“Böyük qayıdış” ərəfəsində köçkünlərlə üçüncü dialoq-FOTOLAR

Fevralın 22-də Mingəçevir Media Mərkəzində üçüncü dialoqa həm universitetdə çalışan xanımlar, həm də işsiz kişilər qatılıblar. Xocalı, Ağdam, Qubadlı və Laçından köçkün düşmüş bu insanlar acı xatirələrini bir daha bölüşüblər.

Saat yarım davam edən dəyirmi masada köçkünlərin qayıdışı ilə bağlı məqamlar müzakirə olunub. Qubadlıdan olan Elman Xəlilov və Faiq Məmmədov, Laçından köçkün düşmüş Zülfüqar Abdullayev dövlətin dəstəyilə tezliklə qayıdacaqlarına ümid etdiklərini bildirblər. Onların dediyinə görə, bu şəhərdə daimi iş tapa bilməyiblər. Çünki öz rayonlarında maldarlıqla məşğul idilər, şəhərdə isə belə imkan olmayıb.

Amma Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakultəsinin dekan müavini Flora Namazova həm də ailəsinin Ağdamdakı ənənəsinə sadiq qalıb: “Mən Mingəçevirə gələndən sağ sahil qəsəbəsində kirayədə yaşayıram, üstəlik mal-qaraya baxıram. Qayıtmaq üçün ürəyim də gedir. Amma orda mənə həm elmi fəaliyyətimlə, həm də öz fərdi təsərrüfatımla məşğul olmağa şərait yaradılacaqlarmı?”

MDU-nun Mühəndislik fakultəsi informasiya texnologiyaları kafedrasının baş müəllimi Zemfira Əliyeva hesab edir ki, yaxın illərdə “Qarabağ Universiteti”nin açılacağı realdır: “Amma harada yerləşəcək? Yəqin ki, ən münasib yer Ağdamdır. Belə olan halda mənim Qubadlının kəndindən bu universitetə dərs deməyə gəlməyim nə dərəcədə realdır?”

Universitetin Humanitar fənlər kafedrasının müəllimi Tahirə Quliyeva 30 il qabaq Rusiyanın 366-cı alayının köməyilə Xocalıda soyqırım törədən erməni silahlı birləşmələrinin bu gün həmin ərazidə  qalmasından narahatdır: “Mən də səbirsizliklə öz doğma torpağıma-Xocalıya qayıtmaq istəyirəm. Gəlin görək rus sülhməramlıları bunu istəyrlərmi?”

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adlı layihəsi çərçivəsində baş tutan görüşdə layihə rəhbəri Fərman Nəbiyev və ELTV-nin “Səhər” proqramının aparıcısı İnqlab Şirinov “Böyük qayıdış” ərəfəsində hökumətin gördüyü işlərə diqqəti yönəldiblər.

2022-ci il fevralın 1-dən aprelin sonunadək davam edəcək layihə  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihə çərçivəsində 3 dialoqun keçirilməsi, 11 məcburi köçkün məntəqəsində 110 nəfər arasında qayıdışla bağlı sorğular aparılması, 3 kiçik sənədli film çəkilməsi və və hökumətə təkliflər hazırlanması nəzərdə tutulub.