Dahi Ulu öndərin davamçısı – Könül Meydanova yazır

Bu gün Azərbaycana ulu öndər yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Ulu öndər siyasəti hər zaman Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Azərbaycanın “Böyük Sərkərdəsi” İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. O, doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi Azərbaycan Prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.
Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. Atasının layiqli, cəsur, igid, qəhrəman davamçısıdır.
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda fəal iştirak edən İlham Əliyev, həm də görkəmli partiya xadimidir. O, ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının (YAP) lideridir. İlham Əliyev YAP-ın birinci qurultayında (1999) partiya sədrinin müavini, ikinci qurultayında (2001) isə birinci müavin seçilmişdir. Bu mühüm vəzifənin öhdəsindən layiqincə gələn İlham Əliyev əhalinin geniş kütlələrinin Yeni Azərbaycanın quruculuğuna səfərbər olunmasında olduqca səmərəli fəaliyyət göstərir.
Ulu öndərimizin güclü və siyasi davamçısı İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının dəstəyi nəticəsində böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla bərabər olaraq, həm də YAP-ın sədri təyin edildi. Bu təyinatdan və seçkidən sonra İlham Əliyev ulu öndərin yolunu və siyasətini davam etdirməyi, xalqımızın bütün sahələrdə inkişaf etməsini, yoxsulluğun sıfıra enməsini, korrupsiya və rüşvətxorluğun qarşısını almağı, işğalda olan torpaqlarımızın erməni daşnaq və terrorçularından azad olunmasını xalqımızın qarşısında söz verdi və özünə borc bildi.
İlham Əliyev prezident seçiləndən sonra daima xalqın içində oldu, xalqın bütün çətinlikləri, sıxıntıları ilə yaxından maraqlandı, yeni iş yerləri, fabriklər, zavodlar, şirkətlər, holdinqlər yaradaraq, işsizliyi aşağı həddə çatdırdı. Cənab Prezident başqa sahələrdə olduğu kimi məcburi köçkünlərin, qaçqınların, Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş hərbçilərin, mülkü vətəndaşların ailələrinin, qazilərin əlillərin yanında oldu, Mehriban xanımla birlikdə qayğıları ilə yaxından maraqlandılar və onları mənzillərlə avtomobillərlə təmin etdilər. Yeni bağçalar, məktəblər tikib istifadəyə verdilər.
Bunlarla bərabər olaraq, gəncləri də unutmadı, gənclərin bütün sahələrdə inkişaf etməsi üçün xüsusi Sərəncamlar, Fərmanlar imzaladı. İlham Əliyev 19 oktyabr 2006-cı ildə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında Sərəncam imzaladı və həmin Sərəncamla müvafiq icra hakimiyyəti orqanlarına Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlamağı tapşırdı. Buna uyğun olaraq o, 16 aprel 2007-2016-cı illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramını təsdiq etdi.
“Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası İlham Əliyevin ölkənin gələcək inkişafı məqsədilə göstərdiyi əsas strateji təşəbbüslərdən biri kimi qəbul olunur. Bu konsepsiyanın hazırlanması barədə müvafiq Sərəncam 29 noyabr 2011-ci ildə qəbul olundu və 29 dekabr 2012-ci ildə isə qəbul olunmuş Fərmanla konsepsiya təsdiq olundu. Konsepsiya 2020-ci ilə qədər iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və ictimai rifahın artırılması üçün tədbirlər və fəaliyyətlər nəzərdə tutur. BMT-nin Dayanaqlı İnkişaf Məqsədlərinin tətbiqi haqqında Azərbaycanın könüllü məruzəsinin qiymətləndirilməsində İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası uzunmüddətli milli istəkləri, sərmayəçilər üçün imkanları və bu məqsədlər barəsində əsas məsələləri əks etdirən startegiya kimi təsvir olunmuşdur. Eyni yanaşma 2015-ci il Dünya İqtisadi Formu üçün hazırlanmış və Xarici Siyasət jurnalında nəşr olunmuş Məruzədə də qeyd olunmuşdur. İqtisadi sahələrdə tanınmış telekanallar, saytlar, jurnallar İlham Əliyev tərəfindən təşəbbüs edilən konsepsiyanı Azərbaycanın milli iqtisadi maraqlarını qorumaq məqsədilə hazırlanmış ağıllı strategiya kimi qiymətləndirdi.
O, sürətlə dəyişən çağdaş dünyada qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər, Şanlı, Qəhrəman Ordusu, İgid, Cəsur Gəncləri 30 illik işğala son qoydu. Cənab Ali Baş Komandanın bir çağırışı nəticəsində bütün Azərbaycan ayağa qalxdı, igid, qorxmaz, cəsur gənclərimiz, zabit və əsgərlərimiz düşmənin illərlə yaratdığı məğlubedilməz ordu mifi 44 gün ərzində və antiterror əməliyyatı nəticəsində bütün dünyanın gözü qarşısında flaskoya uğradı. Ermənistan ordusu darmadağın edildi və “Dəmir Yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə yüzlərlə müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə cavablandırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Könül Arif qızı Meydanova,
Azərbaycan Respublikasının Müdafiə
Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun
əməkdaşı