Bu gün dünyada qlobal təhlükələrin artması, bir çox ölkələr arasında aramsız münaqişələrin baş verməsi onu deməyə əsas verir ki, bir sıra aparıcı beynəlxalq təşkilatlar öz missiyasını layiqincə icra etmir, bir sözlə beynəlxalq hüquq və ədalət deyil, məhz dünyada güc faktoru əsas rol oynayır.
Azərbaycan belə gərgin geosiyasi və geostrateji proseslərin höküm sürdüyü bir zamanda Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində öz gücü hesabına tarixi ədaləti bərpa edib, öz torpaqlarını Ermənistan təcavüzkarlarının işğalından azad etdi.
BMT dünyanın ən böyük siyasi təsisatdır. Ancaq həm Azərbaycanın haqlı mübarizəsində, həm də dünyanın bir çox dövlətlərinin qanunsuz olaraq ciddi problemlərlə üzləşdiyi bir məqamda BMT-nin təhlükəsizlik şurası dünyadakı sülh naminə öz missiyasını ümumiyyətlə yerinə yetirməsədi. Bu faktı XXI əsrin bir çox reallıqları da göstərir ki, bu qurum öz funksionallığını tam şəkildə itirmişdir. Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyulun 5-də Bakıda keçirilən “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev qeyd etdi ki, BMT-də ciddi islahatların aparılması qaçılmazdır,yəni, baş verən qanunsuz proseslər bu məsələni labüd edir.
BMT təhlükəsizlik şurasının 5 əsas söz sahibindən biri Fransadır. Dünyanın bir çox nöqtələrində qanunsuz, ədalətsiz və işğalçılıq siyasəti ilə parçala və höküm sür prinsiplərinə əsaslanan bu dövlət hansı haqla beynəlxalq hüquqdan danışır? Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyən, Qəmər adalarının Mayot adası üzərində suverenliyini, həmçinin Yeni Kaledoniya xalqının, eləcə də özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarını kobud şəkildə pozan bir ölkənin beynəlxalq təşkilatda aparıcı rol alması haqq-ədalətə zidd olan ciddi problem və dünya ölkələri üçün təhlükəsizlik baxımından təhdidedici məsələdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Fransa bu gün özünün neokolonializm siyasətini davam etdirməyə çalışır. Bu, çox təhlükəli bir tendensiyadır. Son vaxtlar bu ölkədə gedən mürtəce proseslər, baş verən qanlı hadisələr təhlükənin nə qədər real və böyük olduğunu göstərir. Fransa mediasında müəyyən etnik azlıqlara qarşı irqçi fikirlər davamlı və geniş şəkildə yayılmaqdadır. Rəsmi şəxslərin, hətta parlament üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artmaqdadır. Təkcə Əlcəzairdə müstəmləkə dövründə 1,5 milyona yaxın yerli sakini qətlə yetirən və bu azmış kimi, əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi hələ də Paris muzeyində saxlayan dövlətin ərazisində nəinki digər millətlərin nümayəndələri, hətta yerli sakinlər də özlərini təhlükəsizlikdə hiss edə bilməzlər.
“Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik” bu sözlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanizm prinsiplərinə əsaslanmasını və hər zaman olduğu kimi bir daha sülh naminə konstruktiv mövqeyinin bariz nümunəsidir.
İlham Məmmədov,
Millət vəkili