Çölçü İctimai Birliyinin görüşündə nələr müzakirə olunub?-FOTO

2015-ci ildə dəyər yaradıcısı və televiziyaçı Eltən Qədimbəyli tərəfindən Çölçü Sosial Klubu kimi əsası qoyulan təşkilat hazırda Çölçü İctimai Birliyi adı ilə fəaliyyətini davam etdirir.

KANAL32.az xəbər verir ki, bu barədə “Çölçü İctimai Birliyi”nin mətbuat xidməti məlumat yayıb.

Çölçü İctimai Birliyi Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq milli birliyin, milli-mənəvi dəyərlərin və etno-mədəni irsin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərir. Birlik eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ifadə olunan “Türk dünyası bizim böyük ailəmizdir” prinsipindən çıxış edərək Türk dünyası xalqları arasında birlik, həmrəylik və mədəni əlaqələrin inkişafına töhfə verməyi özünün əsas fəaliyyət istiqamətlərindən biri hesab edir.

Birliyin məqsədi elm, sənət, media, təhsil və iş dünyasında dəyər yaradan insanları bir araya gətirmək, onların qarşılıqlı əməkdaşlığını gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və cəmiyyətə fayda verən layihələrin həyata keçirilməsinə dəstək göstərməkdir.

Layihələrin davamı mahiyətində bu gün Çölçü İctimai Birliyinin növbəti görüşü keçirilib. Görüşdə təşkilat üzvləri, ictimai fəallar, ziyalılar və müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər iştirak ediblər. Tədbir çərçivəsində birliyin gələcək fəaliyyət istiqamətləri, həyata keçirilməsi nəzərdə tutulan planlar, təşkilatlanma məsələləri və əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə çıxış edən Çölçü İctimai Birliyinin başqanı Eltən Törəçi bildirib ki, təşkilatın əsas məqsədi ortaq milli və mənəvi dəyərlər ətrafında birləşən insanları bir araya gətirmək və onların potensialını cəmiyyətin inkişafına yönəltməkdir.

Başqan qeyd edib ki, Çölçü Birliyi yalnız bir təşkilat deyil, eyni zamanda dəyər yaradan insanların qarşılıqlı dəstək və əməkdaşlıq platformasıdır. O vurğulayıb ki, birliyin əsas prinsiplərindən biri çölçülərin bir-birini daha yaxından tanıması, əməkdaşlıq əlaqələri qurması, təcrübələrini paylaşması və həyatın müxtəlif sahələrində bir-birinə dayaq olmasıdır.

Görüş zamanı bildirilib ki, qarşıdakı dövrdə müxtəlif görüşlər, yürüşlər, düşərgələr, ailəvi təbiət gəzintiləri, ənənəvi oxçuluq, kibertəhlükəsizlik, özünümüdafiə, təbiətdə sağqalma və fərdi inkişaf proqramları təşkil olunacaq. Bununla yanaşı, milli-mənəvi dəyərlərin, Türk törəsinin və etno-mədəni irsin yaşadılmasına xidmət edən sosial layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Tədbirin sonunda iştirakçılar Çölçü İctimai Birliyinin fəaliyyətinin genişləndirilməsi, yeni layihələrin hazırlanması və cəmiyyət üçün faydalı təşəbbüslərin reallaşdırılması istiqamətində birgə fəaliyyət göstərmək əzmlərini ifadə ediblər.