DİN Mingəçevirdəki hadisəyə münasibət bildirdi

Bəzi saytlarda və sosial şəbəkədə Mingəçevir şəhərində “vəzifəli şəxsin içkili vəziyyətdə xidməti maşında yol qəzası törətdiyi və işin hüquq mühafizə orqanları tərəfindən düzgün araşdırılmadığı” barədə yayılan məlumatlara Daxili İşlər Nazirliyi aydınlıq  gətirib: Yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir. 

Kanal32.az xəbər verir ki, Azmedia.Az-ın bölgə bürosunun yayılmış məlumatlarla bağlı sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Mingəçevir şəhərində baş vermiş yol-nəqliyyat hadisəsinin polis şöbəsində düzgün araşdırılmaması ilə bağlı iddialar əsassızdır.

Belə ki, yanvarın 25-i axşam saatlarında şəhər ərazisində Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan, sürücü Xəndam Səmədovun idarə etdiyi “QAZ-3110” və Pərvin Osmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində sonuncu nəqliyyat vasitəsi yolun kənarında dayanan “Toyota” markalı avtomobilə dəyib. Nəticədə “VAZ”ın sürücüsü xəsarət alıb.

İlkin araşdırma zamanı məlum olub ki, qəzanın baş verməsinə səbəb Pərvin Osmanovun dönmə əməliyyatını düzgün icra etməməsi olub.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Şəhriyar Mustafayevin “QAZ-3110” markalı avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəbindən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə səsləndirilən iddialar əsassızdır.

Yalan və böhtan xarakterli “xəbər”ə, adı çəkilən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayevin münasibəti də gecikməyib:

“Hadisə axşam saatlarında qeydə alınıb. Mənim sərxoş halda sükan arxasında olduğumu iddia edərək hüquq mühafizə orqanlarının hadisəni düzgün araşdırmadığını yazanlar əslində müvafiq qanunvericiliyin tələblərini pozmaqla yanaşı, media haqqında qanunun tələblərini də görməzdən gəlirlər. Etik normaları gözləməyən, qərəzli məlumatlar yayaraq qarayaxma və böhtan atmaqla məşğul olanları təkcə qınamaqla işi bitmiş hesab etmək olmaz. Onlar qanunla məsuliyyət daşıdıqlarının fəqrində olmaldır. Hər şey ərazini müşahidə nəzarət kameralarında tam əksini tapıb. Mən nəinki sükan arxasında heç sürücümün idarə etdiyi maşında belə olmamışam.Çünki həmin saatlarda evdə olmuşam. Bu mənada hadisəni araşdıran orqan əməkdaşları tam obyektivliyi təmin edib, kimsə hüquq mühafizə orqanlarının peşəkarlığına və obyektivliyinə böhtan dolu cızmaqarası ilə kölgə salmamalıdır və bu yolverilməzdir”

Ehtiram Muradov