Çəkməyə rəssamın özüm tapacam

Filologiya üzrə fəlsəfə doktoru Şahnzaxanım Şükürzadənin yaradıcılığından…

 

Quran içindəyəm!

Gəl, ey yar, gəl! Gör nə fəğan içindəyəm!

Yaralanmış könlümlə yamanca qan içindəyəm!

 

Qırdılar qol-qanadımı, dost-tanışdan zülm gördüm

Biri doğrucul çıxmadı, bütün yalan içindəyəm!

 

Xeyirsizlər yuva qurdu budaqlarım arasında,

Sümürdülər iliyimi, gör ki, ziyan içindəyəm!

 

Pis əməl uzaq qəlbimdən, kimsəyə zülm eyləmərəm,

Mənə pislik çox etdilər, qəlbən əyan içindəyəm!

 

Kədərimi hər nə qədər gizlədimsə ürəyimdə,

Bu gözlərim ifşa edir, tamam bəyan içindəyəm!

 

Hey ruhumun yarasına ayələrdən məlhəm tapıb,

Hər gün təvəkkül Allaha, hər an Quran içindəyəm!

31 avqust 2023-cü il.

********

Qənirsiz

Fələk almağa can tapılmadımı?!

Dünyada gərəksiz nə qədər can var!

Bir inci yox oldu fani cahandan,

Dalınca ağlayan Azərbaycan var!

 

Qənirsiz gözəli can vətənimin,

Gedişinlə getdi yarsı tənimin,

Qəlbi param-parça oldu elimin,

Burda selə dönmüş bir nahaq qan var!

 

Sən ey qara gözü bozqurd baxışlı,

Qisməti, taleyi incə naxışlı

Ömür çeşmə suyu həzin axışlı,

Həzin get, həzin yat, hüzünlü an var!

 

Fəzilət sahibi, iti qələmli,

Türk qanlı, qeyrətli, hökmü zəhmli,

Nahaqqa amansız, haqqa rəhmli,

Dərin hikmətində dərin Quran var.

28.09.2023

********

Özüm tapacam

Mənə gülü verin, tikanlı olsun.

Sevdiyim insançün elə dərim ki,

Əlim qanasa da, can hiss etməsin.

O güldə ətri də, gözəlliyi də

Öz ruhuma uyğun özüm tapacam.

 

Mənə bir dost verin, bir insan verin!

Kitabın dalında duran o qızı,

Üzü görünməyən o qızı verin!

Onda insanlığı, sədaqəti də,

Onda etibarı, mərifəti də,

Onda dürüstlüyü özüm tapacam.

 

Mənə fəsil verin!

Yağışlı olsun,

Günəşli, küləkli, naxışlı olsun,

Buluddan boylanan baxışlı olsun.

Çəkməyə rəssamın özüm tapacam.

 

Mənə qanqal verin! Yeyilməz qanqal!

Tikanı batanda olsun qalmaqal,

Tanrıdan möcüzə:

tikanda çiçək, çiçəkdə tikan!

Rəngində tonunu özüm tapacam.

 

Mənə sevgi verin! Tərtəmiz olsun!

Onda nə təmənna, nə bir umacaq,

Onda nə çirkinlik, nə zərrə günah,

Onda arzu olsun, canatma olsun.

Onda bir döyünən balaca ürək,

Onda baxış olsun, ürkək və kövrək.

Qayğı, nəvazişi özüm tapacam.

 

Mənə həyat verin!

Sadə bir həyat!

Orda nağılları özüm quracam.

Divlə çarpışacam,

Simurqla uçub,

Murada çatacam.

Göydən alma düşər, bəlkə də heyva.

Nə düşsə, birinci özüm tutacam.

29.10.2023.

Müəllif: Şahnzaxanım Şükürzadə