“Biz dəyişiklik toxumunu səpə bildik”-Layihə rəhbəri

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci ilin fevral ayının əvvəlindən başlayaraq, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyilə ECSOFT proqramı çərçivəsində “Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsini həyata keçirir

Biz layihənin planına uyğun olaraq, fevral ayı ərzində 4 məktəbin 105 valideyni arasında  “Təhsilin idarə olunmasında valideynlərin rolu” barədə ənənəvi sorğular keçirdik. Sorğuda 10 əsas suala cavab verildi.

Sorğu zamanı valideynlərdən soruşduq ki, onlar  övladlarının dərs aldığı məktəbdə təhsilin səviyyəsindən razıdırlarmı? Müəllimlərin şagirdləri daha yaxşı öyrətməsi üçün nə etmək lazımdır? Şagirdin repetitor yanına getməsi hansı zərurətdən yaranır? Məktəbdə yaxşı dərs keçilməsi, uşaqların yaxşı təhsil alması, təhsilin yaxşı idarə olunması üçün nə etmək olar? Ən başlıcası, məktəblərin idarə olunmasında valideynlərin aktivliyini necə artırmaq mümkündür? Və məktəb rəhbərliyi yanında ictimai şura yaradılsa, onun üzvləri nə kimi fəaliyyət göstərə  bilərlər? Biz bu nəticələr əsasında real durumu araşdırmaq istədik. Məqsədimiz təhsilin idarə olunmasında valideynlərin aktiv iştirakına nail olmaqdır.

Mart ayında məktəblər üçün Nümunəvi Nizamnamə və Fəaliyyət Planı, İctimai Şuranın Əsasnaməsinin layihəsi hazırlayıb, valideynlər, həm də məktəblərin müəllim və rəhbərləri ilə müzakirələr apardıq.

Aprel ayının əvvəllərində müzakirələr məktəb direktorları, aktiv valideynlər və Mingəçevir Dövlət Universitetinin professor-müəllim heyətinin iştirakilə davam etdirdik. Yeri gəlmişkən, universitetin hüquqşünas və alimləri İctimai Şuranın Əsasnaməsinin təkmilləşdirilməsi, qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün kifayət qədər ciddi töhfələr verdilər. Bundan sonra İctimai Şuraların Əsasnaməsini təsdiq olunmaq üçün məktəb direktorlarına göndərdik.

Aprel ayının sonlarından etibarən məktəblərdə ictimai şuraların yaradılmasına başladıq.  Aprelin 29-da 11 saylı, mayın 5-də 10 saylı, mayın 11-də 4 saylı, mayın 17-də isə 3 saylı tam orta məktəblərdə ictimai şuraların formalaşdırılması üçün valideyn yığıncaqları keçirdik. Hər görüşdə 50-70 valideyn müzakirələrdə iştirak etdi. Nəticədə 11 saylı məktəbdə 11 üzvdən, 10 saylı məktəbdə 9 üzvdən, 4 saylı məktəbdə 8 üzvdən, 3 saylı məktəbdə isə  9 üzvdən ibarət ictimai şuralar valideynlər tərəfindən seçildi. Hər bir məktəbdə şuranın ilk iclasında şura sədri, müavini və katibi də seçildi.

Seçimlər tam demokratik şəraitdə keçdi. Biz məktəblərin direktorlarını və tədris hissə müdirlərini yığıncaqlara dəvət etmədik. Valideynlər təhsildə olan problemləri, məktəblərdə olan nöqsanları söylədilər. Bütün məktəblərdə çatışmazlıqlar  eynidir: Məktəblilərin geyimləri, şagirdlər üçün tualetlərdə olan problemlər, məntiq dərsinin keçirilməməsi,  dərsliklərdəki mövzuların Dövlət İmtahan Mərkəzinin qəbul imtahan sualları ilə uzlaşmaması, psixoloqların fəaliyyət göstərməməsi, tədris proqramının çətin olması, yuxarı sinif şagirdlərinin dərs saatlarında repititor yanında hazırlaşması və s. Valideynlər Təhsil Nazirliyinin məktəblərə laqeyd münasibətindən narazılıqlarını bildirdilər. Onlar çıxış yolunu İctimai Şuraların yaradılmasında gördülər. Ona görə də onlar namizədlərini irəli sürdülər, səs verdilər və ümidlə şura üzvlərini alqışladılar.

Məktəblərdə ictimai şuralar yaradılacağı halda ona inanmayanlar da oldu. Lakin  onun effektiv fəaliyyət göstərə biləcəyinə inananlar isə kifayət qədər çoxdur. Elə sorğularda verilən suala 81,9 faiz İctimai Şuranın məktəbin fəaliyyətinə nəzarət edə biləcəyini düşünürdü. İctimai Şuranın vətəndaş cəmiyyəti strukturlarında iştirakdan boyun qaçıran insanlarla işləyəcəyinə və onları maarifləndirəcəyinə ümid edirlər.

Bu, çox müsbət haldır ki, artıq valideynlər kənarda qalmaq istəmirlər. O ki qaldı yeni formalaşan ictimai şuralara, düşünürəm ki, seçilən insanlar ümidləri doğruldacaqlar. Ən azından  valideynlərin məktəbə soyuq münasibətini dəyişə biləcəklər. Təbii ki, 4 ay ərzində təhsili ayaq üstünə qoymaq mümkün deyil. Biz bunu layihə başlayanda da bilirdik. Amma dəyişiklik toxumunu səpə bildik. Biz valideynlərlə  müəllimlərin birgə əməkdaşlığına, təhsilin məktəbə qaytarılması və sağlam məktəb imicinin formalaşacağına inanırıq.

Məktəbin Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı işlərdə Pedaqoji Şura Valideyn Şurası ilə birgə işləməli və bütün fəaliyyətlərə nəzarəti birgə həyata keçirəcəklər.

Bütün bu məsələlərin həllində valideynlərin və vətəndaş cəmiyyətinin aktivliyi mühüm rol oynayacaq. Milli Məclis, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, digər dövlət qurumları görməlidirlər ki, vəziyyət dəyişir və təhsili daha köhnə qaydalarla idarə etmək olmaz. Biz həmin qurumlar qarşısında müsbət təcrübələrə əsasən davamlı təkliflər irəli sürəcəyik.

Yeganə Nəbiyeva,

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin idarə heyətinin üzvü.

“Valideynləri məktəbin idarəçiliyinə cəlb edək” layihəsinin rəhbəri

Mənbə:mi-news.az