifa  tərzi  ilə  məhz  obrazı müasir  insanın  faciəsi  olaraq  göstərilməsinə  müvəffəq  ola  bilir.  Məhz  Turqut Məsimlinin  ifa  tərzində  Herostrat  obrazı  vasitəsilə  bütün  dəyərlər  itir,  etik  və mənəvi  ölçülər  pozulur.  O,  həm  gülməli,  həm  də  dəhşətlidir.  Gülməlidir,  çünki o,  özünü  “dahi”  hesab edir, halbuki atdığı addım mənasız vandalizmdir. Dəhşətlidir,  çünki  bu  mənasızlıqla  məqsədə  çatmaqla  o,  doğrudan  da  tarixdə qalır. Aktyorun ifasında həm də əsərin ideyasından irəli gələrək  Herostrata münasibətdə  ikilidir.  Belə  ki, rəsmi  olaraq  onun  adı  qadağan  edilir.  Ancaq  bu qadağa  onu  daha  da  məşhurlaşdırır. Beləcə  cəmiyyət  pisliyi  qadağan  etməklə deyil,  onu anlamamaqla yaşadır. Bütün bu kimi sadalanan xüsusiyyət və keyfiyyətlər aktyor Turqut Məsimlinin ifasında maraqlı ştixlərlə təqdim edilir. Nəticə  etibarı  ilə  aktyorun  ifasında  Herostrat  öz  eqosunun  qulu  olaraq bəşəriliyini  məhv  etməklə  tarixin  yaddaşında  yaşamağı  bacardığını  maraqlı  surət olaraq  təqdim  edə  bilir.

Səhnə  əsərində  təqdim  edilən  Klementina  Tissafernin (Efes hakiminin) arvadı  surəti  əsərdə  ikinci  dərəcəli,  lakin  simvolik  və  ideoloji  cəhətdən  mühüm obrazlardan  biri  hesab  edilir.  Bu  obrazı  aktrisa  Lalə  Abuşova  ifa  edir. Aktrisanın ifasında Klementina qadın təfəkkürünün, mənəvi korluğun, yalançı dəyərlərin  və  cəmiyyətin  səthi  düşüncə  tərzinin  satirik  modeli  olaraq  təqdim edilir. Klementina  zahirən   zərif,  mədəni,  saray  qadını  təsiri  bağışlayır.  Amma onun  daxili  dünyası  boş,  mənəvi  baxımdan  kasıbdır.  Məhz  səhnədə  təqdim edilən  Klementina  obrazı  üçün  əxlaq, ədalət, vicdan  kimi  anlayışlar  formal xarakter  daşımaqla  həyatın  mənasını  görünüşdə  axtarır.  Məhz  aktrisanın  ifasında Klementina  obrazı  satirik  aləmdə  “zahiri  gözəlliyin  içindəki  mənəvi  çirkinliyi” maraqlı detalları ilə təcəssüm etdirir. Aktrisa Lalə Abuşovanın ifasında təqdim edilən Klementina obrazı həmçinin Tissafern ilə münasibətlərdə sosial satiranı gücləndirməyə  müvəffəq  ola  bilir.  Həmçinin  aktrisanın  ifasında  Klementina həm  də  bütöv  sistemin  riyakarlıq  və  saxta  dəyərlər  dünyasının  məhsulu  kimi təqdim edilir. Aktrisa həmçinin Klementina obrazı ilə həm də müasir qadının faciəsini  maraqlı  detallar  vasitəsilə  göstərə  bilir.

Aktyor  Asim  Məmmədovun  ifa  etdiyi  Krissip  obrazı  bir  növ  qarışıq  surət  olaraq  həm  şəhər  rəhbərinin,  həm  də  cəmiyyətin  səviyyəsindəki reaksiyaları  təmsil  edir.  Onun  hərəkətləri  hadisələrin  kulminasiya  nöqtəsində dönüş  nöqtəsi  olaraq  hesab  edilir.  O,  zahirən  ikinci  dərəcəli  obraz  olaraq görünsə  də,  əsərin  ideya-fəlsəfi  yükünü  daşıyan  ən  mühüm  surətlərdən  biri hesab  edilir. Həmçinin  obraz  aktyorun  ifa  tərzi  ilə  ağıl,  vicdan  və  mənəviyyatın cəmiyyətin  “səs-küylü şöhrət”  dəliliyinə  qarşı  necə  aciz  qaldığının  göstəricisi kimi  təqdim  edilir. Krissip  Herostratın  əksi,  onun  antitezidir. Tamaşa  boyu  bu iki obrazın qarşıdurması əslində yaxşı ilə pisin, mənəvi ilə maddi, əbədiliklə keçiciliyin  mübarizəsi  olaraq  təqdim  edilir.  Aktyorun  ifasında  Krissip  obrazı ağıllı, savadlı, düşüncəli və mənəviyyatlı bir insan olaraq təqdim edilir. O, Herostratın  cəmiyyətə  təhlükə  olduğunu  anlayır  və  onu  dayandırmaq,  yaxud fikirlərini mənasız göstərmək istəyir.  Krissip  obrazı  cərəyan  edən  hadisələr fonunda  mənəviyyatın və əsl humanizmin təmsilçisidir. Aktyor Asim Məmmədovun  ifasında  Krissip  obrazı  həm  tragik,  həm  də  komik  xarakter daşıyır.  O,  səhnədə  mənəvi  təmizliklə  “rüsvay şöhrət”  arasında  sıxılaraq  ağlının və hikmətinin dəyərsizləşməsi fonunda tragikomik ziddiyyət yaradır. Bu isə aktyorun  ifa  tərzində  bir  daha  mənəvi  insanın  cəmiyyət  qarşısında  tənhalığının faciəvi  ifadəsi  kimi  göstərilə  bilir.  Aktyorun  ifasında  eləcə  də  Krissip  yalnız bir  fərd  deyil,  o,  həm  də  mənəviyyatlı  insanın  sosial  portretidir.  O,  Herostratın və  hakimiyyətin  qarşısında  vicdanın,  düşüncənin  təmsilçisidir.  Aktyorun  maraqlı detallar  vasitəsilə  təqdim  etdiyi  obraz  sanki  yanmayan  mənəvi  məbədin  keşişi olaraq  da  təqdim  edilə  bilir.  Obraz  aktyor  Asim  Məmmədovun  ifasında  ağlın və  vicdanın  təkliyidir.  Bütün  bu  sadalananlar  aktyor  ifasının  maraqlı  ştrixləri ilə  səhnədən  uğurla  izlənilir.

“Herostratı unudun!” tragikomediyasında Tissafern (hakim) obrazı əsərin ictimai-fəlsəfi  ideyasının  açılmasında  mühüm  yer  tutur.  O,  sadəcə  Efesin  hakimi deyil  həmçinin  hakimiyyətin  riyakarlığını,  qorxaqlığını  və  mənəvi  zəifliyini təmsil  edən  simvolik  bir  obrazdır.  Aktyor  Elvin  Əkbərlinin  səhnədə  təqdim etdiyi  bu  obraz  zahirən  ədalətli,  “qanuna  sadiq”,  şəhərin  qaydalarına  nəzarət edən  bir  hakim  olaraq  təqdim  edilir.  Ancaq  əslində  isə  aktyorun  qorxaq, qərarsız  və  öz  maraqlarını  hər  şeydən  üstün  tutan  biri  kimi  təqdim  edə  bilməsi də  obrazın  mahiyyət  etibarı  ilə  maraqla  izlənilməsinə  şərait  yaratmış  olur. Aktyor  səhnədə  Tissafern  obrazının  öz  “hakim  şöhrəti”nin  əsiri  olduğunu maraqlı  detalları  ilə  təqdim  edir.  Aktyorun  ifası  birmənalı  şəkildə   “kiçik despot”, “böyük bürokrat”, “mənəvi boşluğun rəsmi daşıyıcısı” kimi təsvir edilməklə  göstərilir.  Elvin   Əkbərlinin  ifasında  Tissafern  satirik  və  eyni  zamanda   realist  obraz  olaraq  maraqla  baxılır.

“Herostratı unudun!”   tragikomediyasında  Erita  (rahibə)  obrazı  zahirən sakit, ikinci dərəcəli personaj kimi görünsə də, əsərin mənəvi-fəlsəfi ideyasının mərkəzində  dayanır.  Erita — insan  vicdanının, təmiz inamın və əxlaqi müqavimətin  təcəssümüdür.  Əslində  Erita  məbədin  həm  də  ruhudur.  Onun  üçün Artemida məbədi təkcə daş və mərmər deyil, inancın və insanlıq dəyərlərinin mərkəzidir. Məbəd  yandırıldıqda  Erita  təkcə  bir  tikilinin  deyil,  öz  iç  dünyasının, imanının  da  dağıldığını  hiss  edir.  Bu  baxımdan  o,  maddi  deyil,  həm  də  mənəvi faciə  yaşayır.  Bu  obrazı  Xalq  artisti  Ella  Yaqubova  ifa  edir.  Aktrisa  öz  ifası ilə  bir  daha  dəyərləri  qoruyan  insanlar  çox  vaxt  susqun,  təvazökar,  amma  dərin  düşüncəli  olduqlarını  maraqlı  ştrixlərlə  təqdim  etməyə  müvəffəq  olur. Obraz  həmçinin  aktrisanın  ifasında  ən  tragik  surət  olaraq  göstərilir.  Eritanın tamaşa  boyu  faciəsi  sadəcə  bir  tikilinin  dağılışı  deyil,  mənəviyyatın  alov  içində məhv  olmasıdır. Aktrisanın ifasında təqdim olunan Erita obrazı Artemida ilə insanlar  arasında  körpü  rolunu  oynayaraq   ilahi  və  insani  təmizlik  arasında vasitəçi  olaraq  maraqlı  kontrastı  təqdim  edə  bilir.  Xalq  artisti  Ella  Yaqubovanın ifasında  təqdim  edilən  Erita  obrazı  inamın  və  mənəviyyatın  sarsılmazlığı,  səssiz müqavimət  ideyası, insanın  mənəvi  ölümsüzlüyü  kimi  bir  neçə  mühüm  fəlsəfi məqamı  ifadə  etməyə  müvəffəq  ola  bilir.  Həmçinin  aktrisanın  ifasında  Erita insan  vicdanının  və  mənəvi  müqavimətin  səsidir.

Tamaşa  boyu  maraqla  təqdim  edilən  surətlərdən  bir  də  Kleon  obrazı Efiop  şəhər  dövlətinin  ali  hakimiyyət  strukturlarından  birini  təmsil  edən  şəxsdir. O, ağlabatan, rasionallaşdıran, dövlətin sabitliyini qorumağa çalışan, lakin eyni zamanda  bürokratlaşdırılmış  və  kənar  təsirlərə  qarşı  hədsiz  həssas  olan  bir məmur  tipini  təcəssüm  etdirir.  Kleon  nə  tam  mənada  mənfi,  nə  də  tam  müsbət bir  qəhrəmandır.  Əslində  o,  cəmiyyətin  ideoloji  aparatını  simvolizə  edən tragikomik  bir  fiqurdur.  Kleon  daha  çox  dövlət  idarəçiliyinin  “ağıl  və  qayda” tərəfini təcəssüm etdirir. Onun bütün fəaliyyəti nizam-intizama və qaydalar sisteminə  söykənir.  Lakin  dramaturq  Qorinin  tragikomik  yanaşması  nəticəsində bu  qaydalar  çox  zaman  məntiqsiz,  hətta  absurda  yaxın  görünür.  Bu  baxımdan Kleon  bürokratik  düşüncənin  ifrata  varmış  təcəssümüdür.  Bu  obrazı  aktyor  Paşa  Salmanov  ifa  edir.  Aktyor  səhnədə  ifası  ilə  Herostratın  məbədi yandırmaqla  ad  qazanmaq  istəyinə  qarşı  çıxmaqda  cəmiyyətin  “sağlam  düşüncə” tərəfini  təmsil  etməsini  maraqlı  ştrixləri  ilə  göstərə  bilir.  Onun  ifası  səhnədə rejissor  traktofkasına  uyğun  olaraq  müdrik  kimi  görünən,  lakin  əslində  məntiqi absurda  çarpan  qərarları  tragikomik  effekt  yarada  bilməsinin  maraqlı  tərəfləri olaraq  açıb  göstərə  bilir.  Həmçinin  aktyorun  ifasının  səhnə  davranışlarında dövlət  idarəçiliyinin  qorxu  psixologiyası  da  aydın  şəkildə  görünür.

Eləcə  də  Nəzarətçi  Asim  Əmirov,  Teatr  işçisi  Hüseyn  Mustafayev,  1-ci, 2-ci  və  3-cü  Efesli  surətlərində  Firuz  Hacıyev, Cavidan  Abdullayev  və  Rəvan Adil  də  tamaşa  boyu  maraqla  izlənilməkdədirlər.

Qeyd  edim  ki, tamaşanın  quruluşçu  rəssamı  Pakizə  Adilbəyli,  geyim  uzrə rəssamı isə Aygül Ağakişiyevadır. Tamaşanın musiqi tərtibatı isə Emin  Mirabdullayevə  məxsusdur.

Nəticə  etibarı ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində təqdim edilən  Qriqori  Qorinin  “Herostratı unudun!” tragikomediyası insan psixologiyasını,  cəmiyyətin  mənəvi  deformasiyasını  və  şöhrət  ehtirasının  dağıdıcı gücünü açaraq maraqla baxılan bir səhnə əsəri olaraq satirik itiliyi obrazların  psixoloji  dərinliyi  sayəsində  həm  gülüş,  həm  də  acı  həqiqət  bir arada  olmaqla  təqdimatına  müvəffəq  olunmuşdur.

Anar  Ərtoğrul  Burcəliyev,

Teatrşünas-tənqidçi