“Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir…”-Elşad Hacıyev

“Vətəndaşlar, dayanın! Kiber talamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın”.

Kanal32.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki Elşad Hacıyev “Facebook” səhifəsində paylaşıb.

“Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb”, – o, əlavə edib.

DİN rəsmisi vurğulayıb ki, vətəndaşlar şəxsi imkanlarını, varını, pulunu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməməlidirlər: “Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın”.

E.Hacıyev qeyd edir ki, kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Onun sözlərinə görə, sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb:“Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün – mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb”.

DİN Mətbuat xidmətinin rəisinin sözlərinə görə, faktların təhlili göstərir ki, vətəndaşlar “İnstagram”, “Telegram”, “Facebook”, “Tik-Tok”-da səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər.

“Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb”, – polkovnik vurğulayıb.

 

“AzPolitika.info”