Bu komitənin Yevlax regional bölməsi Şuşa ilə bağlı seminar keçirib-FOTOLAR

“Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib.

Avqustun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi və Mingəçevir Bələdiyyəsinin birgə təşkilatçılığı ilə bələdiyyənin iclas zalında “Şuşa şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı” mövzusunda seminar keçirilib.

Kanal32.az-ın məlumatına görə,tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir Bələdiyyəsinin şöbə müdiri-Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvü Zahid Qasımlı, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə,“Kanal32” Media Şəbəkəsinin rəhbəri,teleaparıcı İnqilab Şirinli, Mingəçevir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı, həmçinin Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin üzvləri, Mingəçevir Bələdiyyəsinin qulluqçuları, Mingəçevirdə məskunlaşmış Şuşa rayonunun məcburi köçkünləri,media təmsilçiləri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Vətənin müstəqilliyi uğurunda şəhid olanların ruhu anılıb. Toplantını giriş sözü ilə açan Mingəçevir Bələdiyyəsinin şöbə müdiri Zahid Qasımlı Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasından bəhs edərək, bu mövzuda bütün idarə və təşkilatlarda silsilə tədbirlərin keçirlməsinin gənc nəslin yetişməsində, Vətənə sevgi ruhunda tərbiyə olunmasındakı əhəmiyyətindən danışıb. O, həmçinin 1-ci Qarabağ müharibəsi dövründə özünün jurnalist fəaliyyəti barədə danışaraq, 1992-ci ildə Şuşanın işğalı zamanı keçirdiyi mənəvi sarsıntıları dilə gətirib.

Tədbirin əsas mövzusu barədə çıxış edən DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Əlisa FərəcovAzərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan, o cümlədən İslam mədəniyyətinin inkişafında, zənginləşməsində öz tarixi dini abidələri, alimləri ilə əhəmiyyətli rol oynamış Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin heç də təsadüf olmadığını qeyd edərək, bunun ölkəmiz üçün tarixi hadisə olduğunu, bu əlamətdar hadisənin İslam aləminin Şuşa mədəniyyətinə verdiyi yüksək qiymət kimi dəyərləndirib. O, qeyd edib ki, bu gün Azərbaycanın, Türk dünyasının və İslam dünyasının mədəniyyət payraxtı olan Şuşamızı bir gün dünyanın özü də özününkü hesab edəcək, necə ki, hələ XVIII əsrdə dünyanın ən mədəni, gözəl şəhərləri ilə müqayisə edirdilər. Bu gün Şuşa şəhəri beynəlxalq tədbirlərə, böyük mədəniyyət layihələrinə ev sahibliyi edir. Bu qədim şəhərimizdən dünyaya sülh, birlik və humanizm mesajları verilir.

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə öz çıxışında əslən Qarbağlı kimi işğaldan əvvəl və işğaldan azad olunduqdan sonra Şuşa şəhərinə səfərləri barədə tədbir iştirakçılarına maraqlı hadisələr çatdırıb. O, həmçinin Şuşaya həsr olunmuş şeirlərini səsləndirib.

Beynəlxaq Jurnalistlər Federasiyasının üzvü,siyasi şərhçi İnqilab Şirinli Şuşanın İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasının mədəni və siyasi-ideoloji əhəmiyyətədən danışıb. Eyni zamanda kürəsəl səviyyədə baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycan həqiqətlərinin məhz Qarabağdan dünyaya çatdırılmasının apardığımız informasiya savaşındakı rolunu önə çəkib.

Mingəçevir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədr müavini Rizvan Mikayıllı,  Mingəçevir şəhəri “Heydər” məscidi dini icmasının sədri Qurban Vahidov, şair-publisist Bəhman Gülövşəli Şuşa şəhəri ilə əlaqədar öz xatirələrini danışıb,Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı kimi hər il təqdim etməyi hər birimizin mənəvi borcu olduğunu vurğulayıblar.

Tədbirdən sonra iştirakçılar çay süfrəsi ətrafında qeyri-rəsmi formada diskussiyalarını davam etdiriblər.

 

Esmira Hidayətova,

Mingəçevir