Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Misirin Qalubiyyə vilayətinin qubernatoru ilə görüşüblər
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Misir Ərəb Respublikasına səfər çərçivəsində Qalubiyyə vilayətinin qubernatoru general Əbdülhəmid əl-Həccənlə görüşüblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdən öncə qonaqlar qubernatorun iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin Misir-Azərbaycan Dostluq Parkında ucaldılmış abidəsini ziyarət ediblər. Abidənin önünə əklil qoyulub və görkəmli dövlət xadiminin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Misir-Azərbaycan Dostluq Parkının inzibati binasında baş tutan görüşdə ölkəmizin Misirdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev, DİDK-nin Aparat rəhbəri Daşqın Rəcəbli və Komitə əməkdaşları, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, tədqiqatçı-alim Seymur Nəsirov, vilayət ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Azərbaycan səfiri və qubernator iki xalq arasında möhkəm dostluq əlaqələrindən söz açaraq, Misir-Azərbaycan Dostluq Parkının bu münasibətin rəmzi olduğunu bildiriblər. Azərbaycan tərəfinin Misirlə əməkdaşlıq əlaqələrinə çox böyük önəm verdiyi vurğulanıb. Səfirin Azərbaycana səfər dəvətini məmnuniyyətlə qəbul edən qubernator ölkələrimiz və xalqlarımız arasında münasibətlərin və əlaqələrin daha da inkişaf etməsi naminə töhfələr verməyə hər zaman hazır olduğunu söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamını qubernatora çatdıran Aparat rəhbəri xalq diplomatiyası, xalqlarımızın dostluq və qardaşlıq münasibətləri, Azərbaycan diasporunun iki ölkə arasında əlaqələrin inkişafına böyük töhfələr verməsi barədə danışıb, DİDK adından “Zəfər Salnaməsi” kitabını qubernatora təqdim edərək bildirib ki, nəşrdə Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı Qələbəsi barədə tarixi məqamlar əks olunub.
Sonra qonaqlar inzibati binada təşkil olunmuş Azərbaycan guşəsi ilə tanış olublar. Guşədə ölkəmizin ərazi bütövlüyünü əks etdirən Azərbaycan xəritəsi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş fotostend nümayiş etdirilib.
Qubernatorla görüş, Misir-Azərbaycan Dostluq Parkında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin ziyarət olunması Misir mətbuatında geniş işıqlandırılıb.