“Heydər Əliyev ili” ilə əlaqədar olaraq Neftçala rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsi: milli dövlətçilik və müasirlik” adlı elmi-praktik konfrans keçirildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan xalqının Ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi respublikamızın bütün ərazisində dövlət səviyyəsində qeyd olunur.
21 fevral 2023-cü il tarixində “Heydər Əliyev ili” ilə əlaqədar olaraq Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev irsi:milli dövlətçilik və müasirlik” adlı elmi-praktik konfrans keçirilmişdir.
Tədbirdə rayonun qabaqcıl ziyalıları, müəllimlər, mədəniyyət işçiləri, gənclər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Ulu Öndərin, Şəhidlərin əziz xatirəsinin sükutu ilə açıq elan edildi.
Daha sonra tədbiri giriş sözü ilə başlayan Mərkəzin direktoru Könül Məmmədova bildirdi ki, böyük və ibrətamiz həyat yaşamış Ümummilli Lider Heydər Əliyevin ideya dünyasının, təməlini qoyduğu siyasi kursun, strateji inkişaf xəttinin ömrü çox uzaq gələcəyə hesablanıb. Yaxın tarixə nəzər salanda bir daha şahid oluruq ki, Heydər Əliyev dühasının xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun gördüyü işləri, xalqımız qarşısındakı xidmətlərini yaddan çıxarmaq mümkün deyil.
Sonra “Heydər Əliyev və Azərbaycan tarixinin aktual problemləri” mövzusunda çıxış edən Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov Ulu Öndərin XX əsrin Azərbaycan tarixində tutduğu yeri ümumi şəkildə qiymətləndirirək qeyd etdi ki,
“XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Azərbaycan tarixinin böyük bir mərhələsi Ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, qurucusudur. Azərbaycanda hüquqi dövlət quruculuğu Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1970-ci illərdən başlayaraq Azərbaycanda milli dirçəlişin formalaşmasında və inkişafında, milli kadrların o cümlədən, hərbiçi mütəxəssislərin hazırlanmasında böyük rolu olmuşdur. Azərbaycanın beynəlxalq alımdə tanıdılmasında, milli-mənəvi dəyərlərimizin qorunmasında, milli ideologiyamızın formalaşmasında Heydər Əliyenin xüsusi xidmətləri olmuşdur. Xalqımız Ulu öndərin irsini həmişə öyrənəcək, tərbiyə vasitəsi kimi onun ideyalarını təbliğ edəcəkdir ”.
Daha sonra tədbirdə Azərbaycan Respublikası Prezindenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirlinin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı məruzəsi dinlənildi. O bildirdi ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovetlər birliyinin dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ulu Öndər sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür.
“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxış edən AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın- Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna diqqət vermişdir.Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi, daim diqqət mərkəzində saxlamasıdır.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının tədbirdə “Heydər Əliyev və Azərbaycan diplomatiyası” mövzusunda çıxış etmişdir. O vurğulayıb ki, 1993-cü ildə Ulu Öndərin ikinci dəfə hakimiyyət gəlməsindən milli maraqlarımıza uyöun olaraq Azərbaycan Respublikası müstəqil və balanslaşdırılmış xarici siyasət həyata keçirməyə başlayır. Bu siyasət Azərbaycan xalqının təhlükəsiz gələcəyinin təminatına, Cənubi Qafqazda Azərbaycanın ən mühüm ölkəyə çevrilməsinə yönəlmişdir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Kompleks və çoxşaxəli xarakter daşıyan Azərbaycan diplomatiyasının başlıca prioritetlərindən olan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəlmişdi. Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu beynəlxalq hüquq çərçivəsində 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv edərək, işğal altında olan əraziləri azad etdi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi”.
Konfransın sonunda çıxış etdikləri məruzələrə görə alimlərə təşəkkürnamələr təqdim edilib.
İki saata yaxın davam edən elmi-praktik konfrans müzakirələrlə yekunlaşıb.