Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov nüfuzlu “Cairo24” nəşrinə müsahibəsində iki dost ölkə arasında əlaqələrin inkişafı perspektivlərindən danışıb.
AZƏRTAC xəbər verir ki, qədim tarixə malik olan Misir-Azərbaycan əlaqələrinin bu gün də bütün sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdıran diaspor sədri bu yaxınlarda keçirilən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin açılışını ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə töhfə adlandırıb. Cəmiyyətin məqsəd və məramı barədə məlumat verən S.Nəsirov qeyd edib ki, rəsmi açılış mərasimində hər iki ölkənin nüfuzlu dövlət, ictimai-siyasi xadimlərinin iştirakı bu qurumun fəaliyyətinə verilən əhəmiyyətin təzahürüdür. O diqqətə çatdırıb ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində Azərbaycan, ərəb, ingilis dilləri, xəttatlıq və sair ödənişsiz kurslar fəaliyyət göstərir, həmçinin dilimizi öyrənən tələbələrin danışıq klubu da yaradılıb.
Müsahibəsində Azərbaycanla Misir arasında iqtisadi-ticari əlaqələrin də inkişafı istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan diaspor sədri əlavə edib ki, Bakı ilə Qahirə arasında siyasi-diplomatik münasibətlər də yüksək səviyyədədir. Hər iki ölkə beynəlxalq platformalarda bir-birini dəstəkləyir.
Müsahibədə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun ərazilərimizi işğaldan azad etdiyi, qalib xalqın sərkərdəsi Prezident İlham Əliyevin sülh və regional əməkdaşlıq istiqamətində fəaliyyəti, Soçi sammiti və Brüssel görüşündə aparılan danışıqlar və əldə olunmuş razılaşmalar, işğaldan azad edilmiş ərazilərdə davam edən bərpa-quruculuq prosesindən də bəhs edilib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə