İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri və Türkiyənin buna reaksiyası Avropa təhlükəsizlik sistemində mövcud olan fundamental problemlərdən birini daha da bariz şəkildə ortaya qoydu. Avropanın əsas sənədlərindən olan Helsinki Yekun Aktında ərazi bütövlüyünün Avropada münasibətlərin təməl prinsipi kimi qeyd olunmasına baxmayaraq, həqiqətdə bu heç də həmişə belə deyil. Qarabağ, Abxaziya, Dnestryanı, Şərqi Ukrayna, Kosovo, Türkiyənin cənub-şərqi kimi nümunələr aqressiv separatizmin nəinki dövlətçiliyi məhv etdiyini, həm də fundamental insan hüquqlarının, o cümlədən yaşamaq və təhlükəsizlik hüququnun kütləvi və sistemli şəkildə pozulmasının mənbəyi olduğunu nümayiş etdirən hallardır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai söyləyib.
Deputat qeyd edib ki, separatizm problemi Qərbi Avropada da mövcuddur. Ən çox adları hallanan Korsika, Şotlandiya və Kataloniyadır. Lakin, bu məsələlərdə təməl bir fərq var. Qərbi Avropada silahlı separatizmə qarşı dözümsüzlük ən yüksək səviyyədədir. Əlində silahla Korsikanı Fransadan ayırmaq istəyən bir şəxs dərhal terrorçu elan ediləcək. Əksinə Şərqi Avropadakı oxşar silahlı separatçılara Qərb ölkələri tərəfindən adətən “hüquqlar uğrunda mübariz” adı veriləcək, təntənəli şəkildə qaçqın pasportu, Göteborqdakı bələdiyyə mənzilinin açarları və “insan hüquqları fəaliyyəti” üçün hökumət qrantı təqdim ediləcək: “Bu cür təcrübə onilliklərdir ki, mövcuddur. Eyni zamanda, həmişə və hər yerdə silahlı separatizm təcavüz aləti və birbaşa və gizli kənar müdaxilə üçün bəhanə kimi istifadə olunur. Mən Qərbi Avropa hökumətlərinin bu üsulla məzlum insanları qoruduqlarına və ya sadəcə böyük siyasi oyunda istifadə etdiklərinə inandıqlarına dair mülahizələri irəli sürməyəcəyəm. Görünən odur ki, bu, həm Avropada təhlükəsizliyin əsas prinsiplərini pozur, həm də Qərbi Avropanın bir sıra ölkələrinin şərq qonşularından fərqli olaraq hələ də özlərini “əsl avropalılar” kimi gördüklərini vurğulayır. Silahlı separatizm Avropanı dağıdan, sabitliyi və sülhü pozmaq üçün əsas vasitəyə çevrilmiş şərdir. İstər silahlı separatçılara, istərsə də onların himayədarlarına qarşı beynəlxalq səviyyəli təsirli sanksiyalar mexanizmini yaratmaq və tətbiq etmək lazımdır. Təcrübənin göstərdiyi kimi, ərazi bütövlüyünün bəyan olunması kifayət etmir. Avropa ölkələri sülh və təhlükəsizlik istəyirlərsə, bir-birinin ərazisində silahlı və təcavüzkar separatizmi birbaşa və dolayı yolla dəstəkləməyə yönəlmiş addımlardan çəkinməli və bu, onların beynəlxalq öhdəliklərində öz əksini tapmalıdır.
Azərbaycan üçün bu digərlərindən daha aydındır. Hesab edirəm ki, biz türkiyəli və digər tərəfdaşlarla bu mövqeyi bütün Avropa platformalarında təbliğ etməliyik. Axı bu gün biz unikal vəziyyətlə üz-üzə qalmışıq. Avropa təhlükəsizlik sisteminə yenidən baxılmalı və yeni mexanizmlər yaradılmalıdır”.
O əlavə edib ki, Azərbaycan regionda ən mühüm dövlətlərdən biri olmaqla yanaşı, sabitlik mənbəyidir. Biz yaxın illərdə meydana çıxması qaçılmaz olan yeni Avropa təhlükəsizlik sisteminin sadəcə iştirakçısı deyil, onun memarlarından biri olmaq üçün bütün resurslara və imkanlara malik ölkəyik.