Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı və möhtəşəm Zəfərlə başa vurduğu Vətən müharibəsi ədalətli müharibə idi. Azərbaycan bu müharibəni istəmirdi və əgər ikinci bir seçim olsaydı, bu zaman II Qarabağ savaşı olmaya bilərdi. Bunun üçün işğalçı Ermənistan sadəcə ölkəmizin əraisindən öz qoşunlarını çıxarmalı idi. Lakin bu baş vermədi. Əksinə, ötən əsrin sonlarında torpaqlarımızın 20%-ni işğal edən erməni separatçıları bütün bu illər ərzində bəsləndikləri cəzasızlıq mühitinin təsirindən daha da azğınlaşır, ölkəmizə qarşı davamlı təxribatlar törədir, yeni ərazi iddiaları irəli sürürdülər.
İki il bundan əvvəl, 27 sentyabr 2020-ci il tarixində Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutdu. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak oldular. Məhz bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. Şanlı Ordumuz özünün tarixi Zəfər yoluna qədəm qoydu. Ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri yalnız döyüş meydanında düşməndən qisas aldılar. İşğalçı erməni ordusundan fərqli olaraq Azərbaycan ordusu heç zaman dinc şəhər və kəndləri, mülki vətəndaşları hədəfə almadı.
Erməni işğalçılarının 30 il ərzində yaratdıqları möhkəmləndirilmiş çoxsəviyyəli müdafiə xətlərindən biri də Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığından keçirdi. Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər edərək, məhz bu ərazidə Şəhidlərimizin şərəfinə ucaldılmış abidəni ziyarət ediblər. Dövlətimizin başçısı və birinci xanım 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Burada çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, yaxınlığında abidənin ucaldıldığı Qaraxanbəyli kəndi, eləcə də Füzuli rayonunun Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri müharibənin ilk günündə şanlı ordumuz tərəfindən azad edilmişdilər. Həmçinin bu ərazilərdə II Qarabağ savaşının ilk şəhidləri Vətən uğrunda öz canlarını fəda etmişlər.
Bu gün isə məhz qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub yaradır, şəhərlərimizi, kəndlərimizi bərpa edir və şanlı Zəfərimizlə fəxr edir. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur oldu. Artıq bundan sonra Azərbaycan xalqı bir də imkan verməyəcək ki, düşmən başını qaldırsın və bizim üçün yenidən təhdid yaratsın. Ölkəmizin günü-gündən artan iqtisadi qüdrəti və hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini