Məlum olduğu kimi, ötən həftə Vladimir Putin Amerikanın Rusiyada terror hücumu hazırlandığına dair xəbərdarlıqlarına məhəl qoymadı, bunun əvəzinə kəşfiyyat rəhbərlərini öz diqqətlərini daha çox “Ukrayna casusları”nın ifşasına yönəltməyə çağırdı. Bundan qısa müddət sonra “Crocus Sity”-də məlum faciəli terror aktı törədildi.
Kanal32.az xəbər verir ki, “The Wall Street Journal”-ın yazısında belə deyilir.
Yazıda qeyd olunur ki, Rusiya matəm günü qeyd edərkən, “Crocus City Hall”-da baş verən hadisə Putinin ölkə daxilində formalaşmış güclü birisi kimi imicinə sarsıdıcı zərbə vurub və onun yaratdığı dövlətin imkanlarını şübhə altına alıb. Yəni, onun hakimiyyəti Rusiya Federasiyası xalqının təhlükəsizliyini təmin edə bilmədiyini göstərib: “Bu, Rusiyanın qonşu Ukraynaya qarşı baha başa gələn müharibə apardığı və Ukrayna qüvvələrinin Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmasının qarşısını almağa çalışdığı vaxtda ortaya çıxan bir çağırışdır. Kiyev bu yaxınlarda Rusiyanın bir çox neft emalı zavodlarına silsilə zərbələr endirə bildi və istehsalı dayandırdı”.
Məqalə müəllifləri qeyd edirlər ki, Putin həm də bu hücumu İŞİD-lə deyil, daha çox Ukrayna ilə əlaqələndirməyə çalışır. Eyni zamanda, Kiyev rəsmiləri onun belə bir terror aktını bəhanə edərək Ukraynadakı müharibəyə daha da çox insan və pul göndərəcəyindən ehtiyat edirlər.
Qəzet daha sonra vaxtilə Putinin çıxışılarının mətnini yazmış, daha sonra isə mühacirət etmiş rusiyalı siyasi texnoloq Abbas Qalyamovdan sitat gətirir: “Bu, Putinin uğursuzluğu kimi qəbul edilir. O, sülh, təhlükəszilik və sabitlik vədləri ilə gəlmişdi, həmin sülh və təhlükəsizlik indi haradadır? Əgər bu, doğrudan da, İŞİD-dirsə deməli, sizin bütün xarici siyasətiniz dəyərsizdir. Ona görə də günahı Ukraynanın üzərinə atmaqda israrlıdırlar”.
Yazıda qeyd olunur ki, əksər Rusiya rəsmiləri indi hücuma görə İŞİD-i bir kənara qoyaraq, açıq şəkildə Kiyevi cavab tədbirləri ilə hədələyirlər. Öz növbəsində, Ukrayna və Qərb hökumətləri Kiyevin bu hücumdakı rolu ilə bağlı Rusiyanın iddialarını rədd edirlər: “Üstəlik, hətta Rusiya televiziyasında da bəzi ekspertlər Ukraynanın bu işlə əlaqəsini şübhə altına alırlar. Onlar müharibəyə qarşı etirazları uğurla yatıran Rusiya xüsusi xidmət orqanlarının nədən “Crocus”-a hücuma bir saatdan artıq müddətdə müdaxilə etməməsi ilə bağlı çətin suallar verirlər”.
Yazıda Rusiyada yaşayan politoloq Mixail Vinoqradovun Rusiyanın RBC telekanalının efirindəki çıxışından sitat gətirilib: “Ukraynanın bu terror aktından nə qazana biləcəyi o qədər də aydın deyil. Biz təhlükəsizlik mövzusunu yenidən düşünməliyik. Hüquq-mühafizə orqanlarının prioriteti əsasən (hakimiyyəti) tənqid edən ictimai xadimlər olub… Rusiya hökumətinin və Rusiya siyasətinin tənqidi terrorçuluq kimi müəyyən edilib”.
Qəzet həmçinin xatırladır ki, Ukrayna Moskvanın Ukrayna şəhərlərinə qarşı raket terroruna cavab olaraq Rusiya Federasiyasındakı neft emalı zavodlarına, hərbi aerodromlara və digər hədəflərə zərbələr endirmək üçün PUA-larını işə salır: “Lakin Ukraynanın bu hücumlarının heç biri mülki əhali arasında kütləvi itkilərə səbəb olmayıb”.
Göründüyü kimi, Putin hakimiyyətinin məlum dəhşətli terror aktına görə məsuliyəti Ukraynanın üzərinə atması cəhdləri hələ ki, “lazımi effekti” vermir. Qərbdə Kremlin bu iddiasını qəbul etmirlər. Rusiyanın özündə də terrorçuların Ukraynadan idarə olunması barədə iddialara şübhə ilə yanaşanlar var. Lakin onlar Kremlin “təbliğat maşınının” təsiri altında olan əhalinin çox cüzi faizini təşkil edir…
“AzPolitika.info”