Gəncə Dövlət Milli Dram Teatrında yaradıcılıq işləri hansı vəziyyətdədir?-FOTOLAR

Yaradıcılıq  işləri  uğurla  davam  etdirilir

Gəncə  Dövlət  Milli  Dram Teatrında 2024-cü ilin repertuar planına uyğun  olaraq  baş rejissor, Prezident mükafatçısı Elşad Əhmədovun quruluşunda  türkiyəli  yazar  Birgül  Gülər  Yaşıloğlunun  “Qadınlar  danışarsa” sosial  dramı  üzərində  yaradıcılıq  işləri  artıq  yekunlaşmaq  üzrədir.

Bu  barədə “Kanal32”yə  Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev məlumat verib. Onun sözlərinə görə, yeni hazırlanan pyesin teatrın kiçik səhnəsində yaxın günlərdə ictimai baxışının olacağı planlaşdırılır.

Anar  Ərtoğrul  Burcəliyev həmçinin bildirib ki, Mədəniyyət naziri, cənab Adil Kərimlinin müvafiq əmrinə əsasən teatrda yaradılan “İKİNCİ NƏFƏS” Teatr  studiyasında  da  tədris  prosesi  uğurla davam etdirilir. Studiyaya  qəbul  edilən  gənclər  bu  gün  teatrın  tarixi  ənənələrini  öyrənməklə  yanaşı  həmçinin  aktyor  sənətinin sirlərinə eləcə də nəzəri biliklərə  yiyələnə  bilirlər.

“Qeyd  etmək  istəyirəm  ki,  teatrın  direktoru  Aqil  Bəhramlı  son  üç ildə  beş  Beynəlxalq  Teatr  festivalında  münsiflər  heyətinin  üzvü  kimi ölkəmizi  təmsil  edib. Bu il isə 16-26  may  tarixlərində  Rumıniyanın  Kraiova şəhərində keçirilən “V Şekspir Beynəlxalq Teatr Festivalı”na fəxri qonaq qismində dəvət olunub. Yaradıcı kollektiv rejissor Tural Mustafayevin quruluşunda hazırlanan E. İoneskonun “Kral ölür” pyesinin tamaşası ilə Portuqaliya və Litva Respublikalarında keçiriləcək iki Beynəlxalq Teatr Festivalına dəvət alıb”.

Gəncə  Dövlət  Milli  Dram  Teatrının  gələcək  yardıcılıq  planlarından danışan  Anar  Ərtoğrul  Burcəliyev  bildirib  ki,  hər  zaman  olduğu  kimi  yenə də Azərbaycan və xarici dramaturqların əsərlərinə müraciət olunacaq. Bunda əlavə,  bir  sıra  xarici  teatrlarla  muştərək  layihələrin  həyata  keçirilməsi  də nəzərdə tutulur. “Belə ki, Gəncə Dövlət Milli Dram Teatrının Gürcüstanın Özurgeti Dram Teatrı, Özbəkistanın Kattakurqan vilayət Dram Teatrı və Rumıniyanın Kraiova Milli Dram Teatrı ilə yaradıcılıq memorandumları mövcuddur. Bu məqsədlə Özurgeti Dram Teatrının bədii rəhbəri Vasili Çikokidze  2025-ci  ilin  repertuar  planına  uyğun  olaraq  Nodar  Dumbadzenin “Kukaraça”  hekayəsinin  motivləri  əsasında  eyni  adlı  tamaşasını hazırlayacaq. Qeyd  etmək  istərdim  ki,  hazırlanması  nəzərdə  tutulan  tamaşa hər  iki  teatrın  yaradıcı  kollektivi  ilə  eyni  vaxta  oynamılması  mqsədilə yaradıcılıq mübadiləsi formasında hazırlanacaq. Həmçinin  Rumıniyanın  paytaxtı  Buxarest  şəhərininin  Milli  Dram  Teatrının bədii  rəhbəri  Feliks  Aleksa  ilə  də  yaradıcılıq  imkanlarının  genişləndirilməsi  və  inkişaf etdirilməsi  məqsədilə  danışıqlar  aparılır” – deyə  Anar  Ərtoğrul  Burcəliyev  bildirib.

 

Kanal32.az