“Böyük Qayıdış”: Qarabağ və Şərqi Zəngəzurun yeni inkişaf dövrü

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir”.

Qarabağ və Şərqi Zəngəzur bölgələri uzun illər boyunca Azərbaycan tarixində həm strateji, həm də mənəvi baxımdan xüsusi yer tutmuşdur. Lakin 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər işğal olunmuş, nəticədə yüz minlərlə insan doğma torpaqlarından didərgin düşmüşdür. Bu tarixi ədalətsizlik 2020-ci ilin payızında 44 gün davam edən Vətən Müharibəsi ilə sona çatdı. Azərbaycan Ordusunun rəşadətli mübarizəsi və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində Qarabağ və ətraf rayonlar işğaldan azad edildi. Bu müharibə yalnız hərbi qələbə deyil, həm də milli qürur və həmrəylik nümunəsi kimi tarixə yazıldı . Qələbədən sonra ölkədə “Böyük Qayıdış” adlandırılan yeni bir mərhələ başlandı. Bu, sadəcə fiziki torpaq üzərində suverenliyin bərpası deyil, eyni zamanda sosial, iqtisadi və mədəni həyatın canlandırılması, işğaldan azad olunmuş ərazilərin reinteqrasiyası və dayanıqlı inkişafın təmin olunması prosesidir.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ifadə etdiyi kimi, “Böyük Qayıdış – bu bizim milli ideyamızdır, bu, bizim xalqımızın qələbəsinin təcəssümüdür”. Hazırda Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələnin əsas məqsədi təkcə infrastrukturun bərpası deyil, eyni zamanda bölgənin dayanıqlı, texnoloji və ekoloji cəhətdən müasir, insan mərkəzli bir məkan kimi formalaşdırılmasıdır. Eyni zamanda, bu proses Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və regional əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir .

 44 Günlük Vətən Müharibəsi: Tarixi Zəmin və Qələbənin Əhəmiyyəti

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində  Qarabağ və ona bitişik 7 rayon işğal edilmişdi. 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bu müddət ərzində Ermənistan tərəfi BMT-nin işğal olunmuş ərazilərin azad edilməsinə dair qətnamələrinə (822, 853, 874 və 884 saylı qətnamələr) məhəl qoymamışdır. 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. Bu əməliyyat 44 gün davam etdi və 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatla başa çatdı. Müharibənin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Şuşa şəhəri daxil olmaqla strateji məntəqələr işğaldan azad edildi .Bu qələbə Azərbaycanın yalnız hərbi gücünü deyil, həm də xalqın birliyini, dövlətin siyasi iradəsini və diplomatik manevr qabiliyyətini nümayiş etdirdi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin informasiya cəbhəsindəki çıxışları və diplomatik balansı qoruması Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirdi . Bundan əlavə, 44 günlük müharibə regionda yeni bir geosiyasi reallıq yaratdı. Azərbaycan və Türkiyənin strateji müttəfiqliyi, Rusiya və digər aktorların prosesə münasibəti Cənubi Qafqazda yeni güc balansının formalaşmasına səbəb oldu .

“Böyük Qayıdış” konsepsiyası

“Böyük Qayıdış” anlayışı 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycan Respublikasının qarşısında duran yeni strateji və milli vəzifələri ifadə edən konseptual yanaşmadır. Bu ideya ilk növbədə uzun illər işğal altında qalmış torpaqlarımıza, yəni Qarabağ və Şərqi Zəngəzura keçmiş məcburi köçkünlərin könüllü, təhlükəsiz və mərhələli şəkildə qayıdışını təmin etməyə yönəlib. Bununla yanaşı, “Böyük Qayıdış” yalnız əhali miqrasiyası deyil, həm də geniş miqyaslı bərpa, yenidənqurma və reinteqrasiya prosesi kimi qiymətləndirilir .  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu prosesi milli inkişafın yeni mərhələsi adlandıraraq bildirib ki, “biz artıq azad edilmiş torpaqlarda həyatın bərpası üçün praktiki işlərə başlamışıq və bu, təkcə şəhərlərin, kəndlərin yenidən qurulması deyil, eyni zamanda insanların oraya qayıtması və rifah şəraitində yaşaması üçün hərtərəfli şərait yaradılması deməkdir” . Bu baxımdan “Böyük Qayıdış” həm dövlət idarəçiliyi, həm də milli ideologiya səviyyəsində prioritetə çevrilmişdir. Konsepsiya üç əsas istiqaməti əhatə edir: fiziki qayıdış, yəni keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi; sosial və iqtisadi reinteqrasiya, yəni bu ərazilərdə dayanıqlı yaşayış və iş imkanlarının yaradılması; və mənəvi-mədəni bərpa, yəni tarixi-mədəni irsin qorunması, milli yaddaşın dirçəldilməsi və ictimai bağların yenidən qurulması . “Böyük Qayıdış” anlayışı həm də Azərbaycanın postmünaqişə dövründə dövlət quruculuğu və regional sabitlik siyasətinin mərkəzi elementi kimi çıxış edir. Bu ideya ətrafında formalaşan siyasət uzunmüddətli perspektivdə Qarabağ və Şərqi Zəngəzurun ölkənin ümumi sosial-iqtisadi inkişafına inteqrasiyasını təmin etməyə yönəlmişdir .

Qanunvericilik və dövlət proqramları

“Böyük Qayıdış” konsepsiyasının uğurla həyata keçirilməsi üçün dövlət tərəfindən kompleks hüquqi və institusional baza yaradılmışdır. Bu baxımdan əsas sənəd 2022-ci ildə təsdiqlənmiş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” olmuşdur. Proqramda işğaldan azad edilmiş bölgələrin mərhələli şəkildə bərpası, oraya əhalinin qayıdışı və sosial-iqtisadi həyatın yenidən qurulması üçün konkret hədəflər, icra mexanizmləri və məsul qurumlar müəyyən olunmuşdur . Dövlət Proqramı beş əsas istiqaməti əhatə edir:

(1) ərazilərin minalardan və hərbi təhlükələrdən təmizlənməsi;

(2) zəruri infrastrukturun bərpası və qurulması;

(3) sosial xidmətlərin təşkili (təhsil, səhiyyə, sosial təminat və s.);

(4) iqtisadi inkişaf və məşğulluğun təmin edilməsi;

(5) əhalinin qayıdışı və yaşayışının təşkilinə yönəlmiş tədbirlər .

Bu mərhələli yanaşma müasir dövlət planlaşdırmasının və təhlükəsizlik prioritetlərinin uzlaşdırılmış modelini təklif edir. Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq qanunvericilik aktlarında da məcburi köçkünlərin hüquqlarının qorunması və onların könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək hüquqi öhdəlik kimi təsbit olunmuşdur. Bundan əlavə, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində yerini dəyişmiş şəxslərin) statusu haqqında” Qanun, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları” və digər normativ sənədlər bu prosesi dəstəkləyən hüquqi çərçivəni təşkil edir . Qanunvericilik və proqram təminatı təkcə daxili məsələlərlə məhdudlaşmır, eyni zamanda beynəlxalq hüquq normalarına və BMT-nin məcburi köçkünlərlə bağlı sənədlərinə uyğun şəkildə tərtib edilmişdir. Bu, Azərbaycanın qayıdış prosesinə hüquqi legitimlik qazandırmaqla yanaşı, beynəlxalq tərəfdaşlıq imkanlarını da genişləndirmişdir .

İnfrastruktur və iqtisadi inkişaf layihələri

“Böyük Qayıdış” çərçivəsində həyata keçirilən infrastruktur layihələri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası və dayanıqlı iqtisadi sistemin formalaşdırılması üçün əsas baza rolunu oynayır. Bu prosesin mühüm tərkib hissəsi – şəhərsalma və kəndsalma strategiyalarının həyata keçirilməsidir. İlk pilot layihələrdən biri olan Zəngilan rayonunun Ağalı kəndi “ağıllı kənd” modeli üzrə tamamilə yenidən qurulmuşdur və burada müasir texnologiyalar, yaşıl enerji sistemləri, rəqəmsal xidmətlər tətbiq olunmuşdur . Şuşa, Füzuli, Laçın, Qubadlı və digər bölgələrdə də şəhərsalma layihələri geniş miqyasda aparılır. Məsələn, Füzuli şəhərində hava limanı tikilmiş, Zəngilan və Laçında beynəlxalq hava limanlarının inşası da başa çatdırılmışdır. Bu layihələr yalnız nəqliyyat şəbəkəsini deyil, həm də regionun iqtisadi cazibədarlığını artırır və xarici investorlar üçün yeni imkanlar yaradır . Bundan əlavə, elektrik enerjisi, su təchizatı, rabitə və digər kommunal infrastrukturun bərpası və müasirləşdirilməsi də diqqət mərkəzindədir. “Yaşıl enerji zonası” konsepti çərçivəsində Kəlbəcər, Laçın və Zəngilanda hidroelektrik stansiyalar bərpa olunur və yeni günəş, külək enerjisi layihələri planlaşdırılır. Bu yanaşma regionda dayanıqlı enerji təminatı ilə yanaşı, ekoloji tarazlığın qorunmasına da xidmət edir . İqtisadiyyatın canlandırılması məqsədilə azad olunmuş ərazilərdə sənaye parkları və kənd təsərrüfatı klasterləri yaradılır. Ağdam Sənaye Parkı bu baxımdan mühüm layihədir və burada bir sıra yerli və xarici şirkətlər artıq fəaliyyətə başlamaqdadır. Eyni zamanda, kənd təsərrüfatı üçün yararlı torpaqların istifadəyə verilməsi ilə məşğulluğun artırılması və regionun ərzaq təminatında rolu gücləndirilir . “Böyük Qayıdış” yalnız fiziki yenidənqurma deyil, eyni zamanda iqtisadi canlanma vasitəsilə bu torpaqların dayanıqlı sosial-iqtisadi sistemə inteqrasiyasını təmin edən kompleks dövlət strategiyasıdır.

Mədəni və sosial reabilitasiya

İşğaldan azad olunmuş ərazilərdə həyatın tam bərpası yalnız fiziki və iqtisadi infrastrukturun qurulması ilə deyil, həm də mədəni və sosial dəyərlərin yenidən dirçəldilməsi ilə mümkündür. Bu baxımdan, mədəni reabilitasiya “Böyük Qayıdış” prosesinin əsas istiqamətlərindən biridir. Şuşa şəhəri bu prosesin mərkəzində yer alır. Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin “Şuşa ili” elan olunması, bu qədim mədəniyyət mərkəzinin simvolik və funksional əhəmiyyətini daha da artırdı. Şuşada musiqi festivalları, teatr tamaşaları, sərgilər və digər mədəni tədbirlərin təşkili ilə şəhərin tarixi-mədəni ruhu bərpa olunur. Xüsusilə “Xarıbülbül” musiqi festivalı milli-mədəni irsin canlandırılmasında mühüm rol oynayır. Bundan başqa, bölgədə məscidlərin, kilsələrin, tarixi abidələrin bərpası da mədəni reabilitasiyanın tərkib hissəsidir. Ağdam, Füzuli, Zəngilan və digər rayonlarda mədəni irs obyektlərinin bərpası UNESCO və İSESCO ilə əməkdaşlıq çərçivəsində aparılır . Bu, həm daxili milli kimliyin qorunması, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək baxımından əhəmiyyətlidir. Sosial reabilitasiya isə əhalinin psixoloji və sosial uyğunlaşması, onların sosial xidmətlərə çıxışı, icma həyatı və təhsil imkanları ilə bağlıdır. Məcburi köçkün ailələrinin doğma yurdlarına adaptasiyası üçün psixoloji dəstək proqramları, cəmiyyətin reinteqrasiyasına yönəlmiş sosial layihələr həyata keçirilir. Təhsil müəssisələri, səhiyyə obyektləri və ictimai mərkəzlər inşa olunaraq bu sahədə vacib boşluqlar aradan qaldırılır . Eyni zamanda, mədəni və sosial reabilitasiya prosesi yalnız keçmişi bərpa etməyi deyil, gələcək nəsillərə müasir şəraitdə milli dəyərləri yaşatmağı da qarşısına məqsəd qoyur. Bu prosesin davamlı olması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusən də gənclərin fəal iştirakı təşviq olunur.

Təhlükəsizlik və minalardan təmizləmə tədbirləri

İşğaldan azad olunmuş ərazilərin bərpası prosesinin əsas prioritetlərindən biri təhlükəsizliyin təmin edilməsi və həmin ərazilərin minalardan və digər partlayıcı maddələrdən təmizlənməsi məsələsidir. Azərbaycanın müvafiq dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Minalardan Təmizləmə Agentliyi (ANAMA) və digər əlaqədar təşkilatlar bu istiqamətdə genişmiqyaslı əməliyyatlar həyata keçirirlər. Minalardan təmizləmə əməliyyatları bölgənin sakinləri üçün ən önəmli təhlükəsizlik məsələsi olmaqla yanaşı, həm də inkişaf üçün əsas şərtlərdən biridir. Minalar və partlayıcı maddələr bölgədə uzun müddət fəaliyyət göstərən bir çox infrastruktur layihələrinin həyata keçirilməsinə maneə törədir, bununla yanaşı, insanların həyatını da təhlükəyə atır . Minalardan təmizləmə prosesləri yüksək dəqiqliklə həyata keçirilir və hər bir minalanmış ərazinin tərkibi xüsusi olaraq araşdırılır. Bundan başqa, Azərbaycan dövləti beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqı ilə əməkdaşlıq edərək, minalardan təmizləmə üzrə müasir texnologiyaların tətbiqini təmin edir. Yüksək texnologiyalar və robotik sistemlər bu prosesdə mühüm rol oynayır. Yeni texnologiyaların tətbiqi, təmizlənmiş ərazilərin daha sürətli və effektiv şəkildə istifadəyə verilməsini təmin edir. Təhlükəsizlik məsələləri təkcə minalardan təmizləmə ilə məhdudlaşmır. Ərazilərin gələcəkdəki təhlükəsizliyinin təmin edilməsi üçün təhlükəsizlik infrastrukturu qurulur. Bu, həmçinin bölgələrdə hərbi və polis xidmətlərinin möhkəmləndirilməsi, sərhəd və yerli təhlükəsizlik strukturlarının koordinasiyasının gücləndirilməsi deməkdir. Təhlükəsizliyin təmin edilməsi və minalardan təmizləmə işləri, eyni zamanda, insanların geri qayıtmasının və gündəlik həyatlarını yenidən qurmasının ön şərtidir. Bu istiqamətdə görülən işlər, bölgənin sosial və iqtisadi bərpasına da böyük təkan verir.

Böyük Qayıdışın gələcəyi: Potensial və çağırışlar

“Böyük Qayıdış” Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafı ilə bağlı ən böyük strateji layihələrdən biridir. Gələcəkdə bu prosesin davamlı və uğurlu olması üçün müxtəlif potensial imkanlar və qarşıya çıxan çağırışlar nəzərə alınmalıdır. Əsas məqsəd, bu əraziləri yalnız bərpa etmək deyil, həm də dayanıqlı inkişaf və regional sabitlik təmin etməkdir.

Potensial imkanlar arasında ilk növbədə həmin ərazilərin təbiət resursları və strateji mövqeyi diqqətəlayiqdir. Şərqi Zəngəzur və Qarabağ regionları Azərbaycanın zəngin təbii sərvətlərinə sahibdir. Bu ərazilərdəki mədənçilik, kənd təsərrüfatı və enerji sektoru kimi sahələr genişlənərək, ölkənin iqtisadiyyatını daha da gücləndirə bilər . Bununla yanaşı, bölgənin nəqliyyat şəbəkəsinin inkişafı və ticarət əlaqələrinin genişlənməsi Azərbaycana yeni bazarlara çıxış imkanı verəcəkdir. Bundan başqa, bu regionların turizm potensialı da böyükdür. Qarabağ və Şərqi Zəngəzur regionları zəngin mədəni irsə və təbii gözəlliklərə malikdir. Ekoturizm və mədəni turizm sahələrində inkişaf üçün böyük potensial mövcuddur . Bu, həm daxili, həm də xarici turistləri cəlb edərək, yerli əhalinin məşğulluğunu və bölgənin iqtisadiyyatını gücləndirə bilər. Ancaq “Böyük Qayıdış” prosesində qarşıya çıxan çağırışlar də olduqca mürəkkəbdir. Birincisi, regionların sosial və psixoloji reabilitasiyası məsələsidir. Məcburi köçkünlərin yurdlarına qayıtması və yeni şəraitə uyğunlaşması asan olmayacaqdır. Bunun üçün həm dəqiq planlaşdırılmış psixoloji dəstək proqramları, həm də sosial xidmətlər lazımdır. İnsanların yeni həyat tərzinə adaptasiyası, onların hüquqlarının qorunması və ailələrin həyat keyfiyyətinin yaxşılaşdırılması çox vacibdir. İkinci böyük çağırış, təhlükəsizlik məsələləridir. Minalardan təmizləmə, hərbi və mülki təhlükəsizlik arasında uyğunluğun təmin edilməsi, regionda sabitliyin qorunması mühüm əhəmiyyət kəsb edir. Bu məsələlər təkcə ölkə daxilində deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həllini tapmalıdır. Üçüncü çağırış isə ekoloji məsələlər ilə bağlıdır. Dağılmayan və ya məhv olmuş ərazilərdə ekoloji tarazlığın bərpası və təbii resursların düzgün istifadəsi üçün beynəlxalq ekspertlərin dəstəyi və müasir texnologiyaların tətbiqi mühüm rol oynayacaqdır.

Gələcəkdəki inkişaf prioritetləri

“Böyük Qayıdış” layihəsinin gələcəyinə dair inkişaf prioritetləri yalnız ərazilərin fiziki bərpası ilə məhdudlaşmamalıdır. Bu, həmçinin sosial, iqtisadi və mədəni inkişafı əhatə edən genişmiqyaslı bir hədəf olmalıdır. Gələcəkdəki inkişafın əsas prioritetləri arasında ekonomik diversifikasiya, infrastruktur inkişafı və sosial xidmətlər yer alır. İqtisadi diversifikasiya Qarabağ və Şərqi Zəngəzur ərazilərində yalnız kənd təsərrüfatı və mədənçiliyə əsaslanmamalıdır. Bölgədə yüksək texnologiyalar, innovativ sənaye sahələri və yüksək texnoloji istehsal sahələrinin inkişafı üçün əlverişli şərait yaranır. İnnovativ startaplar, rəqəmsal iqtisadiyyat və ekoloji davamlılıq kimi sahələrdə də yeni imkanlar açılacaqdır. Bu sahələrdə yeni iş yerlərinin yaradılması və məhsuldarlığın artırılması həm bölgənin, həm də ümumilikdə Azərbaycanın iqtisadiyyatının inkişafına təkan verəcəkdir. Eyni zamanda, nəqliyyat infrastrukturu Qarabağ və Şərqi Zəngəzurda strateji əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Ceyhan və digər beynəlxalq nəqliyyat şəbəkələrinin inkişafı, bölgənin ticarət və iqtisadi əlaqələrini genişləndirəcəkdir. Bu, həmçinin qlobal bazarlarla əlaqələrin gücləndirilməsi və logistika mərkəzlərinin yaradılması baxımından vacibdir. Bununla yanaşı, yenilənə bilən enerji resursları və enerji səmərəliliyi sahələrində də mövcud potensialdan faydalanmaq lazımdır. Sosial xidmətlər sahəsində təhsil, səhiyyə, sosial təhlükəsizlik və iqtisadi inkişafın bərabər paylanması vacib prioritetlərdən biridir. Əhalinin keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə çıxışı, regionda yüksək əmək bazarının inkişafını stimullaşdıracaqdır. Bu, həmçinin insan kapitalının inkişafı və sosial inteqrasiyanı təmin edəcəkdir.

Regional və beynəlxalq əməkdaşlıq

Böyük Qayıdış layihəsinin uğuru yalnız daxili resurslarla deyil, həm də regional və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlərə əsaslanır. Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və inkişafı üçün müxtəlif beynəlxalq təşkilatlar, donor dövlətlər və mütəxəssislərlə əlaqələrin qurulması önəmli yer tutur. Bu əməkdaşlıq, həm ərazilərin bərpası, həm də regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar bu məsələdə mühüm rol oynayır. Xüsusilə BMT, Avropa İttifaqı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi təşkilatlar Azərbaycanla əməkdaşlıq edərək bərpa işlərində iştirak edirlər. Bu əməkdaşlıq, yalnız maddi və texniki dəstəkdən ibarət deyil, həm də humanitar yardımlar və minalardan təmizləmə əməliyyatları kimi sahələri əhatə edir. Beynəlxalq ekspertlər və texnologiyalar bu layihələrin həyata keçirilməsini sürətləndirir və daha effektiv edir. Regiondaki digər ölkələrlə əlaqələr də böyük əhəmiyyət kəsb edir. Azərbaycan, Gürcüstan və Türkiyə ilə sıx əlaqələr quraraq, regional inkişaf üçün müştərək layihələr həyata keçirir. Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri, bu ölkələr arasında ticarət əlaqələrini gücləndirəcək, iqtisadi inteqrasiyanı artıracaq və müsbət təsir göstərəcəkdir. Bu, yalnız iqtisadi inkişafı təmin etmir, eyni zamanda regionda siyasi sabitliyin qorunmasına xidmət edir. Beynəlxalq sərmayələrin cəlb edilməsi və iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın gələcək inkişafını təmin edəcəkdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə beynəlxalq investisiyaların axını, həmçinin turizm, enerji və kənd təsərrüfatı sahələrində müxtəlif tərəfdaşlıq imkanları yaradır. Bu sahələrdə beynəlxalq təcrübədən faydalanmaq və əməkdaşlıq etmək, həm Azərbaycanın inkişafına, həm də regional sabitliyin möhkəmlənməsinə xidmət edir. Böyük Qayıdış layihəsi Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və inkişafı üçün böyük potensiala sahibdir.  Böyük Qayıdışın həyata keçirilməsi Azərbaycanın milli birliyi və sosial sabitliyi üçün yeni bir mərhələ açır. Bu layihə həmçinin Azərbaycanın iqtisadi müstəqilliyini artırır, regionun beynəlxalq ticarət yollarına qoşulmasını təmin edir və ölkənin mədəni irsini qoruyur.  Bu layihə, həm də Azərbaycanın regional liderliyini və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcəkdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli iqtisadi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev: “Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir”.

Murtəza Həsənov,
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı,S.e.f.d. dosent.