Dünya azərbaycanlıları Xocalı soyqırımının 31-ci ildönümündə bir araya gəldi-FOTOLAR

Azərbaycanda və xaricdə yaşayan azərbaycanlılar Xocalı faciəsinin 31-ci ildönümü ilə bağlı onlayn formatda beynəlxalq konfrans keçirib. Tədbirə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Hollandiya, Avstraliya, Yunanıstan, İtaliya, Polşa, ABŞ, Kanada, Gürcüstandan da iştirakçılar qatılıblar.

Tədbirdə ilk çıxış edən Müasir İnkişaf Birliyinin sədri, AMEA Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, BDU-nun müəllimi Mübariz Göyüşlü dünya azərbaycanlılarının çox böyük işlər gördüklərini qeyd edib. O, bu tədbirin əsas təşəbbüskarının politoloq Qalib Ağa olduğunu deyərək, Xocalı soyqırımını azərbaycanlıları birləşdirən dərd adlandırıb. M.Göyüşlü dünya azərbaycanlılarının koordinasiyası üçün lazımlı addımların atılmasının vacibliyini bildirib.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Qalib Ağa dünya azərbaycanlılarını bir arada görməkdən məmnun olduğunu söyləyib. O, gələcəkdə Azərbaycan üçün önəmli olan məsələlərdə həmrəylik göstərməyin əhəmiyyətindən söz açıb.

Millət vəkili Ceyhun Məmmədov Xocalının ermənilərin azərbaycanlıların başına gətirdiyi müsibətlərdən biri olduğunu söyləyib. Millət vəkili Xocalı soyıqırımından əvvəl baş vermiş hadisələrə toxunub. O, tarixən ermənilərin etdikləri vəhşiliklərdən də danışıb. “Ermənilərə böyük dəstək var” deyən millət vəkili buna baxmayaraq II Qarabağ müharibəsində onları darmadağın etdiyimizi vurğulayıb. O, Qərbi Azərbaycan və digər tarixi ərazilərimiz barədə də fikirlərini bölüşüb.

ADPU-nun dosenti, tarixçi alim Mübariz Ağalarlı “Türk Dünyasına qarşı soyqırımlar” mövzusunda çıxış edib. Xocalıda ağlasığmaz vəhşiliklər törədən ermənilərin Rusiyanın imperiya maraqlarının ifaçısı olduqlarını deyən M.Ağalarlı bütün türk xalqlarına qarşı törədilən soyqırımlardan danışıb. M.Ağalarlı erməni daşnakların Orta Asiyada qırğızlara, qazaxlara, özbəklərə qarşı törətdikləri soyqırımların da çox dəhşətli olduğunu qeyd edib.

Avstraliya-Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta Xocalı soyqırımı ilə bağlı insanları məlumatlandırmalı olduğumuzu söyləyib. O, hər il Avstraliyada bu istiqamətdə işlər gördüklərini qeyd edib.

AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, Türk Dünyası Elmi Strateji Araşdırma Mərkəzinin başqanı Məhəmməd Cəbrayılov “Tarixi yaddaş məsələsində soyqırım problemi” mövzusunda çıxış edib. O, yaddaş məsələsi, millətin tarixi gerçəkliyi unutmaması problemindən danışıb. M.Cəbrayılov millətimizin keçirdiyi kollektiv sarsıntılardan danışaraq bundan çıxış yollarını səsləndirib.

Sumqayıt Dövlət Universitetinin tələbəsi Əbülfəz Məmmədov erməni vəhşiliyi ilə bağlı tarixə qısa ekskurs edib.

“Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının Novosibirski nümayəndəsi Kəmalə Kərimova Rusiyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirməyin çətinliklərindən söz açıb.

Rusiyanın Voronej vilayətinin “Xəzər Azərbaycan İcması”nın sədri Vüqar Şahlarov Xocalıda soyıqırmı baş verməsi faktının inkar olunmadığını vurğuladı. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu deyən V.Şahlarov hüquq-mühafizə orqanlarının məlumatları toplayıb təqdim etməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, ilahiyyatçı alim Anar Qafarlı Xocalı soyqırımı ilə bağlı duyğu ağırlıqlı ortaq hədəf müəyyənləşdirilməli olduğunu qeyd edib. O bununla bağlı uşaq və gənclər arasında təbliğat aparmağın önəmli olduğunu söyləyib.

Gürcüstan Azərbaycanlıları Konqresinin təmsilçisi Səbinə Talıbova hər il Xocalı soyqırımını qeyd etdiklərini söyləyib. O, hesab edir ki, dünya azərbaycanlıları, keçiridikləri toplantılardan sonra da aktiv çalışmalar etməli və səsini dünyaya duyurmalıdır.

Türkiyədə fəaliyyət göstərən Osmanlı Diriliş Xalq Hərəkatının başqanı Cihad Rahmi Akar Azərbaycanın hazırkı dönəmdə çox güclü olduğunu söyləyib. O, dünyanın Xocalıya laqeydliyindən narazılıq edib. Cihad bəy toplantıları xaricdə də keçirməli olduğumuzu vurğulayıb.

“Rusiya Azərbaycan Qadınları” İctimai təşkilatının sədri Xatirə Qəmbərova diaspor təşkilatlarımızın zəifliyindən danışıb. O, buna görə də faciəni lazımlı şəkildə dünyaya çatdıra bilmədiyimizi açıqlayıb. X.Qəmbərova hesab edir ki, dünyanın hər yerində soyqırımı qurbanlarına abidə qoydurmalıyıq.

Hüquq üzrə fəlsəfə doktoru, BDU-nun Hüquq fakültəsinin müəllimi Əlövsət Allahverdiyev Xocalını yaddaşa həkk etdirmək üçün ya elmə gətirməli, ya da səhnələşdirməli olduğumuzu söyləyib. O, soyqırımı cinayətlərinin hüquqi aspektlərindən danışıb. Ə.Allahverdiyev təklif edib ki, Xocalı tribunalı yaradılmalı və cinayətkarlar cəzalandırılmalıdır.

AMEA Tarix İnstitutunun şöbə müdiri, tarixçi alim, dosent Hacı Həsənov Xocalı hadisəsinin Moskva tərəfindən planlaşdırıldığını və faciə deyil, soyqırımı, cinayət olduğunu bildirib. H.Həsənov təbliğatı gücləndirməli olduğumuzu qeyd edib.

Hollandiya Avropa Azərbaycanın dostları cəmiyyətinin sədri, “Xudafərin” jurnalının baş redaktoru Elman Mustafazadə informasiya baxımından ermənilərdən geri qaldığımızı vurğulayıb. O, çalışmalar zamanı milli maraqları üstün tutmalı olduğumuzu açıqlayıb.

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Çinar” milli mədəni mərkəzinin sədr müavini Ülviyyə Abbasova keçirilən bəzi tədbirlərin nəticəsiz qalmağından narazılıq edib. O, bütün Xocalı tədbirlərinin nəticə verməsi üçün təşkilatlanmış şəkildə, koordinasiyalı formatda çalışmalar etməyin vacibliyinə toxunub.

Rusiya Xalqlar Dostluğu Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti Oqtay Hüseynov ermənilərin törətdikləri soyqırımlardan danışıb.

Rusiyanın Novosibirsk şəhərindən diaspora fəalı Sənubər Sarallı Xocalıdan əvvəl baş vermiş soyqırımlardan, o cümlədən Xocalı soyqırımından ətraflı bəhs edib. O, ermənilərin soykökündən, onların özlərini hay adlandırmalarından söz açıb.

Ukraynanın Kiyev şəhərindən diaspora fəalı, şairə Ətayə Akpərsoy dünyanın Xocalı faciəsini eşitmək istəməməsindən şikayətlənib. O, buna görə də birlik olub haqqımızı almalıyıq deyib.

Moskva vilayəti Mıtişi rayonu azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri Ziyafət Surxayev diaspor təşkilatlarının çətin durumda olmasından, onlara yardım göstərilməsinin vacibliyindən danışdı.

Əməkdar müəllim Aydın Allahverdiyev Xocalı soyqırımını dünyaya təqdim etmək üçün fərqli təbliğat üsullarının seçilməsinin vacibliyindən danışıb. O, bu istiqamətdə koordinasiyalı çalışmalara ciddi ehtiyac duyulduğunu söyləyib.

Qazaxıstandan Vətən cəmiyyətinin sədri Ömər Səid Xocalı soyqırımını hər il qeyd etdiklərini, bu hadisə ilə bağlı azərbaycanlıların ağrı-acılarını bölüşdüklərini, bütün türk xalqlarının birliyinin vacib olmasını qeyd edib.

Qeyd edək ki, tədbirdə Türkiyədən Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin İdarə Heyətinin üzvü Ceyran Səttarova, İtaliya-Azərbaycan Dostluğu Milli Mədəniyyət Assosiasiyasının prezidenti Nurəddin Hüseynov, Milli Fikir və Araşdırma Mərkəzi təşkilatının sədri, newsmedia.az saytının baş redaktoru Anar Turan, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi təşkilatının sədri Fuad Hüseynzadə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov, Sankt Peterburq şəhərindən Smolnıy Universitetinin  yaradıcısı,  professor Heydər İmanov, Polşadan Sevil Qazıyeva, ABŞ-dan Təranə Musayeva da iştirak ediblər.

Sonda bu cür tədbirlərin davamlı keçirilməsi, dünya azərbaycanlılarının fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzinin yaradılması, Azərbaycan, Türkiyə və türk dünyası üçün önəmli məsələlərlə bağlı tədbirlərin, müzakirələrin keçirilməsi, təkliflərin hazırlanıb müxtəlif qurumlara təqdim edilməsi razılşadırıldı.