- Kəlbəcər işğaldan azad olunandan bir neçə gün sonra dağlara möhkəm qar yağdı. Şahidlərin dediyinə görə, çoxdandı Kəlbəcər belə qar görməmişdi. O vaxt mənə çox güclü təsir edən bu gerçəklik haqqında bir cümlə yazmışdım: dağlar təmizlənmək üçün abdəst alır!
Daha sonra sosial şəbəkələrdə bir şeir yayımlandı:
Deyir, Kəlbəcərə təzə qar yağıb
Torpağın, qarın da azad, Kəlbəcər
Az qalıb ellərin köçə qoynuna
Daha həsrətini azalt, Kəlbəcər…
Şeir ikinci bəndində Zəngəzur şeir məktəbinə xas unikal bir zərifliklə davam edirdi:
Sən əzəl olursan yazın gələndə
Söz, qəzəl olursan yazın gələndə
Çox gözəl olursan yazın gələndə
Bir az ocağına duz at, Kəlbəcər…
Həzin melodiyalarla və həssas yaşantılarla ləbələb dolu bu misralar gənc şair Səxavət Kəlbəcərliyə məxsus idi və nədənsə öz fərqli estetik aurası ilə mənə rəhmətlik Sücayətin aşağıdakı misralarını xatırlatdı:
Sücayət, neyləyək, baxt belə baxtdı
Darıxma, hər şeyi həll edən vaxtdı
Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər…
Bu gün o gün idi!
Sanki şair Səxavət öz yurd-yuvasını görmədən, onun həsrəti ilə dünyadan köçmüş ustadına bir cavab yazırdı və ona gözaydınlığı verirdi…
Səxavət Kəlbəcərli imzasını əvvəldən tanıyırdım, qayıdış mövzusunda anındaca yazılmış bu gözəl şeir onu mənə bir köynək də yaxınlaşdırdı.
Və bu vəsilə ilə heç vaxt ayaq basmadığım Kəlbəcər torpağına getdim.
Həm də ulu Dəlidağı aşarıq, füsunkar Sultanheydər yaylaqlarını keçərək…
İlahi, o nə gözəlliklər idi?!
Dağlar sehrli filmlərdəki kimi göydən asılmışdı elə bil. Biz də göydən asılan o dağların əfsanəvi qəhrəmanları idik. İrəlidən məşhur İstisuya sallanacaqdıq.
İstisu… İstisu… Bəlkə, uşaqlığımdan bəri ən çox eşitdiyim sözdür… Sən demə, doğrudan da isti imiş bu su. Hətta qaynar imiş. Bircə stəkan da içə bilmədim. Əlimin, ağzımın yanacağından qorxdum.
Dağlardan su yox möcüzə tökülür. Töküldükcə ə öz arxında sapsarı təpəciklər yaradır. Nisbətən aşağı axarında isə hovuzlar var.
Görünür, hər yeri viranə qoyan düşmən də dəyməyib buralara. Təbiətin möcüzəsi onları da sehrləyib, insanlıqdan çıxmağa qoymayıb.
İstisuda çox əylənmədik. Məni də, Səxavəti də, bizi müşayiət edən Aşıq Etibarı və Aşıq Afili də “Ceyran bulağı”nda gözləyirdilər. Yəqin bu ifadə də sizə nə isə pıçıldadı. Düz tapdınız! Söhbət Səməd Vurğunla Dədə Şəmşirin üstündə görüşdüyü bulaqdan gedir…
Aşıq Şəmşir “Dəlidağ”dan keçəndə
Kəklikli daşlardan xəbər al məni
“Ceyran bulağı”ndan qızlar içəndə
Saz tutub, söz qoşub yada sal məni
Sonralar şair xəstələnəndə Aşıq Şəmşir doğrudan da onu eyni ünvanda yada salacaqdı.
…Gəl, səni gözləyir “Ceyran bulağı”
Əziz şair bu dağlara bir də gəl…
Həmişə gəlmək olmur amma. Bir gün xəstəlik möhlət vermir, bir gün düşmən.
Ancaq biz “Ceyran bulağı”nda idik.
Tale bizə bu fürsəti vermişdi.
Səxavət Kəlbəcərli üzünü görmədiyi yazıçı dostunu dillərə dastan bu cənnət məkanda Dədə Şəmşir sevgisi ilə qarşılayırdı.
Arada zarafatlaşdı da:
– Deyişəcəyik haaa!!! Özünü cəmlə…
Nə deyirəm. Deyişək. Ünvanımız Kəlbəcər olsun, “Ceyran bulağı” olsun, nə deyirsən eləyək…
Əvvəl-əvvəl bulağın başına qaçıb adama bir stəkan buz kimi su içirik.
Sonra yaxınlıqdakı rahat daşların üstündə oturub sazı dilləndirdik. Aşıq Afil bizə ilk dəfə qucaq açan Kəlbəcər dağlarını ilahi melodiyalarla salamlayır. Səmədi də, Şəmşiri də yerbəyer yad eləyir.
Dahi Nizaminin İsgəndəri arxasınca göndərdiyi abi-kövsər kimi balaca və sadə bir bulaqmış. O qədər də böyük olmayan bir yığın daşların arasından axıb, İstisuya doğru uzanan dərin dərəyə tökülür… Qucaq boyda daşlar sanki bulağı və onun suyunu qorumaq üçün həndəvərə tökülüb. Başqa yerdə bu qədər çox deyillər. Arx boyu gözdən itənəcən uzanıb gedirlər. Arxa qoşulub axırlar elə bil.
Daşların demək olar hamısı nazik və enlidir. Balaca stola bənzəyir. Sanki qonaq qarşılamaq üçün dizayn edilib.
Bulağın üstündə ağac-filan yoxdur, lakin günəş bizə təsir etmir. Uzaqbaşı rəngimizi bir az qaraldacaq. Bura çox yüksəkdədir. Hava o qədər sərindir ki, günəşin balaca həniri gəlir.
Gecələri soyuq olar…
Yaxınlıqdakı fermanın sahibi sənət aşiqi imiş. Bizi öz alaçığına dəvət edir. Lakin biz açıq havada oturmaq istəyirik.
Olsun, yenə açıq hava olsun!
Alaçığın həyətinə stollar, stullar düzülür. Heç Bakıda beləsini tapmazsan. İndi əvvəlki vaxtlar deyil. Yaylaqda hər cür şərait var. Hələ desən günəşdən elektrik yığan aparat da var. Bəli, bax elə o zəif günəşdən…
Bir adan əsl saz-söz məclisi başlayır. Səxavətin tamadalığı da var. Özünü məclisin baş tərəfinə verib köynəyinin bir düyməsini açır. Onun tamadalığı əsasən şeir deməkdir. Amma arada qonaqlara söz verməyi də unutmur. Məni da danışdırıb videonun yaddaşın aldırır. Feysbukda yaxşı auditoriyası var. Onlara da “söz qonaqlığı” lazımdır axı. Ürəklənib bir-iki şeir də oxuyuram. Şəmşirin, Bəhmənin, Ənvər Rzanın yurdunda şeir oxumaq asan deyil. Hələ Kamil Təbibi, Elşən Əzimi, Məhəbbət Kəlbəcərlini demirəm. Yəqin məzur tutarlar…
Aşıq Afil isə Ədalət Dəlidağlının qarşısına qiyabi kozur çıxarır. Buynuzun qulağı keçməsi məsələsi…
Aşıq Etibarın da ürəyi açılır, səsinin kəmərini boşaldır.
“Ceyran bulağı”nın çoban sahibi bizə borclu qalmır. Məclisə cavan bir oğlan dəvət edir. Oğlan əlini qulağının dibinə atıb “Aman yarım” oxuyur, uçan quşlar qanad saxlayır:
Uca dağlar, uca dağlar başında
Bir yar sevdim, tirmə şal var başında…
Arx yenişə uzanıb gedən daşlar dilə gəlib sona kimi qaqqıldaşır. Bunu görən saz da qoşulur gənc çobana. Mahnının tilsimli səsi “Ceyran bulağı”nın qarşı yaxasına dəyib bir də bizə qayıdır. Dağlarla birlikdə səsi də qucaqlayırıq.
/vetensesi.az/