“Azərbaycan torpaqlarının işğaldan azad olunması ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, təhlükəsizlik və ekoloji tarazlığın əldə edilməsi baxımından da çox əhəmiyyətlidir. İşğaldan azad edilmiş hər bir yaşayış məntəqəmiz Azərbaycan xalqı və dövləti üçün xüsusi səciyyəvi məna daşıyır”.
Bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Cəbrayıl rayonunun işğaldan azad edilməsinin ildönümü haqda danışarkən deyib.
S.Qurbanov Cəbrayıl rayonunun coğrafi mövqeyi və ekologiyası haqda bunları bildirib: “Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun həmçinin cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəd olması starteji baxımdan mühüm siyasi əhəmiyyət daşıyır. Coğrafi baxımdan əsasən dağlıq ərazilərdən ibarət olan Cəbrayıl rayonu özünəməxsus flora və faunaya malik olmaqla, təbiət abidələrinin mövcudluğuna görə də xüsusi çəkiyə malikdir. Rayonda yaşı 400-1700 ili əhatə edən, diametri 60/800 sm olan 14 təbiət abidəsi hesab olunan qədim ağaclar işğal zamanı tamamilə məhv edilmişdir. 96 kəhriz və çox sayda bulaqların da böyük bir hissəsi dağıdılmışdır. Meşə fondunun zənginliyi ilə seçilən Cəbrayıl rayonunun ərazisində palıd, vələs, şah çinar, fısdıq, qovaq ağacları ilə zəngin olan 4629 hektar meşə fondunun 2319,7 hektarı məhv edilmişdir. Qeyri-meşə fonduna aid olan 409 (yol və çay qırağı və.s) ədəd ağac da məhv edilib. Həmçinin faydalı qazıntılarla zəngin 26 mineral xammal yataqlarından 13 qanunsuz olaraq istismar edilməklə, həm iqtisadiyyatımıza, həm də Azərbaycanın zəngin flora və faunasına ciddi zərbə vurulmuşdur”.
Komitə sədri daha sonra bildirib ki, vaxtilə ermənilər işğal etdikləri ərazilərdə ekoloji vandalizm və soyqırım həyata keçiriblər. Hökumətin qarşısında duran ən ümdə vəzifə ekoloji tarazlığın bərpa edilməsi məqsədi ilə yaşıllıq zonalarının yenilənməsi olduğunu deyən S.Qurbanov, onu da xüsusi ilə vurğulayıb ki, təbiətimizə vurulmuş bəzi zərərləri aradan qaldırmaq mümkün deyil. Bu sıraya məhv edilmiş təbiət abidələri daxildir.
S.Qurbanov hazırda həmin ərazilərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən monitorinqlərin davam etdiyini və ərazinin zəngin təbiətinə vurulmuş zərərin dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.