Eldar Həsənov: “Məni hər şeyi danışmağa məcbur etməyin…”

“Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbrə gedəcək”

 

Həbsdə olan keçmiş Baş prokuror və səfir Eldar Həsənovun işi üzrə məhkəmə prosesi dekzbrın 11-də də davam edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında Eldar Həsənov bildirib ki, ona qarşı ittihamda – cinayət işinin materiallarında bir sıra təxribat xarakterli məsələlər yer alıb.

 

“Məyyən məsələlər var, onlar barədə danışmağım mümkün deyil. Hərçənd, o məsələlər provokativ olaraq ittihama salınıb. Onlar mənimlə qəbrə gedəcək”, – Eldar Həsənov bildirib.

 

Məhkəmə prosesində müzakirə mövzusu olan məsələlərdən biri də səfirliyə ayrılan vəsaitlərə qənaət olunmasıyla bağlıdır.

 

Maliyyə Nazirliyinin nümayəndəsi əvvəlki məhkəmə iclaslarından birində demişdi ki, ümumiyyətlə, qanunda “qənaət” termini yoxdur. Sadəcə, xərclər üzrə “istifadə edilməyən maliyyə vəsaiti” var.

 

Nazirlik təmsilçisinin bu fikrinə budəfəki məhkəmə iclasında münasibət bildirən Eldar Həsənov hazırda Prezident İlham Əliyevin köməkçisi, o zaman isə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan Hikmət Hacıyevin müsahibəsini yada salıb: “Səfirlik olaraq, biz hər il qənaət edilmiş pulları Xarici İşlər Nazirliyinə qaytarırdıq. “Büdcə sistemi haqqında” qanunun 19.6 maddəsində birbaşa “qənaət” termini nəzərdə tutulub. Birdəfəlik təyinatlı vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər. Məhkəmənin diqqətinə 2016-cı ildə Hikmət Hacıyevin verdiyi müsahibəni təqdim edirəm. Həmin vaxt Hikmət Hacıyev Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri idi. O deyirdi ki, “qlobal maliyyə-iqtisadi böhranın fəsadlarını nəzərə alaraq, digər dövlət orqanları kimi, Xarici İşlər Nazirliyi sistemində də büdcə vəsaitlərinə qənaət rejimi tətbiq edilir”. Büdcədən ayrılan vəsaitin büdcəyə qaytarılması qənaətdir. Bunun başqa adı yoxdu. Prokurorluq isə bunu yeyinti kimi yazıb. Mən səfirlikdə 3 nəfəri ixtisar etmişəm. Onların da vaxtı bitəndən sonra. Mən 3 dəfə vəsaitə qənaət edib, büdcəyə qaytarmışam. Elə ona görə də burada oturmuşam. Əgər qaytarmasaydım, indi burda oturmazdım…”
Daha sonra hakim məhkəməyə gəlməyən şahidlərin ifadələrini elan edib.
Bosniya və Herseqovinada yaşayan, səfirlik üçün alınmış binanın keçmiş sahibləri Mujo Ahmetspahiç və arvadı Sabaheta Ahmetspahicin ifadələri səsləndirilib. Onların hər ikisi ifadələrində Eldar Həsənovu tanımadıqlarını deyiblər.

 

Vəkillər bildirib ki, hər iki ifadə çox qısa və səthidir. Sarayevo Şəhər Prokurorluğunda aparılan dindirmədə müstəntiq Teymur Qarayev də iştirak edib. Amma nədənsə, şahidlərin heç birinə aydınlaşdırıcı bir sual da verilməyib.

 

Eldar Həsənov bu məsələyə belə münasibət bildirib: “Mən orada özbaşına olmamışam, dövlətin etibar etdiyi adam olmuşam, dövlətin maraqlarına xidmət etmişəm. Dövlətin sifarişlərini yerinə yetirmişəm. Müstəntiq isə heç nəyi araşdırmadan yeyinti yazıb. Guya mən elə orada oturub, bildiyimi eləmişəm. Sarayevo epizodu ilə bağlı istintaq vaxtı dəfələrlə Baş Prokurora və Prezidentin köməkçisi Hikmət Hacıyevə xidməti qeyd qaydasında müraciət etmişəm. Bu məsələnin ittihama salınmasının iki dövlət arasında münasibətlərə xələl gətirə biləcəyini çatdırmışam. Dövlət sirri olduğuna görə məktubu burada elan etmək istəmirəm. Həmin məktub iş materiallarında var, vaxtınız olanda ona baxarsınız. Bu məsələ haqda bundan artıq danışmaq istəmirəm”.

 

“Prokurorluq provokativ hərəkətlər etsə də, elə şeylər var ki, mənimlə qəbirə gedəcək. Mənə qarşı irəli sürülmüş qondarma ittihamlar məhkəmədə tamamilə çökdü. Mənim əleyhimə bir şahid ifadə verməyib. Mənə verilən ittihamlarla bağlı heç bir sübut, hansısa sənəddə imzam yoxdur. İstintaq vaxtı belə, əleyhimə ifadə almağa cəhd göstərilən şəxslər məhkəmədə bildirdilər ki, belə ifadə verməyiblər. Prokurorluq hər şeyi gözəl bilir. Məni danışdırmayın. Mən istəmirəm ki, hər şeyi danışım və siz də buna məcbur etməyin”, – keçmiş səfir deyib.

 

Baş Prokurorluğun İstintaq İdarəsində onun işi üzrə istintaqı aparan müstəntiqdən gileylənən Eldar Həsənov bildirib ki, səfirlik üçün alınan binanın sahibi olmuş iki qardaşın ifadələrini alsa da, onların həmin vəsaitləri necə almaları barədə dedikləri cinayət işinə əlavə etməyib:

 

“Evin sahibinin 2 qardaş olduğunu, pulun yarısının bir qardaşa, digərinin isə başqa qardaşa verildiyini niyə yazmayıb? Tək bu məsələyə görə müstəntiqi hüquq-mühafizə orqanlarından ən yaxşı halda xaric etmək lazımdı. Amma normal ölkədə, normal hüquq olan yerdə. Bu qədər qərəz, bu qədər qisas olarmı? Bu məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətlərin heç biri təmin olunmadı. O cümlədən də əlavə şahidlərin dindirilməsi haqda vəsatət. Prokuror artıq çıxışa da hazırdır. Çıxarın sifariş verilən hökmü, bu məsələ bitsin…”.

 

Vəkil Cavad Cavadov Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyasından xahiş edib ki, heç olmasa, 10 dekabrın Beynəlxalq İnsan Haqlarını Müdafiə Günü olduğunu nəzərə alıb, buna xatir bircə vəsatəti də olsa, təmin etsinlər.

 

Müdafiəçi yenidən həkim, professor Adil Qeybullanın müayinə üçün Edar Həsənovun yanına buraxılmasına icazə verilməsini istəyib. Müdafiəçi məhkəməyə Penitensiar Xidmətin Mətbuat xidmətinin açıqlamasını təqdim edib. Həmin açıqlamada göstərilib ki, Adil Qeybulla 1 aydan çoxdur həbsdə aclıq edən Saleh Rüstəmovu müayinə etmək üçün onun saxlandığı Müalicə Müəssisəsinə buraxılıb: “Müalicə Müəssisəsində də ixtisaslı həkimlər var. Buna baxmayaraq, Adil müəlimi ora buraxıblar…”.

 

Keçmiş səfir də vəkilinin vəsatətinə münasibət bildirib. O deyib ki, 39 dərman qəbul edərək, məhkəməyə gəlir: “Mən qanunsuz həbs olunandan bu günə qədər təqsirsizliyimi şahid ifadələri, konkret faktlarla ortaya qoymuşuq. Amma mənə qarşı qərəz və qisas hələ də davam edir. Bilirəm ki, Azərbaycanda məhkəmə çökmüş vəziyyətdədir. Nazim Hikmət demişkən, dərdi dərd çəkən anlayar, dərd çəkməyən dərd anlamaz. Mən nə məhkəməyə, nə də dövlət ittihamçısına dərd arzulayıram. Dövlət ittihamçısı çavan adamdı. Verilmiş tapşırıq əsasında hansı cəzanı istəyirsə, buyursun. Amma məni sağlamlığımla bağlı məsələni qaldırmaqla məhkəməni yubatmaqda ittiham etməsin. O söz məni o qədər incidir ki…”.

 

Hakim Əfqan Hacıyev xatırladıb ki, əvvəlki məhkəmə iclasında da Adil Qeybullanın müayinə üçün Eldar Həsənovun yanına təcridxanaya buraxılması məsələsi qaldırılıb, ona hüquqi qiymət verilib: “Mən keçən dəfə dedim ki, Adil Qeybulla hərşeyşünasdır, siz də bunu reklam edib mətbuatda yazdırmısınız. Siz bu vəsatətdə xəstəlikləri açıqlamamısınız. Mən bilmirəm ki, Adil Qeybulla nə üzrə həkimdir. Onu da yazmamısınız vəsatətdə. Ona görə də vəsatət təmin olunmur”.

 

Eldar Həsənov:
– Haqsızlığa, ədalətsizliyə məruz qalan mənəm, siz niyə əsəbiləşirsiniz?
Hakim:
– Görmürsünüz, götürüb elan edib ki, hakim deyir: “Adil Qeybulla hərşeyşünasdı”. Siz onu elan edincə, vəsatətdə xəstəliyi, Adil Qeybullanın həkim kimi ixtisaslaşdığı sahəni yazardınız.
Eldar Həsənov:
– Hirslənməyin, xahiş edirəm. Ən çox mən hirslənməliyəm. Mənə kimi verirsiniz verin, əsas odur həkim verin, ağrılarım azalsın.

 

Vəkil Cavad Cavadov daha bir vəsatətində isə məhkəmə iclas protokolları ilə tanış olmağı xahiş edib.

 

Hakim Əfqan Hacıyev bildirib ki, məhkəmə prosesi tam başa çatandan və hökm elan ediləndən sonra məhkəmə iclas protokolları ilə tanış olmaq olar.
Buna cavab olaraq, vəkil Cavad Cavadov xatırladıb ki, bu yanaşma eyni qanunun eyni məhkəmə binasında müxtəlif çür tətbiqi deməkdir. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan başqa bir işdə – “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun işində hakim Əli Məmmədov hələ proses tam başa çatmadan ona məhkəmə iclas protokolları ilə tanış olmağa şərait yaradıb.
Buna baxmayaraq, Əfqan Hacıyev fikrini dəyişməyib.
Eldar Həsənovun işi üzrə məhkəmə prosesi dekabrın 13-də davam edəcək.

 

Xatırladaq ki,Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib.

 

12 il bu vəzifədə çalışandan sonra 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən – 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb.
Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

 

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

 

Keçmiş səfir ittihamları qəbul etmir, özünü təqsirli bilmir: “Həbsimin həqiqi səbəbi əslində, guya mənim siyasi iddiada olmağım, guya siyasi müxalifətlə əlaqə və əməkdaşlıqda olmağım, guya hakimiyyət əleyhinə hansısa tənqidi fikirlər səsləndirməyim, hansısa nöqsanları özündə əks etdirən məktublar yazmağım kimi ölkə rəhbərliyinə tamamilə yalan, uydurma dolu məlumatların ötürülməsi olub”.(Meydan TV)