Mingəçevir şəhərinin Energetiklər qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Kanal32.az xəbər verir ki,Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin energetiklər qəsəbəsində yaşayan sakinlərlə səyyar görüş keçirib. Görüşdə millət vəkili Aydın Mirzəzadə,şəhər Polis şöbəsinin rəisi Ədalət Əliyev,idarə,müəssisə rəhbərləri və icra hakimiyyətinin nümayəndələri iştirak edib.
İlham İsmayılov görüşdə vurğulayıb ki, prezidentin tövsiyə və tapşırıqları əsasında indiyə qədər ayrı-ayrı məhəllələrdə səyyar görüşlər keçirilir: “Sakinlər həlli vacib problemlərin aradan qaldırılmasını diqqətə çatdırıblar. Biz insanların rahat şəraitdə yaşamaları və istirahət etmələri üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Görüşə gələn qəsəbə sakinləri onları narahat edən problemləri bildiriblər. Qəsəbə sakinlərini dinləyən başçı onları əmin edib ki, qaldırılan problemlər mərhələ-mərhələ öz həllini tapacaq və ilin sonunadək qəsəbədə nümunəvi məhəllələrin sayı artırılacaq.
Görüşdə iştirak edən millət vəkili Aydın Mirzəzadə çıxışında bildirib ki,dövlət belə canlı görüşlərin keçirilməsində maraqlıdır:”Ümumilikdə götürüləndə belə görüşlər ölkənin bütün bölgələrində vaxtaşırı keçirilir.Əhalinin problemləri öyrənilir və həlli istiqamətində işlər görülür.Tez-tez qaldırılan məsələlərdən bir də şəhərdə sosial evlərin tikilməsi məsələsidir və bunun da həllinə nail olacayıq. Yaxın vaxtlarda Mingəçevir şəhərində sosial evlərin tikintisinə başlanılacaq. Hazırda isə şəhid ailələri və qazilər üçün şəhərdə tikilən yeni binanın inşaası başa çatmaq üzrədir.
7 fevralda mən sizin hamınızı seçkiyə gəlməyə və seçiminizi etməyə ,Azərbaycanın 7 fevraldan sonra gedəcəyi yolun müəyyənləşdirilməsində sizində iştirakınızı arzulayıram. Burda qaldırılan məsələlər bir daha onu göstərdi ki,insanlar fəaldır,insanlar problemləri gizlətmir və həmin problemləri qaldırmaqda maraqlıdırlar, eyni zamanda hakimiyyətdə həmin problemləri öyrənməkdə və həll etməkdə maraqlıdır”.
Esmira Hidayətova,
Mingəçevir