Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimlərindən olan çar Rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna — Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də, bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.
1828-ci ilin fevral ayının 10-da bağlanmış Türkmənçay müqaviləsi ilə Azərbaycanı iki yerə bölən çar Rusiyası ermənilərə Azərbaycan torpaqlarında erməni vilayətinin yaradılmasnı vəd vermiş və bu vədə də əməl etmişdir. Həmin ilin mart ayının 20-də çar I Nikolayın erməni vilayəti yaradılması barədə verdiyi fərmanda göstərilirdi ki, İranla bağlanmış müqaviləyə əsasən İrandan Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqlarının 78-i bundan sonra erməni vilayəti adlandırılacaqdır. Erməni vilayəti İrəvan və Naxçıvan əyalətlərinə, bir də Ordubad dairəsinə bölünmüşdür. Ermənilərin XVI əsrdən bəri davam edən dövlət yaratmaq uğrunda ardıcıl səyləri bir an belə səngiməmiş, nisbətən əlverişli tarixi şərait yarandıqda isə bu səylər daha da yüksəlmişdir. Erməni millətçilərinin “böyük Ermənistan” dövləti yaratmaq xülyası, Azərbaycan türklərini kütləvi surətdə məhv etmək, yaşdıqları yurdlarından qovub çıxarmaqla həmin ərazidə ermənilərin sayca üstünlüyünə nail olmaq və beləliklə, “milli çoxluğun” dövlətini yaratmaq ideyasını reallaşdırmaq planı idi. Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XIX-XX əsrlərdə müəyyən mərhələlərlə azərbaycanlılara qarşı həyata keçirtdikləri kütləvi qırğınlar, soyqırımlar və deportasiyalar nəticəsində yerli əhalinin etnik tərkibində ciddi dəyişikliklər baş vermişdir.
1918-ci ilin mayında Cənubi Qafqazın siyasi xəritəsində müstəqil Azərbaycan və Ermənistan dövlətlərinin meydana gəlməsi ilə ermənilər və azərbaycanlılar arasında ilk dəfə olaraq 1905-1906-cı illərdə qeydə alınmış etnik toqquşmalar Ermənistan və Azərbaycan arasında dövlətlərarası münaqişə səviyyəsinə çatdı. Bu münaqişənin əsasında Ermənistandakı daşnak hökumətinin Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ermənilərin məşkunlaşdığı əzəli Azərbaycan torpaqlarını ələ keçirmək cəhdləri dayanırdı. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Statistik məlumatlar göstərir ki, XIX əsrdə Azərbaycanın başqa bölgələrinə nisbətən ermənilər Zəngəzurda daha kompakt halda məskunlaşmışdılar.
1918-20-ci illlərdə Azərbaycanlılara qarşı törədilən soyqırım və etnik təmizləmə əməliyyatı Zəngəzurda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Zəngəzurun mövcud olduğu bütün tarix boyu azərbaycanlılara qarşı törədilmiş qanlı qırğınlar öz qəddarlığı ilə bəlkə də anoloqu olmayan faciələrdəndir. Zəngəzurda azərbaycanlılara qarşı törədilən soyqırımların əsas səbəbkarlarından biri erməni generalı Ozanyan Andronik olmuşdur. 1918-ci ilin əvvəllərində 10 min nəfərlik hərbi bir dəstə ilə Türkiyədən Qafqaza keçən Andronik İrəvan, Naxçıvan, Dərələyəz mahallarında bir sıra qırğın və talanlar törədərək 1918-ci ilin mayında Zəngəzura daxil olmuş, avqust ayının sonlarına qədər Sisyan rayonunda azərbaycanlılara qarşı xüsusi bir qəddarlıqla soyqırım və etnik təmizləmə əməliyyatı həyata keçirmişdir. Həmin dövr ərzində Sisyan rayonunda olan bütün azərbaycanlı kəndləri dağıdılmış, azərbaycanlı əhalinin təxminən 30%-i öldürülmüş, qalan əhali isə qaçqın vəziyyətinə düşərək, bir hissəsi Naxçıvana, bir hissəsi isə quberniyanın Şuşa və Cəbrayıl qəzalarına pənah aparmışdır.
Andranikin dəstələrinin Zəngəzur qəzasına gəlməsi yerli ermənilər arasında ruh yüksəkliyinə səbəb olmuşdu. Zəngəzur qəza rəisi Məlik Namazəliyevin 1918-ci il sentyabrın 11-i və 12-si tarixli raportundan görünür ki, onlar Zəngəzurun müsəlmanların yaşadığı kəndlərinə daha tez-tez hücumlar təşkil edərək əhaliyə böyük zərər yetirirdilər. Onun sözlərinə görə, qaniçən Andranikin rəhbərliyi altında ermənilər onlarla müsəlman kəndini darmadığın edərək 500-dən çox şəxsi qətlə yetirmişdilər. M.Namazəliyevin məruzəsində vurğulanırdı ki, Andranik kəndləri yerli (Zəngəzur) ermənilərin xahişi ilə tar-mar etmişdi. 1918-ci il oktyabrın 30-da imzalanmış Mudros müqaviləsinə əsasən Osmanlı imperiyası Cənubi Qafqazdakı hərbi hissələrini çıxarmağı öhdəsinə götürdükdən sonra bu regiondakı vəziyyət kəskinləşmiş oldu.
Türk qoşunlarının gedişi Andranikin hərbi birləşmələrinin Zəngəzur ərazisindən Qarabağı nəzarətə almağa cəhd etməsinə şərait yaratdı. “Xalq rəhbər”inin 1918-ci ilin noyabrından etibarən Qarabağın və Zəngəzurun azərbaycanlı əhalisinə qarşı təşkil etdiyi hücumlar sistemli xarakter almağa başladı. 1918-ci il noyabrın 22-də Andranikin quldur dəstələrinin Gorusa gəlməsi ilə qısa müddət ərzində 30 müsəlman kəndi talan edilmişdir.
Xristian qurultayının və milli şuranın təklifi ilə Zəngəzurda “ali baş komandanın bütün səlahiyyətləri ilə silahlı qüvvələr üzərində baş komandanlığı öz üzərinə götürmüş” Andranik amansızcasına müsəlman kəndlərini viranə qoymaqda davam edirdi. Bütün bu cinayətlər sözdə sülh və sakitliyin təmin edilməsi tərəfdarı kimi çıxış edən ingilis-fransız missiyasının gözləri qarşısında baş verirdi. Zəngəzur qəza rəisi M. Namazəliyevin Azərbaycan Respublikası hökumətinə göndərdiyi 11 dekabr 1918-ci il tarixli növbəti teleqramında Andranikin başçılığı altında ermənilərin Zəngəzur qəzasında törətdikləri yeni vəhşiliklər haqqında danışılırdı. Bununla əlaqədar məlumat verilirdi ki, ermənilərin Zəngəzur qəzasının müsəlman kəndlərinə hücumları nəticəsində “cinsindən və yaşından asılı olmayaraq əhali vəhşicəsinə qırılır, meyitlər təhqir olunur. Hazırda 10 nəfər qadın ermənilərin əlində əsirdir”. Regiondakı vəziyyət Azərbaycan Respublikasının parlamentinin 1918-ci il 20 dekabr tarixli iclasında müzakirə edilmişdi. Bu məsələ ilə bağlı hökumət başçısı F.X.Xoyski çıxışında qeyd etmişdi ki, “Andanikin planı Zəngəzuru və Şuşanı müsəlman əhalidən “təmizləmək” və bu əraziləri Azərbaycan torpaqlarından qoparmaqdır”. Hökumətin münaqişəni Andraniklə dinc danışıqlar yolu ilə həll etməklə bağlı çoxsaylı cəhdləri barədə deputatları məlumatlandırarkən o, sonuncunun Azərbaycan hökuməti nümayəndələri ilə hər hansı əlaqələr qurmaq istəmədiyini bildirmişdi. Məsələ ilə bağlı müzakirələrin nəticəsi olaraq, xarici təcavüzün qarşısının alınması məqsədilə hökumət tərəfindən hərbi-siyasi kompleks tədbirlərin görülməsi zərurəti haqqında qərar qəbul olunmuşdu.
Zəngəzur və Qarabağ ərazisində Andranikin silahlı quldur dəstələrinin 1918-ci ilin yayından 1919-cu ilin yazınadək fasilələrlə davam etmiş qanlı cinayətlərinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası hökumətinin qərarı və ingilis komandanlığının razılığı ilə 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıl qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdır. Azərbaycan hökumətinin öz tarixi torpaqlarında general-qubernatorluq yaratması və Xosrov Paşa bəy Sultanovun bu vəzifəyə təyin etməsi haqqında qərarmı daşnaklar çox böyük narahatlıqla qarşıladılar. Ermənistan Xarici İşlər Nazirliyinin Rusiya hökumətinə, digər aparıcı dövlətlərə və beynəlxalq təşkilatlara çoxsaylı müraciətlərində, Azərbaycan hökumətinə etiraz notalarında, belə bir iddia irəli sürülürdü ki, guya bu bölgənin böyük bir hissəsi Ermənistan ərazisidir, Xosrov Paşa bəy isə guya ermənilərin düşmənidir. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab Qarabağm tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general qubernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. Nəhayət ki, Xosrov bəy Sultanovun başçılıq etdiyi general-qubernatorluğun yaradılmasından sonra Qarabağ və Zəngəzur ərazisində törədilən qanlı cinayətlərə son qoyulmuşdur.
1919-cu ilin aprelində Andranik dəstəsi ilə birlikdə Zəngəzuru tərk edərək, Azərbaycan hökumətinin ona təqdim etdiyi dəhliz vasitəsi ilə Ermənistan Respublikası ərazisinə qayıtmışdır. Burada o dəstəsini buraxmış, özü isə Tiflis vasitəsilə mühacirətə getmişdi. Azərbaycandakı Britaniya missiyasının Qarabağ və Zəngəzuru Ermənistana birləşdirmək planlarına dəstək verməməsindən məyus olmuş Andranik digər erməni siyasətçilərlə birlikdə Parisə köçüb getmişdir.
Andronikin vəhşilikləri haqqında Azərbaycan Cümhuriyyəti Hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, yerli hakimiyyət nümayəndələrinin, ictimai xadimlərin teleqram və məktublar və dövrü mətbuat səhifələrində, eləcə də çoxsaylı şahid ifadələrində kifayət qədər faktlar və materiallar mövcuddur. Fövqəladə Təhqiqat Komissiyası topladığı 36 cildlik istintaq materiallarının (3500 səhifəlik) 2 cildi (təqribən 80 səhifəlik) Zəngəzur qəzasındakı hadisələri özündə əks etdirir. Zəngəzur qəza rəisi M. Namazəliyevin məlumatına görə Andronikin başçılığı ilə erməni quldurları Urud, Darabas, Ağadu, Vağudi, Arıqlı, Şukər, Məlikli, Pulkənd, Şəki, Qızılcıq, Qarakilsənin müsəlman hissəsini, İrmis, Pəhlili, Kürdlər, Xotanan, Sisiyan, Zabazadur müsəlman kəndlərini dağıdaraq insanı qətl etmişdi.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylov 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında hazırladığı məruzədə 2 azərbaycanlı əhalinin soyqırımına məruz qalmasını konkret faktlarla əsaslandırmışdır. Məruzədə qeyd edildiyi kimi, Zəngəzur qəzasında ermənilərin müsəlmanlar üzərində fasiləsiz zorakılıqlar həyata keçirmələri baxımından daha ağır şərait mövcud idi. Yüksək dağlıq ərazidə yerləşməsindən və qonşu Şuşa və Cəbrayıl qəzaları ilə əlaqələrinin pozulmasından, eləcə də müsəlman kəndlərinin pərakəndə halda, erməni kəndlərinin əhatəsində yerləşməsindən istifadə edən ermənilər bölgədə daha əlverişli vəziyyətdə idilər. Azərbaycanın digər bölgələri ilə müqayisədə qəza müsəlmanların vəziyyəti daha ağır idi. Yaxşı silahlanmış erməni kəndliləri ilə yanaşı qəzada general Andronikin rəhbərliyi altında mütəşəkkil hərbi hissənin silahlı qüvvələri cəmləşərək Zəngəzur ərazisinə soxulmuş və Ermənistan Respublikasının göstərişinə uyğun olaraq müsəlman əhalisinə ermənilərin hakimiyyətinə tabe olmağı, əks təqdirdə qəzanı tərk etməyi tələb etmişdi. Andronikin əsas məqsədi bununla Zəngəzuru Ermənistan Respublikanın tərkibinə qatmaqdan ibarət idi. Onlara tabe olmadan imtina edən müsəlmanlara qarşı ermənilər misli görünməmiş vəhşiliklər törədir, müsəlmanları qətl edir, kəndlərin yandırır və dağıdır, əmlakılarını, mal-qarasını aparır, torpaqlarını ələ keçirirdilər. Sisyan mahalının I polis sahəsinin bütün müsəlman kəndləri, II sahənin kəndlərinin əksər hissəsi, III, IV, V sahələrin mühüm hissələri tamamilə məhv edilmiş, bəzi kəndlər tamamilə yerlə-yeksan edilərək ermənilər tərəfindən əkin sahələrinə
çevrilmişdi. Öz yurd-yuvalarından qaçqın düşən 50000 nəfərdən çox müsəlman 4-cü sahədə və qonşu Cəbrayıl qəzasında məskunlaşmışlar. Şahidlərin ifadələri əsasında tərtib olunmuş məruzədə ermənilərin törətdikləri cinayətlər haqqında ətraflı məlumat vermişdir. Məruzədə 115 kənd dağıdılmış, məhv edilmiş və qeyd olunan kəndlərdə 10068 nəfər müsəlman öldürülmüş və ya yaralanmışdır.
Ermənilərin xalqımıza qarşı yönəlmiş soyqırımı və deportasiya siyasətinin ən qanlı səhifələrindən biri də 1919-cu ilin dekabr, 1920-ci ilin yanvarında yazılmışdır. Əfsuslar olsun ki, bu hadisələrdən bir əsrə yaxın vaxt keçsə də, Azərbaycan xalqı bu qanlı faciələrin əsl mahiyyətindən, səbəb və nəticəsindən hələ də yetərincə məlumatlı deyillər. 1920-ci il iyulun sonlarında XI Qırmızı ordu hissələri tərəfindən Zəngəzur ələ keçirildikdən sonra vəziyyət bir müddət sabitləşsə də, bolşevik qoşun hissələrinin Naxçıvana hərəkət etməsindən istifadə edən Dro və Njdenin dəstələri yenidən Zəngəzura soxuldular və Bazarçayı, Sisyan, Əngəlidi və Gorusu tutdular. Bütün bunlar Zəngəzur müsəlmanlarının vəziyyətinin yenidən pisləşməsinə, yeni qaçqınlar dəstəsinin yaranmasına gətirib çıxardı. Qaçqınlar arasında xəstəlik və aclıq hökm sürürdü. Yalnız 1920-ci il avqustun əvvəllərində sovet hissələrinin keçirdiyi əməliyyatlar nəticəsində erməni qoşunlarına ciddi zərbələr vuruldu.
1920-ci ilin avqust-noyabr ayları ərzində qəzanın müxtəlif yerlərində məhəlli döyüşlər başladı. Xüsusən Mehri və Qafan rayonlarını əlində saxlayan Njdenin dəstələri azərbaycanlılar üçün yenə də təhlükə mənbəyi olaraq qalırdı. Ermənistanın sovetləşməsindən sonra Zəngəzurda milli toqquşmalar müəyyən qədər səngisə də, bolşevik Rusiyasının təzyiqi altında bu əzəli Azərbaycan torpağının Ermənistana verilməsi istiqamətində atılmış addımlar 4505 km2 bir ərazinin həmişəlik itirilməsi ilə nəticələndi. Qəzanın sovetləşməsi və Ermənistanın tərkibinə daxil edilməsi burada yaşayan azərbaycanlı əhaliyə qarşı ayrıseçkilik siyasətinin yeni forma və məzmunda davam etməsinə şərait yaratdı. Ermənistan SSR rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə azərbaycanlı qaçqınların öz doğma yerlərinə qayıtmalarına nəinki imkan verilmədi, əksinə, qəzada sayları xeyli azalmış azərbaycanlıların sıxışdırılmasına başlandı. Zəngəzurda yerli azərbaycanlıların zorla öz evlərindən qovulması və onların yerinə gəlmə ermənilərin yerləşdirilməsi ilə bağlı narahatlıq hətta II Azərbaycan Sovetlər qurultayında belə ifadə olunmuşdu. Vaxtilə Zəngəzurdan qovulmuş 50 mindən çox azərbaycanlı qaçqının yalnız 5 mini öz vətəninə dönməyə nail olmuşdu. 1917-ci ildə Zəngəzur qəzasında 123085 nəfər təşkil edən azərbaycanlıların 1926-cı il siyahıyaalınma göstəricilərinə görə sayı heç 5 minə belə çatmamışdı. Zəngəzurun əksər hissəsini ələ keçirməklə kifayətlənməyən ermənilər bölgənin Azərbaycan SSR-də qalmış cüzi hissəsinə-Cəbrayıl, Qubadlı, Zəngilan qəzalarının ərazilərinə də iddialar irəli sürmüş, müəyyən dərəcədə buna nail olmuşlar. Belə ki, erməni məkrinin təsiri altında yeni inzibati vahidlik – Mehri rayonunun yaradılması adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ərnəzir və Tuğut Ermənistana verilmişdi. Beləliklə, tarix boyu “türksüz Ermənistan” xülyası ilə yaşayan, müsəlman xalqlarının qatı düşməni olan ermənilərə rus hökuməti tərəfindən məmləkətimizin ən dilbər guşələrindən biri olan Zəngəzur qəzası bağışlandı. Bununla da 1920-ci ildə Zəngəzur və İrəvan Ermənistanın tərkibinə qatıldıqdan sonra daşnak proqramının məkrli planının bir hissəs yerinə yetirilmiş oldu.
Lətafət Beybutova Ələsgər qızı,
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin müdiri