Böyük yalanın izi ilə: bizi necə tora salırlar…-FOTOLAR

Qorxulu deyil, amma təhlükəlidir – yalançı izlənmə və oxunma saylarının gizli sirriİllərdir internetdə gördüyümüz izlənmə sayları bizdən hansı gerçəkləri gizlədir? Dəyərli oxucularım, aylardır araşdırdığım bir mövzunun incəliklərini sizinlə paylaşmaq istəyirəm. Mən 2002-ci ildən televiziyada çalışan adamam. Canlı efirin nə olduğunu, reytinqin necə ölçüldüyünü, tamaşaçının diqqətinin necə qazanıldığını, bir mövzunun cəmiyyətdə necə qarşılıq tapdığını illərlə studiyanın içindən görmüşəm. Elə buna görə də son illər internetdə rast gəldiyim bəzi “möcüzə rəqəmlər” məndə sadəcə maraq yox, ciddi suallar doğurur.

İndi tez-tez eyni cümləni eşidirik: “Mən artıq televiziyaya baxmıram”. Ardınca da adətən bu gəlir: “İnternetdə reklam daha effektlidir”.

Mən bu cümlələri deyən insanlara dərhal etiraz etmirəm. Çünki doğrudan da baxmayanlar var. Amma illərlə kütlə psixologiyası ilə işləyən biri kimi soruşuram: biz bu fikrə həqiqətən özümüz gəlmişik, yoxsa bu fikir bizə tədricən öyrədilib? Bu sual məni bir anlayışın üzərinə gətirdi – bot fabriki.

Bot fabriki nədir? Qorxulu deyil, amma təhlükəlidir. Bot fabriki sadəcə “saxta profil” demək deyil. Bot fabriki – internetdə minlərlə, bəzən yüzminlərlə saxta və ya yarısaxta hesabın bir mərkəzdən idarə olunduğu sistemdir. Bu hesablar real insan kimi davranır: paylaşımları bəyənir, şərh yazır, videoya baxır, paylaşır, mübahisəyə girir, hətta reklama klikləyir. Kənardan baxanda hər şey canlı görünür. Amma bu canlılığın arxasında maraq yox, tapşırıq dayanır. Məhz ona görə buna “fabrik” deyilir. Çünki burada təsadüf yoxdur. Burada plan var, strategiya var, istehsal var. Bu mexanizm haradan meydana çıxdı?

İnternetin ilk illərində botlar əsasən spam üçün istifadə olunurdu. Sonra sosial şəbəkələr böyüdü, diqqət-dəyər qazandı və bir gəlir qaynağı kimi  ortaya çıxdı: günümüzdə diqqət pulla ölçülür. O andan etibarən botlar təkcə texniki alət olmadı, reklamın, medianın və ictimai rəyin yönləndirici alətinə çevrildi.

2016-cı ildən sonra aparılan beynəlxalq istintaqlar göstərdi ki, bot və troll şəbəkələri artıq təsadüfi fəaliyyət deyil, sistemli mexanizm kimi işləyir. ABŞ Ədliyyə Nazirliyinin, “Meta” şirkətinin, “Freedom House”un və digər beynəlxalq qurumların hesabatlarında bu, açıq şəkildə təsdiqlənib. Bu sənədlər bot fabriklərinin ictimai rəyə və reklam bazarına real təsir göstərdiyini sübut edir.

Bot fabriki necə qurulur? Gəlin bizi aldadan bu sistemin iç üzünü açaq. Bot fabriklərinin iş prinsipi sadə görünür, amma çox planlıdır. Əvvəl minlərlə profil yaradılır. Bəzən saxta adlarla, bəzən oğurlanmış şəkillərlə, bəzən real telefon nömrələri ilə. Daha sonra bu hesablar VPN və proksi vasitəsilə müxtəlif ölkələrdən girirmiş kimi göstərilir, fərqli vaxtlarda aktiv olur, eyni cümləni eyni anda yazmamaq üçün proqramlaşdırılır. Yəni bot özünü adam kimi aparır. Bundan sonra mərkəzdən tapşırıqlar gəlir: hansı videonun izlənmə sayı qaldırılacaq, hansı paylaşım trend ediləcək, hansı fenomenin paylaşımları məşhur göstəriləcək, hansı reklama klik ediləcək.

Qırğızıstanla bağlı “Open Democracy” araşdırmalarında keçmiş bot fabriki işçiləri açıq deyirlər ki, hər işçinin yüzlərlə hesabı olub və gündəlik planla işləyiblər. Türkiyə üzrə aparılan elmi araşdırmalar sosial şəbəkə trendlərinin əhəmiyyətli hissəsinin bot şəbəkələri tərəfindən süni şəkildə yaradıldığını göstərib. Bu, təsadüf deyil – bu, planlı işdir.

Rəqəmlər niyə yalan danışır? İndi əsas sual budur: internetdə gördüyümüz baxış, izləyici və bəyənmə rəqəmləri nə dərəcədə realdır? Cavab birmənalıdır: həmişə yox. Reklam sənayesində bunun rəsmi adı var – “Invalid Traffic”, yəni real insan fəaliyyəti olmayan trafik. “Media Rating Council” və “DoubleVerify” kimi beynəlxalq qurumlar bu anlayışı illərdir ölçür və sənədləşdirir. Bunun nəticəsi nədir? Reklam sahəsində adi sahibkarlar öz məhsul və xidmətlərinin reklamına pul qoyur, klik gəlir, baxış gəlir, amma real müştəri gəlmir. Çünki reklama baxan insan deyil, botdur. Məsələn, ABŞ-da aparılan “3ve” adlı istintaq işi zamanı milyardlarla saxta reklam baxışının yaradıldığı və bizneslərə on milyonlarla dollar zərər dəydiyi rəsmi sənədlərlə təsdiqlənib.

Bot fabrikləri ən çox harada yayılıb? Bot fabrikləri bir ölkənin problemi deyil. “Oxford Internet Institute” və “Freedom House”un hesabatları göstərir ki, bu mexanizm onlarla ölkədə mövcuddur və artıq sənaye miqyasında işləyir. Xüsusilə geosiyasi gərginliklərin olduğu bölgələrdə, seçki dövrlərində və reklam bazarının sürətlə böyüdüyü ölkələrdə daha çox sənədləşdirilir. Ukraynada rəsmi qurumlar onlarla bot fabrikinin bağlandığını və milyonlarla saxta hesabın aşkarlandığını açıqlayıb. Türkiyədə və Gürcüstanda platformalar koordinasiyalı saxta davranış şəbəkələrini silib. Azərbaycanda isə “Meta”nın rəsmi hesabatlarında koordinasiyalı saxta fəaliyyət şəbəkələrinin aşkarlandığı və ləğv edildiyi açıq şəkildə qeyd olunub. Bu faktlar şayiə deyil, platformaların öz sənədlərində yer alan məlumatlardır.

Azərbaycanda bu saxtakarlıqlarla bağlı nə etməliyik? Bu nöqtədə vacib olan kimisə ittiham etmək deyil, qorunma mexanizminin düzgün qurulmasıqdır. Sosial mediada reklam və informasiya yayımı ilə məşğul olan, böyük izləyicisi olan səhifələrin fəaliyyətinin tez-tez dövlət qurumları tərəfindən rəsmi yoxlanması vacibdir.

İzləyici keyfiyyəti, davranış izi, coğrafi uyğunluq və reklam nəticələrinin reallığı sistemli şəkildə analiz edilməlidir. Eyni zamanda, davamlı yoxlanılan “güvənilir sayt və səhifə” nişanı yaradılmalıdır. Bu nişan bir dəfə verilib unudulan deyil, mütəmadi auditlə yenilənən mexanizm olmalıdır. Xüsusilə SMM təlimləri və sosial media marketinqi ilə məşğul olan səhifələrin fəaliyyəti də şəffaflıq prinsipləri əsasında izlənilməlidir. Məqsəd cəzalandırmaq yox, bazarı qorumaqdır.

Bu kontekstdə bir məqamı da açıq demək lazımdır: qlobal media platformaları Azərbaycan reklam bazarından böyük gəlirlər əldə edir, amma bizim ölkəyə nə vergi ödəyir, nə işçi saxlayır, nə də yerli media ilə bərabər rəqabət şərtləri yaradır. Bu, həm iqtisadi, həm də etik baxımdan ədalətsiz vəziyyətdir və yerli medianı daha da çətin duruma salır.

Son söz əvəzi

Televiziyada illərlə bir qayda vardı: tamaşaçı yoxdursa, proqram yaşamazdı. İndi isə internetdə tamaşaçı olmadan “məşhurluq” yaratmaq mümkündür. Bot fabriklərinin yaratdığı ən böyük təhlükə də budur – etibarın saxtalaşdırılması.

Bu yazını qorxu yaratmaq üçün yazmıram. Mən televiziyaçı kimi bir şeyi yaxşı bilirəm: tamaşaçını aldatmaq olar, amma uzun müddət yox. Bot fabrikləri müvəqqəti illüziya yaradır. Amma o illüziya dağılanda, ardında böyük güvənsizlik və boşluq qalacaq.

Ona görə də, dəyərli oxucularım, internetdə gördüyünüz rəqəmlərə kor-koranə inanmayın. Çox baxış həmişə maraq demək deyil. Çox bəyənmə həmişə dəyər demək deyil. Bəzən bunların arxasında insan yox, bot fabrikləri dayanır. Və bu yalan mexanizmlərin necə işədiyini tanımaq –   özümüzü, sevdiklərimizi və dəyərlərimizi qorumağın ilk addımıdır.

Müəllif: Eltən Törəçi