Bizlərə Kəlbəcərə səfər etmək və burada görülən işlərlə yaxından tanış olmaq imkanı yaratdığına görə Azərbaycan hökumətinə minnətdaram.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Kəlbəcərə səfəri zamanı Fələstinin ölkəmizdəki səfiri Nəssir Əbdül Kərim jurnalistlərə açıqlamasında söyləyib.
O, Kəlbəcər şəhərinin və kəndlərin tezliklə tam bərpa olunmasını, rayon sakinlərinin öz doğma yurdlarına geri dönməsini arzulayıb.
“Gözəl təbiətə malik Kəlbəcər rayonu turistik gələcək vəd edir. Azərbaycanın bu əraziləri gələcəkdə çox böyük turizm mərkəzi olacaq”, – deyə diplomat qeyd edib.