Fərman İmamquliyev – 100
Azərbaycan memarlığı minilliklər boyu formalaşaraq ölkənin coğrafi mövqeyi, iqlimi, ictimai-siyasi həyatı və mədəni əlaqələri ilə sıx şəkildə bağlı olub. Ulu Şeyx Nizami yurdum olan qədim Gəncəm isə memarlıq tarixinin təxminən 4 min ildən artıq bir dövrünü əhatə etməklə şəhərin siyasi, iqtisadi və mədəni həyatındakı dəyişikliklərlə birbaşa bağlılığını əks etdirir. Hər zaman qədim Gəncəm Şərq və eləcə də Qərb memarlıq ənənələrinin qovuşduğu mühüm mərkəz olaraq diqqət mərkəzində olub. Gəncənin ərazisində aparılan arxeoloji qazıntılar bir daha sübut edir ki, burada hələ tunc dövründən belə yaşayış məskənləri mövcud idi. Hətta Antik dövrdə Gəncə Böyük İpək Yoluna yaxın yerləşdiyindən şəhər tipli planlaşdırma formalaşmağa başlayıb. Bu dövrdə Gəncə Qafqaz Albaniyasının mühüm şəhərlərindən biri hesab edilirdi. Şəhərin memarlıq nümunələrində möhkəmlilik, sadə formalar və qalın divarlar əsas xüsusiyyətlərindən hesab edilirdi. Məhz təsadüfi deyil ki, bu mərhələ Gəncənin memarlıq tarixində qızıl dövr kimi hesab olunurdu. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Gəncənin memarlıq tarixi şəhərin taleyi kimi mürəkkəb və zəngindir. Qədim yaşayış məskənlərindən tutmuş müasir urbanistik layihələrə qədər Gəncə memarlığı Azərbaycanın tarixi-mədəni inkişafının canlı aynasıdır.
Əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, uzun illər Gəncə şəhərinin baş memarı kimi tanınan Fərman İmamquliyevin isə Gəncənin memarlıq tarixində xüsusi yeri var. Məhz bu il Fərman İmamquliyevin anadan olamsının 100 ili tamam olur.
Fərman Həsənqulu oğlu İmamquliyev 1926-cı il fevral ayının 23-də Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1943-cü ildə Gəncə şəhər 3 nömrəli Beynəlmiləl orta məktəbini bitirib. Həmin ildə Tbilisi Dəmiryol Nəqliyyat Mühəndisləri İnstitutunun inşaat fakültəsinə daxil olub və 1944-cü ildə memarlıq sənətinə böyük həvəsi nəzərə alınaraq, köçürmə yolu ilə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə keçirilərək təhsilini burada davam etdirib. 1946-cı ildə II kurs tələbəsi olarkən “Sumqayıt şəhərinin giriş darvazası” adlı müsabiqədə 3-cü yeri tutub. 1951-ci ildə isə Gəncə şəhərinin baş memarı təyin olunub.
Gəncə şəhərinin baş planına əsasən, Yeni Gəncə, Gülüstan, Mahrasa bağı və digər qəsəbələrin layihə müəllifi olaraq həmçinin, şəhərin Şimali-Şərq (Alüminium zavodu) və Qərb (Maşınqayırma, Çini qablar, Sənaye-Rabitə müəssisələri, Billur zavodu və Qənnadı fabriki) sənaye qovşaqlarının yaranmasında yaxından iştirak edib. Hacı Vaqifin türbəsi, Univermaq, Xatirə parkının (indiki Heydər Əliyev parkı) salınması, şəhərdə ağ su bulaqlarının tikilməsi, “Mirzə Şəfi Vazeh”, “Füzuli”, “Fərhad” heykəllərinin müəlliflidir. Məhz Fərman İmamquliyevin böyük zəhməti sayəsində 1961–70-ci illərdə Şah Abbas məscidi ətrafında, şəhər istirahət parkında, inzibati meydanın yenidən qurulması, abadlaşdırılmasında, Univermaq, “Bakı” kinoteatrı, “Kəpəz” mehmanxanası binalarının, Qənnadı fabrikinin, Çini qablar, Əlvan metal və çörək məmulatları zavodlarının, ət kombinatının, “Nizami”, “28 May” küçələri və körpülərin şəhərin baş planına uyğun tikilməsinə nail olunub. Onun ən böyük layihəsi hesab edilən Gəncə şəhərinin simvolu sayılan Nizami Gəncəvi məqbərəsinin tikintisi 1991-ci ildə başa çatdırılıb.

Xüsusi olaraq qeyd etmək vacibdir ki, Fərman İmamquliyev daha çox memar kimi tanınsa da, onun memarlıq layihələrində əsasən Gəncənin tarixi və mədəni məkanlarında memarlıq-heykəltəraşlıq estetik elementlərinə daha çox rast gəlmək mümkün idi. Məhz Fərman İmamquliyevin fəaliyyətinə sırf “memar” prizmasından baxsaq onun yaradıcılığını bir qədər məhdudlaşdırmış oluruq. Belə ki, əslində o, məkanla formanın, konstruksiya ilə plastik ifadənin sərhədlərində işləyən sənətkarlarından hesab edilirdi. Onun layihələrində memarlıq və heykəltəraşlıq bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayan estetik dillər kimi çıxış edirdi. Bu sintez xüsusilə Gəncənin tarixi və mədəni məkanlarında daha aydın sezilirdi.
Qeyd etmək lazımdır ki, İmamquliyevin memarlığında bina yalnız funksional obyekt deyil, o həm də vizual obraz, bəzən isə simvolik mətn kimi qurulurdu. Fasadların plastikasında, həcm-kompozisiya həllində heykəltəraşlıq düşüncəsi açıq-aydın hiss olunurdu. Kütlələrin bir-birinə nisbəti, çıxıntı və girintilərin ritmi, səthlərin işıq-kölgə oyununa açıq şəkildə modelləşdirilməsi memarlıq obyektini statik quruluşdan çıxarıb, demək olar ki, “heykəlsayağı” bir formaya çevirə bilirdi. Bu yanaşma klassik memarlıq anlayışından fərqli olaraq binanı baxılan, seyr edilən obyekt kimi təqdim etməklə ətraf mühitlə dialoq aparan canlı plastik forma hesab edilirdi.
Gəncə kimi qədim şəhərdə işləmək memardan təkcə peşəkarlıq deyil, həm də tarixi yaddaşla işləmək bacarığı tələb edirdi. İmamquliyevin layihələrində heykəltəraşlıq elementləri məhz bu yaddaşın vizual ifadəsinə çevrilə bilirdi. Ornamentlər, şərti relyeflər, monumental detallarda milli-mədəni kodlar açıq şəkildə hiss olunmaqla eləcə də bu elementlər bəzək xatirinə deyil, məkanın mənəvi yükünü daşımaq üçün istifadə edilirdi. Xüsusilə tarixi məkanlarda onun memarlıq həlləri keçmişlə bu gün arasında körpü rolunu oynayırdı. Burada heykəltəraşlıq üslubu memarlığı ağırlaşdırmır, əksinə, ona emosional dərinlik qatırdı. Binalar sanki susaraq daşın, betonun və formanın dili ilə danışırdı. Qeyd etməliyəm ki, Fərman İmamquliyevin memarlıq dilində xəttdən çox həcm önəmli idi. Bu isə sırf memarlıqdan daha çox heykəltəraşlıq düşüncə tərzinin göstəricisi kimi hesab edilirdi. Onun layihələrində forma əvvəlcə həcmi ilə qavranılır, daha sonra detal səviyyəsində oxunurdu. Məhz onun yaradıcılıq aspektində bu cür yanaşma tərzi memarlığı vizual olaraq gücləndirməklə ona monumental xarakterlilik bəxş edirdi. Həmçinin Fərman İmamquliyevin yaradıcılığında memarlıq və heykəltəraşlıq sərt sərhədlərlə ayrılmırdı. Onun Gəncədəki layihələrində bu iki sahə estetik sintezə girərək şəhər mühitinə həm funksional, həm də bədii dəyər qazandırırdı. Bu baxımdan İmamquliyevin memarlığı yalnız tikili deyil, həm də məkanda donmuş plastika, yəni “yaşayan heykəl” təsirini bağışlamış olurdu.
Eləcə də qeyd etməliyəm ki, Fərman İmamquliyev ən çox memarlıq layihələri ilə yadda qalmışdır. Bu kontekstdə onun sənətkar kimi baxışı yalnız tikinti strukturlarını deyil, eyni zamanda publik sənət abidələri ilə şəhər məkanının bədii uyğunluğunu da nəzərdə tuturdu. İmamquliyevin yaradıcılıq fəlsəfəsində şəhər passiv fon deyil, aktiv iştirakçıya çevrilirdi. O, memarlıq strukturlarını tək-tənha obyektlər kimi deyil, ətrafdakı meydan, küçə, park və tarixi qatlarla birlikdə düşünürdü. Publik sənət abidələri bu kontekstdə əlavə bəzək deyil, şəhər dramaturgiyasının mühüm “aktyorları” olaraq təqdim edilirdi. Onun memarlıq layihələrində tez-tez rast gəlinən açıq məkanlar — meydanlar, giriş zonaları, vizual oxlar — məhz abidə və ya plastik elementlərin yerləşdirilməsi üçün əvvəlcədən düşünülmüş estetik platformalar təsiri bağışlayırdı. Bu, memarın heykəltəraşlıqla dialoqa açıq düşüncə tərzindən xəbər verirdi. İmamquliyevin baxışında publik sənət abidəsi şəhər məkanını “ram edən” dominant obyekt demək deyildi. Əksinə, o, memarlıqla insan arasında vasitəçi rolunu oynayırdı. Beləliklə də abidənin ölçüsü, plastikasının istiqaməti, yerləşmə nöqtəsi memarlıq həcmləri ilə rəqabət aparmır, onların ritmini tamamlayırdı. Bu yanaşma xüsusilə Gəncə kimi çoxqatlı tarixi olan şəhər üçün əhəmiyyətli faktorlardan hesab edilirdi. Burada abidə nə tarixi mühiti kölgədə qoymalı, nə də müasir memarlıqla ziddiyyətə girməli idi. İmamquliyevin estetik balans axtarışı bu incə xətti hər zaman qorumağa yönəlirdi. Xüsusi ilə Fərman İmamquliyev memarlıq fəaliyyətini tikinti praktikası kimi deyil, kompleks bədii strategiya kimi dərk edirdi. Onun üçün bina, abidə və şəhər mühiti ayrı-ayrı obyektlər deyil, vahid estetik sistemin elementləri hesab edilirdi. Xüsusi olaraq şəhərin tarixi abidələri ilə işləyərkən əsas təhlükə ya ifrat modernizm, ya da saxta tarixiləşdirmədir. İmamquliyevin yanaşması isə bu iki ifrat arasında balansı qura bilirdi. O, heykəltəraşlıq elementlərini tətbiq edərkən tarixi abidəni kölgədə qoymamağa çalışmır, əksinə, onun plastikasını vizual olaraq “dinləyirdi”.
İmamquliyevin yaradıcılığında heykəltəraşlıq elementi heç vaxt sırf dekorativ məqsəd daşımırdı. Əksinə plastik çıxıntılar, relyefvari səthlər, həcm keçidləri eyni zamanda funksional zonaları ayırmaqla məkan axınını tənzimləyirdi. Bütün bunların fonunda Fərman İmamquliyevin yaradıcılığı memarlıqla heykəltəraşlıq arasındakı sintez ənənəsinin çağdaş davamı kimi qiymətləndirilə bilər. Onun işi hər zaman sübut edirdi ki, tarixi abidələrə hörmət yalnız keçmişi qorumaqla deyil, onun estetik məntiqini anlayaraq yeni məkanlar yaratmaqla mümkündür. Məhz İmamquliyevin memarlığında məkan donmuş struktur deyil, plastik, yaşayan formadır. Məhz bu keyfiyyət onun işlərini şəhərin tarixi qatları ilə uyğunlaşdırır və onları süni deyil, təbii davam kimi qəbul etdirməyə imkan yaradırdı. Belə memarların işi sadəcə estetik deyil, o, həm də mədəni yaddaşın qorunması, həm klassik, həm də müasir memarlıq dili ilə milli kimliyin ifadəsi kimi dəyərləndirilə bilərdi.
Qeyd etmək lazımdır ki, mədəni yaddaş abstrakt anlayış deyil, o, konkret məkanlarda, daşda, həcmlərdə, şəhər planında yaşayır. Bu cür memarların yanaşmasında bina bir dövrün texniki məhsulu olmaqdan çıxaraq yaddaş obyektinə çevrilir. Klassik memarlıqdan gələn nisbət anlayışı, ritm, sakit monumentalizm müasir konstruktiv üsullarla birləşdirilərək zamanlararası körpünü yarada bilir. Bu baxımdan onun yaradıcılığında təqdim edilən klassik elementlər sitat kimi deyil, yaddaşın izləri kimi təqdim olunurdu. Bu isə memarlığa saxta tarixilikdən uzaq, səmimi dərinlik qazandırırdı. Bu kimi memarlıq yanaşması ikili dildə danışır. Bir tərəfdən klassik memarlığın tanış ölçüləri, sakit simmetriyası və plastik nizamı var, digər tərəfdən isə müasir dövrün sadələşdirilmiş formaları, açıq konstruksiyaları və funksional düşüncəsi geniş formada təqdim edilirdi.

İmamquliyev yaradıcılığında əsas xətt konseptual nizamdır. Onun layihələrində forma heç vaxt özünü nümayiş etdirmək üçün qabardılmırdı. Əksinə, forma funksiyanın, məkanın və şəhər kontekstinin məntiqindən doğurdu. Bu, onu plastik-ekspressiv memarlıqdan fərqləndirir və heykəltəraşlıqdan müəyyən məsafədə saxlayırdı. Lakin bu təmkin estetik yoxluq anlamına gəlmir. Əksinə, şəhər miqyasında qurulan kompozisiyalar, kütlələrin balansı və açıq məkanların ardıcıllığı memarlığın sakit, lakin təsirli bədii dilini yarada bilirdi. İmamquliyevin rolu tək-tək binalardan daha çox şəhər strukturu ilə bağlıdır. O, memarlığı şəhərsalmanın bir elementi kimi görürdü. Bu yanaşma nəticəsində estetik təsir fərdi obyekt səviyyəsində deyil, bütöv məkan təcrübəsi səviyyəsində formalaşırdı. İmamquliyevin heykəltəraşlıqdan məsafəsi təsadüfi deyil, bu, onun bir növ memarlıq etikası hesab edilirdi. O, memarlığı özünü göstərən sənət yox, xidmət edən sənət kimi qəbul edirdi. Bu yanaşma şəhər mühitində vizual təvazökarlıq yaradır və tarixi, mədəni kontekstin ön plana çıxmasına şərait yaratmış olurdu. Məhz İmamquliyevin işləri sənət və mədəniyyət məkanında dolayı təsir göstərir, onun memarlığı sərgi salonları, mədəniyyət ocaqları, ictimai binalar vasitəsilə sənətin təqdim olunduğu mühiti formalaşdırırdı. Bu mühit isə sənətin qavranmasına birbaşa təsir edirdi. İmamquliyevin memarlığının estetik təsiri ani deyildi. Əksinə onun layihələri zamanla açılır, gündəlik istifadədə mənalandırılırdı. Bu, modernist səssizliklə milli memarlıq ənənəsinin sintezindən doğan xüsusiyyətlərdən hesab edilirdi.
Məhz Fərman İmamquliyevin Azərbaycan memarlıq və şəhərsalma tarixindəki rolu onun heykəltəraşlıqla nə qədər yaxın olmasında deyil, memarlığı mədəni mühit yaradan sistem kimi qurmasında idi. O, estetik təsiri birbaşa forma ilə deyil, məkanın daxili harmoniyası ilə yarada bilirdi. Bu səbəbdən də İmamquliyevin işi bədii baxımdan səssiz, amma mədəni baxımdan təsirli, formal olaraq təmkinli, amma yaddaşda qalıcı idi. Məhz bu keyfiyyətlər onu Azərbaycan memarlıq tarixində mühüm əhəmiyyət kəsb edən sənətkar kimi dəyərləndirməyə əsas verir.
Anar Ərtoğrul Burcəliyev,
teatrşünas-tənqidçi