Döyüş meydanının ağası-Şəhid Ağa Qocayev-FOTO

15 avqust I Qarabağ Müharibəsi şəhidi Qocayev Ağa Ağasi oğlunun doğum günüdür.

Qocayev Ağa Ağasi oğlu 15 avqust 1960-cı ildə Gəncə şəhərində anadan olub. Ailənin tək övladı olan Ağa Gəncə şəhərində 9 saylı orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra 1978-1980-ci illərdə Novosibirsk vilayətində hərbi xidmətdə olub.

Ağa Qocayev 1980-ci ildə ailə həyatı qurub. Ağanın Vüsalə, İlahə, Əminə adlı üç övladı var. Büllur zavodunda çalışan Ağa nankor ermənilərə nifrət edirdi. Ürəyi vətən eşqi ilə dolu idi. Ağa Qocayev 12 fevral 1992-ci ildə Nizami Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik çağırışı zamanı döyüş bölgəsində xidmətə yollanıb.

181 saylı hərbi hissənin tərkibində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şərəflə vuruşub. Bir neçə döyüş tapşırığının uğurla həyata keçrilməsində pay sahibi olub. Ona verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və layiqincə yerinə yetirib. Ağdam, Füzuli, Tərtər, və Ağdərə istiqamətində gedən ağır döyüşlərində iştirak edib.

Qocayev Ağa Ağasi oğlu 11 dekabr 1993-cü ildə Beyləqan rayonunda gedən ağır döyüşlərin birində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Qəhrəman şəhidimiz Ağa Qocayevin 4 nəvəsi var ki, onlardan da biri  qəhrəman babasının adını daşıyır.

Uca Tanrıdan şəhidlərimizə rəhmət, doğmalarına səbr diləyirik.

 

Samir Mustafayev