Gürcüstanlı din xadimləri İlahiyyat İnstitutunda olub

Ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elm və innovasiyalar üzrə prorektor Mirniyaz Mürsəlov ali təhsil müəssisəsi haqqında məlumat verib. Prorektor institutda təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin geyim, yemək və yataqxana xərcləri ilə təmin olunduğunu nəzərə çatdırıb. Gənclərin sağlam ruhda tərbiyə olunmasının vacibliyini bildirən M.Mürsəlov qeyd edib ki, dini biliklərlə yanaşı dünyəvi biliklərə də yiyələnən mütəxəssislərə ehtiyacımız var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov dövlət-din münasibətləri və hazırda ölkəmizdə din sahəsində mövcud olan vəziyyət haqqında məlumat verib. G.İsmayılov yüksələn xətlə inkişaf edən dövlət-din münasibətlərinə diqqət çəkərək, bu siyasətin bariz nümunəsi olan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını xüsusi vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) icraçı direktoru Mehman İsmayılov təmsil etdiyi müəssisə haqqında danışıb. Bildirib ki, Fond mənəvi dəyərlərin qorunması, inkişafı, o cümlədən, din-dövlət münasibətlərinin inkişafı istiqamətində fəaliyyət göstərir. Fond vətəndaşlara dini etiqad azadlıqlarının həyata keçirilməsində dəstək göstərir, maarifləndirmə işləri aparır.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Ramin İgidov Azərbaycanın və Gürcüstanın dini qurumları arasında sıx münasibətlər olduğunu, ölkələrimiz arasında bu sahədə əlaqələrin daha da möhkəmlənməsi və gələcəkdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsindən əminliyini ifadə edib. Ramin İgidov dünyada radikallığın artdığı indiki dövrdə Azərbaycanın tolerantlıq baxımından müsbət təcrübə yaratdığını söyləyərək, bu təcrübənin öyrənilməsinin vacib olduğunu bildirib.

BGMİ-nin Şərqi Gürcüstan müftisi Etibar Eminov, BGMİ-nin Qərbi Gürcüstan müftisi Adam Şantadze və Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov da çıxış edərək, Aİİ-də olmaqdan məmnunluğunu ifadə ediblər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb, din xadimlərinin sualları cavablandırılıb.