Məlum olduğu kimi, mayın 10-u axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədiblər.
Müdafiə Nazilriyindən verilən məlumata görə, Ermənistanın təxribatı nəticəsində 1 hərbi qulluqçumuz şəhid olub, 4 hərbçimiz isə yaralanıb. Ordumuzun cavab tədbirləri nəticəsində düşmənin 4 hərbçisinin yaralandığı, ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, hazırda təmas xəttində nisbi sakitlikdir. Buna baxmayaraq ordumuz cavab tədbirləri görür.
Bəs Ermənistan niyə növbəti dəfə belə bir təxribata əl atdı?
Bu barədə hərbi ekspert Elxan Şıxəliyev “AzPolitika.info”-ya şərhində bildirib ki, Ermənsitanla şərti sərhəddə yaşanan bu cür lokal, taktiki səviyyədə atəşkəs pozuntuları hər zaman böyük konfliktərə çevrilə bilər: “Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ermənistan tərəfi təxribat zamanı minaatanlardan da istifada edib. Bu o anlama gəlir ki, qarşı tərəf artıq tabor taktiki səviyyəsində konfkliktə cəhd edir. Çünki minaatan batareyaları tabor komandirinin tabeçiliyində olan bir bölmədir. Mövqelərdə minaatanlar olmur”.
Ekspert qeyd edir ki, Ermənistanım bu təxribatı mayın 14-də Brüssseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşlə bağlıdır: “Ermənistan hər zaman bu cür yüksək səviyyəli görüşlərdən öncə belə təxribatlara əl atır. Qarşı tərəf belə təxribatlara gedərək, sülh sazişi üçün zamanın yetişməməsini təmas xəttindəki vəziyyətlə əlaqələndirməyə çalışır. Yəni, görüntü yaradılar ki, atəşkəs pozulur və deməli, hələ sülh sazişi üçün şərait yaranmayıb. Bu, Brüsseldəki görüşdə nəticənin olmamasına hesablanan bir addımdır”.
“Ermənistan cəmiyyəti bilməlidir ki, sülh sazişi yoxdursa, hər zaman bu cür kiçik çaplı atəşkəs pozuntuları genişmiqyaslı əməliyyata çevrilə bilər. Bunun nümunləri də var. Azərbaycan Silahlı Qüvvlərinin Fərrux və Sarıbaba əməliyyatlarında, həmçinin sərhəddəki digər qarşıdurmalarda bu cür təxribatlara necə cavab verdiyi hər kəsə məlumdur. Ermənistan öz havadarlarına, xüsusən də Avropa İttifaqının oradakı mülki missiyasına arxayın olub ordumuza qarşı təxribat törətməməlidir. Bu qəbuledilməzdir! Ermənistan Azərbaycan tərəfinin misliylə qarşılıq verəcəyi cavab tədbirlərinə hazır omalıdır”.-deyə, ekspert vurğulayıb.
Hərbi ekspert Telman Qasımov isə musavat.com-a açıqlamasında Ermənistanın bu təxribata müəyyən müddətdir hazırlaşdığını bildirib: “Son günlər ermənilərin xüsusilə Zəngəzur və Basarkeçər rayonunun Vardanes istiqamətindən Kəlbəcər istiqamətində silah-sursat daşıması göstərirdi ki, düşmən nəyəsə hazırlaşır. Digər tərəfdən, qarşıda Brüssel görüşləri gözlənilir. Ondan sonra Moskvada görüş keçiriləcək. Düşmən tərəfi bilərəkdən bunları hazırlayırmış ki, keçiriləcək görüşlərdə Azərbaycana təzyiq göstərə bilsin”.
Ekspert bildirib ki, ermənilərin planı baş tutmayacaq: “Azərbaycanın siyasi, hərbi gücü buna imkan verməyəcək. Qərblə Rusiya arasında qalan Paşinyanın sərhəddə eskalasiya yaratması onu göstərir ki, o, vaxt udmaq üçün vəziyyəti ağırlaşdırır. Paşinyan özünə tam şəkildə himayədar tapana qədər sülh müqaviləsinin imzalanmasını istəmir. Hazırda Qərblə Rusiya arasında sülh müqaviləsi, sərhədlərin delimitasiyası, Qarabağ ermənilərinin gələcəyi ilə bağlı məsələlərdə ciddi qarşıdurma gedir”.
Hərbi ekspert vurğulayıb ki, Brüssel görüşünə qədər hadisələr dəyişə bilər: “Ona görə də görüşün baş tutub-tutmayacağı barədə nəsə demək çətindir. Görüşdən imtina da oluna bilər, vaxt uzadıla da bilər. Paşinyanın Moskvaya səfəri, onun paradda iştirakı göstərdi ki, Ermənistan Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiyanın yanındadır. Çox güman ki, Qərb Paşinyanı cəzalandıracaq. Çünki Qərb Paşinyanın paradda partnyor qismində iştirakının əleyhinə idi. Vəziyyət getdikcə qızışmaqdadır. Ukrayna silahlı qüvvələrinin genişmiqyaslı həmləsi bir çox məsələləri öz həllinə çatdıracaq. Rusiyanın Ukraynada çox böyük itkilər verməsi, xüsusilə “Vaqner”in 500-dən artıq itkisi, Yevgeni Priqojinlə Rusiya Müdafiə Nazirliyi arasında yaranan qarşıdurma bizim bölgəyə də təsir edəcək. Xüsusən cəbhə bölgəsində və Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə müəyyən dəyişikliklər olacaq. Hələ ki, sülh müqaviləsinin bağlanma reallığı görünmür”.
“AzPolitika.info”