Çinin dövlət quruluşu və Azərbaycan Respublikası ilə iqtisadi əlaqələrinin inkişaf perspektivləri
Min illik tarixi olan Çin, bəşəriyyət tarixinə verdiyi töhfələrə görə mühüm bir sivilizasiyadır. İlk Çin dövləti eramızdan əvvəl 1600-cü ildə Şan (və ya Yin) sülaləsi tərəfindən qurulmuşdur və Çinin təxminən 3500 illik tarixi var. Çin dünyanın ən böyük sivilizasiyalarından birinə malikdir. Çin Xalq Respublikası 1 oktyabr 1949-cu ildə Mao Tszedunun rəhbərliyi altında quruldu. Keçmişdə tarixi İpək və Ədviyyat yolları üzərində yerləşməsi onu dünya ticarətində dominant qüvvəyə çevirmişdir. Dərin köklü tarixi və mədəniyyəti, siyasi quruluşu, iqtisadi islahatları, texnoloji irəliləyişləri və iddialı xarici siyasəti ilə Çin bu gün dünyanın aparıcı güclərindən biridir. Çin mədəniyyəti minilliklər boyu özünəməxsus ənənələr, fəlsəfi sistemlər (konfutsiçilik, taoizm, buddizm), incəsənət, musiqi, memarlıq, ədəbiyyat və folklor nümunələri ilə zəngindir. Çin Xalq Respublikası son əsrlərdə dünyanın ən maraqlı və sürətlə dəyişən ölkələrindən biridir. Çin Xalq Respublikasının iqtisadiyyatı son 40 ildə bəşəriyyət tarixində ən sürətli inkişaf göstəricilərindən birini nümayiş etdirib. Zəngin bir sivilizasiyanın mirası üzərində qurulan Çin Xalq Respublikası, iqtisadi təşəbbüsləri nəticəsində bugünkü iqtisadi dünyada təsirli bir ölkəyə çevrilmişdir. Sosialist bir dövlət qurmağı hədəfləyən Mao Zedong, Çinin yoxsul, təcrid olunmuş və kənd sənayesinə əsaslanan iqtisadi strukturunu inkişaf etdirmiş, 1978-ci ildən etibarən Den Syaopinin rəhbərliyi ilə bütün sahələrdə sürətli bir transformasiya prosesi başlamışdır. Çinin iqtisadi transformasiyasının reallaşmasına töhfə vermək üçün ölkənin inzibati strukturunda yeni qaydalar tətbiq edilmişdir. Çin iqtisadiyyatının əsas mühərriki olan yerli idarəetmə vahidlərinin təşkili və fəaliyyətində edilən dəyişikliklər iqtisadi artıma yol açmışdır. Çinin qlobal gücə çevrilməsini təmin edəcək vacib şərtlər olan iqtisadi və hərbi potensialı son illərdə artmışdır. Çin Xalq Respublikasını geniş şəkildə iki fərqli tarixi dövrə bölmək olar: birinci dövr, 1949-cu ildən 1976-cı ilə qədər olan dövr, yeni kommunist dövlətinin qurulması; ikinci dövr, 1978-ci ildən bu günə qədər olan dövr, Maodan sonrakı keçid dövrüdür. Hər dövr fərqli məqsədlər və ideoloji əsaslandırmalar, fərqli mərkəzi vəzifələr və onlara nail olmaq üçün uyğunlaşdırılmış fəaliyyət vasitələri və fərqli liderlik üslubları ilə xarakterizə olunur. 1949-cu ildə Mao Tszedunun rəhbərliyi altında qurulan Çin Kommunist Partiyası (ÇKP) tərəfindən qurulan Çin Xalq Respublikası, Maonun ölümündən sonra, xüsusən də ikinci əhəmiyyətli dövr hesab edilən Den Syaopin dövründə islahatlar yolu ilə müxtəlif dəyişikliklərə məruz qaldı. Den dövründə əhəmiyyətli iqtisadi islahatlar həyata keçirildi və ölkə planlı iqtisadiyyatdan qarışıq iqtisadiyyata və ya Çin dəyərləri ilə sosializm kimi tanınan bazar sosializminə keçirildi. Çin, 21-ci əsrdə bütün ölçülərinə görə, hazırda ABŞ-dan (22 trilyon dollar) sonra dünyanın ikinci ən böyük iqtisadiyyatıdır. Çinin ixrac və idxalını nəzərə aldıqda maraqlı bir mənzərə ortaya çıxır. 2020-ci ildə Çin təxminən 2,9 trilyon dollar ixrac və 2,4 milyard dollar idxal edib. Çinin 2020-ci ildə ticarət profisiti 535 milyard dollar olub. 1.411.890.514 əhalinin 91%-i Han çinliləri, yəni Çin mənşəli insanlardır. Çinin ərazisi 9,7 milyon kvadrat kilometrdən çoxdur. Çinin beş muxtar bölgəsi var: Şərqi Türküstan (Sincan, Uyğur, Qazax və Qırğızıstan Türkləri) Muxtar Vilayəti, Quanqski (Çjuan) Muxtar Vilayəti, Huey (Ninxia) Muxtar Vilayəti, Daxili Monqolustan Muxtar Vilayəti, Tibet Muxtar Vilayəti.
Çin Siyasi Sistemini Təşkil Edən Əsas Qurumlar

Çin Xalq Respublikası Dövlət Şurası ölkənin ali icraedici hakimiyyət orqanı və Mərkəzi Xalq Hökumətidir. Çin Xalq Respublikasında qanunların icrasını təmin edir, dövlət büdcəsini və iqtisadi planları hazırlayıb həyata keçirir, nazirliklərin, komissiyaların və yerli xalq hökumətlərinin fəaliyyətinə rəhbərlik və nəzarət edir.
Çin Milli Xalq Konqresi (rəsmi adı ilə Ümumçin Xalq Nümayəndələri Yığıncağı və ya qısaca ÜXNY), Çin Xalq Respublikasının (ÇXR) ən yüksək dövlət hakimiyyəti və qanunverici orqanıdırÇinin ən yüksək qanunverici orqanı olan Milli Xalq Konqresinin 2977 üzvü var. Parlament ölkənin əyalət və regional xalq konqreslərinin nümayəndələrindən, eləcə də Çin Xalq Azadlıq Ordusu və Çin Xalq Silahlı Polisi təmsilçilərindən formalaşır. Deputatlar beş il müddətinə seçilir.
Çin Kommunist Partiyası — Çin Xalq Respublikasının (ÇXR) əsas və hakim siyasi partiyası, üzv sayına görə isə dünyanın ən böyük siyasi təşkilatlarından biridir. Çin Kommunist Partiyası 1921-ci ildə yaradılmışdır. 1 iyul 2026-cı il tarixində Çin Kommunist Partiyası yaradılmasının 105-ci ildönümünü qeyd edib. Hazırda 100 milyondan çox üzvü olan Çin Kommunist Partiyası dünyanın ən böyük hakim partiyasına çevrilib. Çin Kommunist Partiyasının 3 milyondan çox ərazi ilk təşkilatı vardır. 1,4 milyarddan artıq əhalisi olan böyük bir ölkəyə rəhbərlik edir və dünya miqyasında mühüm nüfuza malikdir. 1 iyul tarixində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin mühüm bir nitqlə çıxış edib.
Çin Xalq Azadlıq Ordusu (ÇXAO) — Çin Xalq Respublikasının quru, dəniz və hava qüvvələrini, eləcə də raket qoşunlarını birləşdirən vahid silahlı qüvvədir.
Çin siyasi sisteminin mühüm orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət, dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır. Çin Xalq Siyasi Məşvərət Konfransı (və ya Çin Xalq Siyasi Məşvərət Şurası – CPPCC), Çin Xalq Respublikasının ən ali siyasi məsləhətçi və məşvərətçi orqanıdır. Bu qurum birbaşa qanunvericilik və ya qərar qəbuletmə səlahiyyətinə malik deyil, lakin ölkənin idarə edilməsində, qanun layihələrinin hazırlanmasında və mühüm dövlət qərarlarının qəbulundan əvvəl rəy bildirilməsində mühüm rol oynayır.
Azərbaycan ilə Çinin müstəqil siyasət yürüdən dost ölkələr kimi bir-birinin mənafelərinin qorunmasına xüsusi əhəmiyyət verirlər. Yüksəksəviyyəli siyasi dialoq və intensiv diplomatik təmaslar fonunda iqtisadi-ticari, nəqliyyat-logistika, energetika, o cümlədən yaşıl enerji, elm, təhsil, innovativ texnologiyalar, mədəni, humanitar və digər sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsinin strateji prioritetdir. 2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandum imzalanmışdır. Çin Azərbaycanın etibarlı və uzunmüddətli tərəfdaşıdır. Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşlardır. Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpin strateji rəhbərliyi ilə Çin–Azərbaycan münasibətləri hərtərəfli şəkildə inkişaf edərək tarixdə ən yüksək səviyyəyə – hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, bununla da iki ölkə arasında münasibətlər və əməkdaşlıq tarixində yeni bir səhifə açılıb.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı