Başlıbel faciəsi Koreya mətbuatında

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Başlıbel faciəsi haqqında məqalə Cənubi Koreyanın nüfuzlu “The Korea Post” qəzetində yayımlanıb.
Bakupost.az xəbər verir ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin müəllifi olduğu “Erməni kimliyinin gizli qalan gerçəyi – Başlıbel faciəsi” başlıqlı məqalədə ermənilərin 1993-cü ildə Kəlbəcərin Başlıbel kəndində törədilən qırğından bəhs edilir.

Müəllif qeyd edib ki, 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Onların bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Kənd sakinlərindən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar. Lakin onlar cəmi 18 gün gizlənə bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı yerləri tapıb onların üzərinə silahlı hücuma keçdilər. Kənddən bir qədər yuxarıda yerləşən kahalara sığınan sakinlərə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürüldü, 18 nəfər isə qətlə yetirildi. Sağ qalan 30 nəfər sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər.

Məqalədə, həmçinin Ermənistan tərəfindən 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi Ağdaban, Qaradağlı qətliamlarından da söz açılır.
Qeyd: Məqalənin Koreya dilində yayımlanan versiyası üçün buraya keçid edin.