Çağdaş Azərbaycan tarixinin dönüş mərhələsinin 14 iyul 1969-cu ildən başlandığını desək yəqin ki, yanılmarıq. Çünki sözügedən tarixdə o dövrün qarışıq ictimai-siyasi prosesləri fonunda bütün sahələrdən məlumatlı, enerjili və cəsarətli birinin respublikanın birinci şəxsi postuna gətirilməsi olduqca mühüm tarixi addım idi. Bu şəxs təbii ki, görkəmli dövlət xadimi Ulu öndər Heydər Əliyev idi. O, vəzifəyə təyinatının ilk günlərində tək bir çıxışı ilə uzaq hədəfləri olan tarixi bir missiyanı üzərinə götürdüyünü nəinki Azərbaycana, bütün ittifaq ölkələrinə bəyan etmişdi. Heydər Əliyevin 1969-cu il avqustun 5-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda etdiyi tarixi çıxış imperiya rəhbərliyində ciddi narahatlıqlar yaratmışdı. Cünki bu çıxşıda Azərbaycanın gələcək inkişafının fundamental strateji istiqamətləri dəqiq şəkildə müəyyənləşdirilmişdi.
Azərbaycanın o dövrdəki çoxsaylı çatışmazlıqlarının təhlili, bütünlüklə sovet cəmiyyətini bürüyən rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması, ittifaq ölkəsində böyük hadisəyə çevrildi. Plenumda Ulu öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürdü, dəqiq fəaliyyət proqramı ortaya qoydu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə məşhur avqust plenumunun keçirilməsi ölkədəki iqtisadi vəziyyətin təhlili üçün yeni imkanlar açdı. Ölkədəki acınacaqlı vəziyyət, əhalinin məmurlar tərəfindən əsassız olaraq incidilmə hallarının, rüşvət və korrupsiyanın qarşısının alınması üçün mühüm tədbirlər hazırlandı. Plenumda təxirəsalınmaz işlərin başlanması, sənayedə, tikintidə, kənd təsərrüfatını əhatə edən məqsədyönlü dəyişikliyin vacibliyi bütün səlahiyyətli şəxslərin qarşısında vacib məsələ kimi qətiləşdirdi. Heydər Əliyev gözəl bildirdi ki, ittifaq rəhbərliyi səviyyəsində Azərbaycana sərgilənən biganə münasibət bizi bütün sahələrdə xeyli geriyə salıb. Çıxış yolu isə məhz Heydər Əliyev nüfuzu, Heydər Əliyev qətiyyəti, Heydər Əliyev bacarığı sayəsində mümkün idi. O isə bunu sözün bütün mənalarında bacardı.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, qabaqcıl texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də ön mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi. Böyük tarixi şəxsiyyətin çoxşaxəli fəaliyyəti təkcə sosial-iqtisadi və elmi-mədəni inkişafla yekunlaşmadı. Ulu öndər Heydər Əliyev həm də milli-siyasi tərəqqinin, mənəvi-ideoloji siyasətinin əsasını qoymaqla məhz bu günə hesablanmış addımlar atdı. Proseslərin və onun tarixi xidmətlərinin təhlili göstərir ki, mənəvi-ideoloji və siyasi prinsipə xidmət edən siyasi islahatların ölkənin gələcək inkişaf strategiyasına hesablandığı uzaqgörən addımların real nümunəsidir.
Dünyanın aparıcı ölkələrinin analitikləri bu nəticəyə gəliblər ki, Heydər Əliyev hələ o illərdə SSRİ-nin tezliklə dağılacağını və Azərbaycanın müstəqil dövlət olacağını görürmüş. Bu nəticə son 30 illik tarixi inkişafımızın real yekunu ilə bir daha təsdiqlənir və ulu öndər Heydər Əliyev fenomeninin böyüklüyünü bütün dünyaya nümayiş etdirir. Milli tərəqqinin-elmin, mədəniyyətin və mənəviyyatın üstün inkişafı, xalqın təhsillənməsi, təhsil sisteminin ahəngdar inkişafı müstəqil Azərbaycan dövlətinin qarşısında duran əsas hədəflərdən birinə çevrilmişdi. Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri kimi Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin, 170-dən çox ən məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlının yüksək ixtisaslı mütəxəssis kimi hazırlanması həyata keçirilmişdir.
18 oktyabr 1991-ci ildə bərpa etdiyimiz, 15 iyun 1993-cü ildə real məhvolmadan xilas edilən müstəqil Azərbaycanın milli qurtuluş tarixindən sonra real sabitlik yoluna qədəm qoyulması da məhz sözün bütün mənalarında böyük insan Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. O zaman orta məktəbi yenicə bitirən, torpağı işgal edilən, didərginlik, köçkünlük həyatı yaşayan bir gənc kimi yaddaşımdan silinməyən bir tarixi hadisə də var. Bu, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin Azərbaycanı dağılmaq, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etməsi idi. Bu qayıdış həm də onun bütün varlığı ilə inandığı möhtərəm Prezidentimizin rəhbərliyi ilə bu gün qazandığmız böyük tarixi zəfərin bünövrəsinin qoyulduğu gün idi.Bəli, Heydər Əliyev dühası, Heydər Əliyev şəxsiyyəti,Heydər Əliyev uzaqgörənliyi xalqımıza güclü, qüdrətli, azad və ərazi bütövlüyü təmin olunmuş Azərbaycan bəxş edib. Bu yol hələ davam edir. Üzü Qərbi Azərbaycana, Böyük Turana və Bütöv Azərbaycana doğru…
Azər Səfərli
YAP üzvü