Deputat Tovuz döyüşlərini belə xarakterizə etdi

Arzu Nağıyev: “Biz hər zaman bu qalibiyyəti həmin döyüşlərin işığında xatırlayacağıq”

“Tovuz döyüşləri böyük zəfərə gedən yolda mayak rolunu oynayıb, daha böyük uğurların başlanğıcı olub. Biz hər zaman böyük qalibiyyəti həmin döyüşlərin işığında xatırlayacağıq”.

Kanal32.az-ın məlumatına görə, bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, Tovuz döyüşlərində hər bir tərəf özünə xas xüsusiyyətləri nümayiş etdirib:

“Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və Şəhadəti şərəf sayan xalqımızın vəhdəti hesabına Vətən müharibəsindəki qələbəmizə aparan yol, təməl Tovuz döyüşlərindən başladı…

Biz bu döyüşlərdə hərbçilərimizin cəsarət və rəşadəti ilə yanaşı, həm də düşmənin qorxaqlığının, miskinliyinin, rəzilliyinin şahid olduq. Yəni hər bir tərəf bu döyüşlərdə özünə xas xüsusiyyətləri sərgilədi. Vətən müharibəsində olduğu kimi, Tovuz döyüşlərində də Ermənistan ordusu mülki obyektləri atəşə tutmaqla döyüş meydanında məğlubiyyətədn yaxa qurtarmağa çalışdı. Lakin ordumuz düşmənin cavabını layiqincə verərək onun bütün planlarını alt-üst etdi, çoxlu sayda düşmən hərbçisi məhv edildi.

…Tovuz döyüşləri iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşıb və heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib… Ali Baş Komandanın bu sərəncamı dövlətimizin qəhrəmanlarımıza olan münasibətini, həmçinin, bu qəhrəmanlığın miqyas və böyüklüyünü əks etdirir”