Tarixin gedişini dəyişən liderlər çox olur, lakin gələcəyi düşünərək tarix yazanlar nadirdir. Heydər Əliyev məhz bu nadir şəxsiyyətlərdən biri idi. O, Azərbaycan xalqının taleyinə yalnız bu günün prizmasından deyil, gələcək nəsillərin gözü ilə baxırdı. Bu baxışın mərkəzində isə hər zaman gənclər dayanırdı. Çünki Ulu Öndər bilirdi ki: güclü dövlətin təməli güclü, düşünən və məsuliyyətli gənclik üzərində qurulur.
Araşdırmalar göstərir ki, onun fəaliyyətində gənclər yalnız gələcəyin daşıyıcıları kimi deyil, eyni zamanda ölkənin bu günü üçün də önəmli resurs, dövlətin dayağı və ictimai inkişafın mühüm amili kimi qiymətləndirilirdi. Hər bir kadr siyasəti, hər bir təşəbbüs, hər bir dövlət proqramı gənclərin yalnız texniki biliklərə yiyələnməsi üçün deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşması üçün qurulmuşdu.

Ulu Öndər Heydər Əliyev gənclərin təhsilinə xüsusi diqqət yetirirdi. O, sadəcə diplom sahibi olan gənclərin yetişdirilməsini hədəfləmirdi; onun əsas məqsədi gənclərin müstəqil düşünə bilməsi, problemləri analiz etməsi, qərar vermə bacarığını inkişaf etdirməsi və dövlətə bağlı vətəndaş kimi böyüməsi idi. Onun gənclərə göstərdiyi etimad, həmçinin, onların özünəinamını artırır, vətənə xidmət və dövlətçiliyə sadiqlik hissini gücləndirirdi.
Uzaqgörən siyasət nəticəsində formalaşan Azərbaycan gəncliyi yalnız bilikli və peşəkar olmaqla kifayətlənməmiş, həm də milli ruhlu, mədəniyyətinə və tarixinə bağlı, dövlətçiliyi qorumağa sadiq nəsil kimi yetişmişdir. Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi dəyər, onların inkişafına göstərdiyi diqqət yalnız tarixdə qalmamış, həm də bu gün Azərbaycan dövlətçiliyinin möhkəm dayaqlarından birinə çevrilmişdir. Onun yaratdığı zəmin sayəsində Azərbaycan gəncliyi həm milli maraqlara xidmət edir, həm də ölkəni çağdaş dünya səviyyəsinə daşıyacaq bilik və bacarığa sahibdir.
Beləliklə, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinə göstərdiyi dəyər və etimadla, həm tarixdə, həm də müasir dövrdə Azərbaycan dövlətçiliyinin əvəzolunmaz memarı olaraq qalır.
Cavid Vəkilov
Gənc İctimai-Siyasi Fəal