Zamanın səsi: müstəqillik, müharibə və insan dramı – Məmməd Alim — kim idi ?
Onun ilk “Ürəyimin şəkli” adlı şeirlər kitabı 1979-cu ildə 30 yaşında ikən çap olunub. Bu, onun ədəbi fəaliyyətinin rəsmi başlanğıcı sayılırdı. Daha sonra “Gecə ulduzlar axar” (1984), “Oxuyan qarğılar” (1985) və sair məcmuələrdə toplanan şeirləri ədəbi ictimaiyyət tərəfindən diqqətlə qarşılanıb. Bu məqamda xüsusi olaraq qeyd etmək lazımdır ki, 1990-cı illərdə Azərbaycanın müstəqilliyə qovuşduğu, Qarabağ müharibəsinin başlandığı vaxtlar şairin yaradıcılığında zamanın ruhu, vətən, torpaq, müharibə, insan dramı kimi mövzular ön plana keçib. Qeyd etmək lazımdır ki, “Yuxulama Oğuz oğlu” (1991), “Kəpəzin nəğmələri” (1991) və “Bağışlamaz vətən bizi” (1993) kimi kitablarında bu ruh aydın şəkildə görünməkdə idi. O, yalnız poeziya ilə məşğul olmayıb. Həm də tərcüməçi, publisist və dramaturq kimi də fəaliyyət göstərib. Yaradıcılığında dünya ədəbiyyatından etdiyi tərcümələr, publisistik yazıları eləcə də ədəbiyyat və mədəniyyət sahəsindəki geniş məqalələri maraqla oxunub.
Məmməd Alim – şair, dramaturq, tərcüməçi, publisist, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Əməkdar İncəsənət xadimi.
O, 1981-ci ildə SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin, 1975-ci ildən isə SSRİ jurnalistlər və Azərbaycan Jurnalistlər Birliyinin üzvü seçilib. 1949-cu il mart ayının 16-da Goranboy rayonunun Xınalı kəndində anadan olub. 1967-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun “Azərbaycan dili və ədəbiyyatı” fakültəsinin axşam şöbəsində təhsil alıb. 1966-1970-ci illərdə əmək fəaliyyətinə Gəncədə 19 saylı dəmir yol orta məktəbində Pioner baş dəstə rəhbəri kimi başlayıb. Daha sonra 1970-1989-cu illər ərzində “Kirovabad kommunisti” indiki “Gəncənin səsi” qəzeti redaksiyasında müxbir, şöbə müdiri vəzifələrində çalışıb. O, həmçinin 1979-1981-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi nəzdində qiyabi Jurnalist sənətkarlığı institutunu da bitirib. 1970-1979-cu illər ərzində əməkdaşı olduğu “Gəncənin səsi” qəzeti redaksiyasında “Çinar” ədəbi birliyini yaradıb və ona rəhbərlik edib. Onun qələmə aldığı ilk mətbu şeiri “Moldav dostlara” adlanır və 1965-ci ildə “Gəncənin səsi” qəzetində dərc edilib. Şairin şeirləri ikicildlik “Min beş yüz ilin oğuz seiri” antologiyasına eləcə də bir çox almanaxlara salınıb, rus, polyak, ukrain, fars, türk, gürcü və s. dillərə tərcümə olunub. Məmməd Alim həmçinin XI əsrdə farsca yazıb-yaratmış böyük Azərbaycan şairi Qətran Təbrizinin bütün rübailərini, Nizami Gəncəvinin, Mirzə Şəfi Vazehin bəzi əsərlərini, Yusif Balasaqunlunun “Qutadqu bilik” poemasından parçaları, habelə alman, amerikan, yapon, rus, rumın, özbək, gürcü, avar, tatar, kabardin, balkar, kalmık, başqırd və s. xalqların poeziyasından bir çox nümunələri öz tərcüməsində geniş oxucu kütləsinə təqdim edə bilib. Eləcə də XX əsr rumın poeziyasının klassiki Mixail Emineskunun “Luçaferul” poemasını və rumın dramaturqu Aurel Baranqanın “İctimai rəy” komediyasını rus dilindən doğma azərbaycan dilimizə çevirib. Məmməd Alim ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında “Gözləyin, qayıdacağam….” adlı həmçinin “Noxudu keçəlin nağılı”, “Qınını bəyənməyən bağa”, “Kuklaların əvəzinə” mənzun eləcə də “Gül və zəhər”, “Qızıl zəncirlər”, “Yeddi məhbusun şikayəti” pyeslərinin müəllifidir. Əsərləri Gəncə Dövlət Milli Dram Teatrında, Zərrabi Dövlət Nizami Poeziya Teatrında həmçinin Gəncə Dövlət Kukla Teatrının səhnələrində maraqlı rejissor tarktofkası ilə uğurla tamaşaya qoyularaq teatrsevərlərə təqdim edilib. Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülüb.

İctimai xadim kimi fəaliyyət dairəsi geniş olan Məmməd Alim Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri olaraq, 1988-1993-cü illər ərzində izdihamlı ümumişəhər mitinqlərində kəskin və cəsarətli çıxışları ilə də diqqət mərkəzində olub. O, Rusiya, Ukrayna, Belarusiya, Gürcüstan və s. ölkələrin ədəbi təbirlərində Gəncə yazarlarını və ümumən Azərbaycan ədəbiyyatını ləyaqətlə təmsil edib. 1991-ci ildə Nizami Gəncəvinin 850 illiyi münasibəti ilə Moskvada, Sankt-Peterburqda, Minskdə keçirilən yubiley yığıncaqlarında bitgin çıxışları ilə maraqla dinlənilib.
Məmməd Alim 1975-1989-cu illər ərzində Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar şöbəsində poeziya bölməsinə ictimai əsaslarla rəhbərlik edib. 1989-cu ildən isə ömrünün sonuna qədər Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri vəzifəsində çalışıb.
Qeyd etməliyəm ki, Məmməd Alimin şeirləri “saf, səmimi müşahidələrdən, incə, zərif detallardan” doğur. Onun poetik dili süni bəzəkdən uzaq, sadə və anlaşılıqlığı ilə öz oxucusuna daha yaxındır. Onun həyat tarixçəsinə nəzər saldıqda uşaqlıq illərindən şifahi xalq ədəbiyyatı nümunələri olaraq bayatılar, laylalar, xalq mahnıları və nəğmələrinin təsiri altında olduğunu aydın şəkildə sezmək mümkündür. Məhz onun həyatının bu kimi köklü xalq-estetik toxunuşu Məmməd Alim lirik şeirlərində də daha dərindən hiss olunmaqdadır.
90-cı illərin poeziyasından söhbət açdıqda Azərbaycanın müstəqillik yolu, Qarabağ müharibəsi, vətən itkisi və milli kimlik məsələləri Məmməd Alim yaradıcılığında birmənalı olaraq görünən əsas mövzulardandır. Onun bu qəbildən olan şeirlərdə yalnız vətənə məhəbbət yox, həm də insan dramı, zamanın sınaqları, itkilər, xatirələr bütün bunlar var.
Həmçinin qeyd etməliyəm ki, Məmməd Alim öz yaradıcılığında dünya ədəbiyyatını Azərbaycan dilinə tərcümə etməklə, oxucusuna beynəlxalq poeziya və bədii ədəbiyyat nümunələrini böyük ustalıqla təqdim edilməklə bu kimi ümdə məqamlarda isə onu sadəcə “yerli şair” deyil, “ümumdünya ədəbiyyatını” Azərbaycan auditoriyasına çatdıran bir körpü rolunu oynayırdı.
Hərçənd Məmməd Alimin şeirləri oxucusuna doğma və səmimi görünür. Bəzən isə müraciət etdiyi vətən, torpaq, müharibə mövzuları bir qədər ağırlıq və təzyiq hissi də yarada bilir. Bu isə yaradıcılığının “hafizə dostu” şair olması ilə deyil, daha doğrusu ziyalı düşüncəli və daimi olaraq oxucusuna ünvanlanmış şair misraları kimi təqdim edilə bilir. Bundan əlavə, geniş tərcümələr və publisistika sahəsində işi olmasına baxmayaraq, bəzən dilin sadəliyi və bəzək-süs bədii cəhətdən “yüksək poeziya” ilə müqayisədə daha ziyadə olaraq realist, bəzən deyim yerindəsə “xalq şairi” obrazına yönəlir. Bu isə daha məqsədli oxucusuna yaxın olmaq qərarında onun israrlığının sübutudur.
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı… tapa bilmədim.
Dünya, qapını aç, aç çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya, qapını aç, aç çıxım gedim.
Bu şeir şairin eksistensial narahatlığını, həyatın çətin, bəzən stilist və ya mənəvi iztirabının göstəricisidir. Məhz burada “yuva qura bilməmək”, “qapını tapa bilməmək” motifləri mənsubiyyət, aidlik, dərin daxili boşluq hissi ilə üzvi şəkildə bağlıdır. “Dünya, qapını aç” həm metaforik, həm də letteral çağırış olmaqla dünyadan, həyata, insanlıqdan yeni nəfər istəyidir. Eyni zamanda, şeir həm kədərli, həm də ümidli olmaqla məhz bütün duyğu, hisslərlə birligdə şair Məmməd Alimin bədii gücünün göstərici olaraq daha da əhəmiyyətlidir.
Xüsusi olaraq qeyd etməliyəm ki, Məmməd Alim ədəbi, ictimai, eləcə də insani baxımdan önəmli simalardandır. Onun şeirləri sadəliyi, lirizmi, vətənə bağlılığı, xalq ruhu ilə bürünüb eyni zamanda, düşüncəli, məsuliyyətli, zamanın acı gerçəklərini bədii dildə çatdıran sənətkardır. Tərcümələri və publisistik fəaliyyəti onun ədəbi dünyasını genişləndirmiş, ədəbiyyatın həm milli, həm də universal dəyərlərə xidmət etməsinə çalışmışdır. Bu gün hətta illər sonra belə onun irsi canlıdır.
Anar Ərtoğrul Burcəliyev,
Teatrşünas-tənqidçi