Hazırda həbsdə olan sabiq Baş prokuror, görkəmli dövlət xadimi, sabiq səfir Eldar Həsənovun qızı məhkəmədə atasına yönəlik qeyri-insani davranışlar və prosesual pozuntular barədə geniş açıqlama verib.
Kanal32.az həmin açıqlamanı olduğu kimi təqdim edir:
Noyabrın 26-da Ağır Cinayətlər Məhkəməsində atam, sabiq səfir Eldar Həsənovun növbəti məhkəmə prosesi keçirildi. Yenə də vəkillərin qaldırdığı vəsatətlər rədd edildi. Biz əslində hakimin atamla bağlı bütün vəsatətləri birmənalı rədd etməsinə vərdiş etmişik. Amma bu dəfəki sözün əsl mənasında, absurd idi. Həkim Adil Qeybullanın DTX təcridxanasında atamı müayinə etməsi ilə bağlı vəsatətin qəbul edilməməsi, üstəlik, həkimin “hərşeyşünas” adlandırılması, atamın səhhətinin ağırlığının nəzərə alınmaması məni həqiqətən çox üzdü.
Biz atamın həbsinin arxasında hansısa “siyasi sifariş”in olmasının fərqindəyik. Bunu həftədə 2 dəfə keçirilən məhkəmə prosesləri açıq-aydın göstərir. Hər dəfə dindirilən şahidlər istintaqa verdikləri ifadənin müstəntiq tərəfindən saxtalaşdırıldığını bəyan edirlər. Atamın ittiham olunduğu maddələr üzrə günahsız olduğu ortadadır. Amma kimlərinsə sifarişi ilə məhkəmə şousu, ya da məzhəkə deyək, inadla davam etdirilir. Məqsəd nədir? Atamı öldürmək istəyirsiniz?!
Özü məhkəmədə bildirib ki, hər gün 31 dərman qəbul edir. O dərmanların qəbulu davam etdirilməlidirmi, ya dayandırılmalı, yeniləri ilə əvəzlənməlidirmi, buna həkim məsləhəti lazım deyilmi? Biz Adil Qeybullanın bu məqsədlə atamı müayinə etməsini istəyirdik. İnandığımız bir həkimin doğru yöntəmləri çox vacibdir. Çünki indiyədək atamı müayinə edən həkimlərin atamla bir cür, rəhbərliklə başqa cür danışmasının şahidi olmuşuq və artıq onların obyektivliyinə əsaslı şübhələrimiz var. Amma… Dediyim kimi, acı reallıq ortadadır.
Biz birmənalı şəkildə yenə o fikirdəyik ki, atam haqqında Prezident İlham Əliyevdə olduqca yanlış təsəvvür yaradılıb, saxta, həqiqətə uyğun olmayan məlumatlar verilib. İnformasiya texnologiyaları dövründə istənilən şəxs haqqında istənilən sənəd, söhbət, hətta səs yazısı belə quraşdırmaq mümkündür. Biz atama kimlərsə tərəfindən şər-böhtan atıldığına əminik. Ancaq eyni zamanda Prezidentimizdən, Müzəffər Ali Baş Komandanımızdan gözləntilərimiz var! İstintaqdan, müstəntiqdən, məhkəmədən, hakimlərdən, prokurorlardan yox, məhz Prezidentdən!
Atam 15 aydır ki, təcridxanadadır, 1 ildən artıqdır ki, səhhətində yaranan çox ciddi problemlərə sadəcə, dözməklə, tab gətirməklə məşğuldur. Ölkə rəhbərliyinə yalan məlumat verənlər onun səhhətinin necə ağır olduğunu, 7 dəfə ağır əməliyyatı keçirdiyini, hətta məhkəmədə dəfələrlə huşunu itirib yıxıldığını, süni tənəffüs aparatına qoşulduğunu, dəfələrlə məhkəmə proseslərindən təcili yardım maşınında, huşsuz, anlaqsız vəziyyətdə aparıldığını deməyiblər! Niyə həqiqəti gizlədirlər? Çünki işlərinə gəlmir, planlarına uyğun deyil. Onlar həvəslə gözləyirdilər ki, Eldar Həsənov həbs edilən kimi, Prezidentinə və Dövlətinə asi çıxacaq, lazımsız məsələlərin üstünü açacaq, amma o, susdu. Nə Dövlətinə, nə də Prezidentinə qarşı çıxmadı…
Bu, ölkədə hüqüq sistemində çalışdığı illərdə də belə olub, 20 il 4 ölkədə Azərbaycanı təmsil edərkən də belə idi. Dəyişən heç nə yoxdur. O, dəyişsəydi, daha gənc, daha sağlam, daha perspektivli vaxtlarında dəyişərdi. Pensiya yaşının çatmasını gözləyən, sağlamlıq problemləri ilə uğraşan, daim çantasında dərmanlar gəzdirən və həkim nəzarətində yaşayan xəstə, yorğun bir insanın xəyanət etməsi, hansısa iddialarda olması hansı xəstə təxəyyülün məhsuludur? Kimin, kimlərin planıdırsa, dediyim kimi, açıq-aşkar düşmənçilikdir, qisasçılıqdır, atamın fiziki qəsdinə yönəldilib. Sizcə, atamın səhvi, xəyanəti olsaydı, ölkəyə çağıranda dərhal işlərini atıb Bakıya gələrdimi? Məgər xaricdə qala, səfir səlahiyyətlərindən sui-istifadə edə bilməzdi? Ancaq atam ürəklə, alnıaçıq, üzüağ şəkildə ölkəmizə döndü, ədalət mühakiməsinin qarşısında bütün məsələlərə cavab verməyə, aydınlıq gətirməyə hazır olduğunu bəyan etdi. Mənə sadəcə, çox maraqlıdır ki, Prezidentə, Dövlətimizə məhz sədaqətli olan, yolunda canını verməyə hazır olan şəxslərin heç bir günahı olmadan həbsxanaya salınmasının, məhv edilməsinin hədəfi nədir? Niyə həbsxanada köməksiz vəziyyətdə olan insanların müraciətlərinə, məktublarına baxılmır? İndiyə qədərki münasibətlərin, atamın indiyəqədərki xidmətlərinin heçmi dəyəri yoxdur ki, günahsız olduğunu, xəstə olduğunu təkrar-təkrar dilə gətirən bir insana ədalət sərgilənsin?
Səfir işlədiyi ölkələrdə Azərbaycan Bayrağı dalğalanır! Təsəvvür edirsiniz, o Avropa ölkələrində ki, öz bayraqlarına son dərəcə həssasdırlar. Məhz o ölkələrdə atam Azərbaycan Bayrağının Heydər Əliyevin, Üzeyir Hacıbəyovun abidəsi qoyulmuş parklarda dalğalanmasına nail olub. Amma bu insana öz ölkəsində, öz vətənində nəinki ədalətli istintaq və məhkəməni, hətta həkim müayinəsini də rəva görmürlər! Bax, bu, çox böyük sarsıntıdır, stressdir, əsəbdir. Biz artıq məhkəmənin sona çatmağını, sifarişli məhkəmə hökmünün nə vaxt oxunacağını gözləyirik. Şou bitəcək. Amma mən əminəm ki, haqq-ədalət bir gün üzə çıxacaq, Eldar Həsənovun günahsızlığı sübut olunacaq və atam bəraət alacaq. Bunun üçün nə mümkündürsə, edəcəyik…
Amma bu, dövlətçilik tariximizdə bir qara ləkə kimi qalacaq. Səfir elçidir, dövlətin simasıdır. Heç feodal təfəkkürlü orta əsrlərdə Elçiyə toxunulmayıb. Amma 21-ci əsrdə Azərbaycanın imicini yerlə-yeksan etməyi bacardılar. Utancvericidir! Təəssüf, min dəfə təəssüf…
Mənbə: Səbinə Hüseynovanın feyzbuk səhifəsi