Ermənistanın NATO-ya can atması nəyə hesablanıb?

Son 4 ildə Ermənistan Avropa ölkələri xüsusən də, NATO ilə münasibətləri ən fəal səviyyəyə çatdırıb. Hətta, Avropa İttifaqına üzv kimi namizədlik üçün bu ölkənin parlamentində qərar qəbul edildi. NATO nun sabiq baş katibi Anders Rasmussenin Ermənistana gəlməsi və NATO-ya üzvlük üçün çalışan İrəvana dəstək göstərməsi, Azərbaycana sülh sazişini imzalamalı olduğunu deməsi real pərdəarxası məqamlara işıq salmağı vacib edir. Nəzərə alsaq ki, NATO a qoşulmaq üçün 5 ci maddəyə əsasən namizəd ölkənin başqa bir ölkə ilə ərazi münaqişəsi, müharibə vəziyyətində olması onun təşkilata üzvlüyünü mümkünsüz edir. Beləcə, Ermənistanın bu ittifaqa üzvlüyü üçün onun münaqişə vəziyyəti və territorial mübahisəsi olmamalıdır.

Rasmussenin İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasında marağı həm Cənubi Qafqazda Ermənistanı üzv adı ilə forpost ölkə kimi saxlamaq, digər tərəfdən Rusiyanın cənub sərhədlərində NATO hərbi baza və strateji silahlarını yerləşdirib, İran Rusiya arasında bu ölkədə yerləşən kommunikasiya keçidlərinə nəzarəti ələ almaq, həm də Türk Ölkələrinin yaxınlaşması fonunda gələcəkdə Turan İttifaqı qurula bilməsi ehtimalı halında Cənubi Qafqazda özünə strateji mövqe qurmaqdır.

Ermənistan NATO-ya üzv olarsa, şübhə yoxdur ki, özünə güclü hərbi dayaqlar tapacaq, hərbi yardımlar əldə edəcək və yenidən Ölkəmizə qarşı ərazi iddiaları qaldırmaq, gələcəkdə sanksiyalar və qətnamələrin tətbiqində bu təşkilat olan havadarlarından istifadə etmək istəyir.

Ermənistanın demək olar ki, 3 əsrdir Azərbaycan torpaqlarına qarşı olan açıq-aşkar və fəal iddiaları mümkün deyil ki, birdən-birə bitsin və NATO kimi güclü təşkilata İrəvan üzv olsa, yenidən anti-Azərbaycan mövqeyini ortaya qoymasın.

Vaxtilə Rusiyanın havadarlığı ilə Qarabağı işğal edən, humanitar terror törədən bu ölkə indi özünə NATO və ABŞ adlı havadar tapıb və əsas məqsəd itirdiyi gücünü bərpa etməkdir.

Ermənistanın NATO-ya üzv olmaq istəməsi Rusiya üçün bölgədə maraqlarına zidd olduğu üçün, Paşinyan hökümətinə qarşı daxildə olan revanşist qüvvələr, o cümlədən Qalustanyan adlı keşişin başçılığı ilə çevriliş etmək və hakimiyyətə özünün seçdiyi qüvvələri gətirmək istəyir.

İstisna deyil ki, Paşinyan hökümətinə qarşı Ermənistanda yenidən Rusiyanın dəstəyi ilə impiçment xarakterli etirazlar baş qaldırsın və çevrilişə cəhd edilsin.

ABŞ nin marağı isə həm də Ermənistan vasitəsi ilə İranın şimal ərazilərinə və yaxın şərqə nəzarəti ələ almaqdır.

İsrail-İran münasibətlərinin gərginləşməsi fonunda ABŞ müttəfiqlərini itirən Tehranı müharibə ehtimalı zamanı həm şimaldan, həm yaxın şərq vasitəsilə şərqdən, həm də Hörmüz körfəzi ilə cənubdan mühasirəyə almaq istəyir. Həm də hərbi bazalarını bölgədə həm Rusiyaya həm İrana qarşı taktiki gediş fiquru kimi saxlamaq istəyir.

İran ABŞ və İsrail koalisiyası ilə müharibə baş verərsə Rusiyadan birbaşa olaraq Ermənistan ərazisindən hərbi yardım ala bilər deyə, NATO vasitəsilə bu keçid xəttinin ələ alınması ilə yardım da məhdudlaşdırılacaq.

Müəllif: Siyasi şərhçi İsa İsmayılov