Gizir kəşfiyyatçı-snayper Elmar Nəsibovun barelyefinin açılışı və doğum günü oldu

Baş redaktor Namiq Məmmədli və şəhidin anası Sürəyya müəllimə

Sumqayıt şəhərində şəhidlik zirvəsinə ucaqlmış gizir kəşfiyyatçı-snayper Elmar Nəsibovun yaşadığı 4-cü mikrorayon 26-cı evin qarşısında onun barelyefinin açılışı olub.
Tədbirdə şəhidin valideynləri çıxış edib, 14 nömrəli tam orta məktəbin şagirdləri şeir söyləyiblər.
Sonra Nərman Nərimanov adına mədəniyyət evində şəhidə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, iurnalistlər, ictimayyət nümayəndələri iştirak ediblər.
Şəhidə həsr olunmuş videoçarx nümayiş etdirilib. Şəhidin döyüş yoldaşları, sinif yoldaşları onunla bağlı xatirələrini söyləyiblər. Müğənnilər vətənpərvər ruhlu mahnılar ifa ediblər.

Şəhid anası Ceyran Axundova Azərbaycan əsgərinin 44 günlük müharibədəki qələbəsindən danışıb…O,şəhidin anası Sürəyya xanıma gül dəstəsi və Elmar Nəsibovun rəssam tərəfindən çəkilmiş portretini təqdim edib.

Tədbirin davamı “Ceyran”şadlıq evində olub.
Şəhid Mir Abdullanın atası Hacı Əhməd və şəhid Səbudinin anası Maisə Səbuhi şəhidlərə həsr etdikləri şeirlərini söyləyiblər. Müğənnilər şəhidlərə həsr olunmuş mahnı ifa ediblər.

Elmar Şirzad oğlu Nəsibov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə orta məktəbi bitirən Elmar Nəsibovun uşaq vaxtlarından hərb sənətinə böyük marağı olub. Hərbi xidmətdən sonra Silahlı Qüvvələrdə işləməyə başlayıb. Doqquz illik xidməti dövründə Şəmkir, Qazax, Gədəbəy, Daşkəsən və Beyləqanda işləyib. Xidməti dövründə bir sıra təltiflərə layiq görülüb. Vətən oğlu torpaqlarımızın düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayıb. 44 günlük müharibənin ilk günündən ön cəbhədə olub.

“Şahin gözlü” ləqəbi ilə tanınan peşəkar gizir kəşfiyyatçı-snayper olan Elmar Nəsibov Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, qüvvələrini məhv edib. Yaralı yoldaşlarını döyüş meydanından çıxarıb. Oktyabrın 12-də şəhidlik zirvəsinə ucalıb.
O, Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev silahlı Qüvvələrinin giziri Nəsibov Elmar Şirzad oğlunu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edib.

Namiq MƏMMƏDLİ
Sabaha-inamla.az