Gənc ərəb jurnalist Bakıda keçirilən “İƏT Modeli-2022” proqramının bağlanış mərasimindən yazıb

Gənc ərəb jurnalist Faezih Əzizi “Əl Diplomasi” portalında Bakıda keçirilən “İƏT Modeli-2022” proqramının bağlanış mərasimi haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşəbbüsü ilə 11 ildir uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli-Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinin 2022-ci il mərhələsinin bağlanış və qaliblərin təltif edilməsi mərasimindən bəhs edilib. Müəllif diqqətə çatdırıb ki, tədbirdə çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-İƏT münasibətləri, xüsusilə, bu ilin martında İƏT xarici işlər nazirlərinin 48-ci sessiyasında Azərbaycan xarici siyasətinin əldə etdiyi uğurlardan danışıb və “İƏT Modeli” proqramının milli diplomatik kadrların yetişməsinə töhfəsini verəcəyinə ümid etdiyini bildirərək, bu sahədə İƏT Gənclər Forumu ARM-in gördüyü işlərə yüksək qiymət verib. Diplomatik korpus adından danışan Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim “Azərbaycan gəncliyi üçün uğurlu platforma” adlandırdığı bu layihədə artıq illərdir iştirakından şərəf duyduğunu diqqətə çatdıraraq, simulyasiya oyunlarında müzakirə edilən mövzuların vacibliyini nəzərə çatdırıb, eləcə də gənclərə uğurlar arzulayaraq, onları kreativ ideyalara açıq olmağa çağırıb.

Məqalənin sonunda diqqətə çatdırılıb ki, Azərbaycanda akkreditə olunan İƏT səfirlikləri nümayəndələri layihə çərçivəsində keçirilən “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarının finalçılarını müvafiq sertifikat və hədiyyələrlə təltif ediblər.